Sabunçuda oğurluq: Polis hadisəni “uşaq işi” adlandırır


Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, II sahə yaşayış massivində Rəfael İsmayılova məxsus evdə oğurluq hadisəsi baş verib.

AzNews.az-a daxil olan məlumata görə, naməlum şəxs evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Hadisə sentyabrın 11-də günorta saat 13.00 radələrində bas verib. Evdə adamın olmadığından istifadə edən oğrular evə arxa otağın pəncərəsindən daxil olub. Hadisə barədə dərhal polisə məlumat verilsə də, ötən 20 gün müddətində istintaq heç bir nəticə verməyib.

R.İsmayılov AzNews.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bu müddət ərzində oğruların tapılması mümkün olmayıb: "Hadisə barədə dərhal 102 xidmətinə məlumat verdik. Polis əməkdaşları gəldi və araşdırmalar başlandı. Ancaq 20 gün keçib və heç bir nəticəsi yoxdur. Bu müddət ərzində polis əməkdaşları ancaq iki dəfə evə gəlib - hadisə baş verən gün və hadisədən bir neçə gün sonra. Bir neçə qonşu polis bölməsinə aparılaraq ifadələri alınıb. Bundan başqa heç bir istintaq hərəkətləri aparılmır".

Oğurluq hadisəsinin araşdırması ilə məşğul olan Sabunçu rayon 12-ci polis bölməsinin əməliyyat müvəkkili Faiq Qasımov AzNews.az-a faktla bağlı istintaq aparıldığını bildirib: "Həmin işlə bağlı lazımı əməliyyat tədbirləri həyata keçirilir. Heç bir cinayət bağlı qalmır, gec-tez açılır. Bu işlə bağlı da bəzi məlumatlar gəlir, biz daxil olan bütün məlumatları araşdırırıq. Ola bilsin ki, cinayət 6 aya, ola bilsin ki, 1 ilə açılsın".

Bu müddətdə oğrunun əldə etdiyi qızıl-zinət əşyalarını sata biləcəyi ehtimalına gəlincə, əməliyyat müvəkkili bunu istisna etməyib: "Elə oğru var ki, 2 saatın içərisində oğurladığı malı satır. Sonradan biz həmin malın harada, kimə satıldığını müəyyənləşdirib sahibinə qaytarılmasını təmin edirik. Bu cinayət də açılacaq".

Faktla bağlı şübhəli şəxs qismində hələlik heç kəsin saxlanılmadığını deyən F.Qasımov oğruluğun əvvəlcədən planlaşdırılmadığı qənaətindədir: "Biz belə düşünürük ki, bu oğurluq əvvəlcədən planlaşdırılmayıb. Hadisə günorta baş verib, ev insanların gur olduğu ərazidə yerləşir, evi kiminsə izlədiyi güman olunmur. Daha çox yoldan keçən şəxsin və ya uşaq işinə bənzəyir".

Elnarə
AzNews.az