Əli İnsanov oktyabrın 28-də azadlığa çıxır – Vəkili danışır

Keçmiş səhiyyə naziri Əli İnsanovun Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə qarşı iddiası üzrə oktyabrın 17-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb.

Bu barədə məlumatı AzNews.az-a Əli İnsanovun vəkili Toğrul Babayev verib. Vəkilin sözlərinə görə, hakim prosesin təxirə salınmasını Əli İnsanovun məsələsinin oktyabrın 28-də Ali Məhkəmənin Plenumuna çıxarılacağı ilə əlaqələndirib. Vəkil bildirib ki, Plenumda məsələ müzakirəyə çıxarıldıqdan sonra yaxın günlərdə Əli İnsanovun azadlığa buraxılması da gözləniləndir.

Qeyd edək ki, Avropa Məhkəməsi işgəncənin qadağan edilməsi və ədalətli məhkəmə hüququnun təmin olunması maddələri üzrə Ə.İnsanovun hüquqlarının pozulduğunu təsbit edib. Qərar iyunun 14-də qüvvəyə minib. Azərbaycan qanunvericiliyinə görə, Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə daxil olduqdan 3 aydan gec olmayaraq hakimlərdən birinə təqdim edilməli və plenuma çıxarılmalıdır. Vəkillər iyulun 10-da Avropa Məhkəməsinin qərarının Ali Məhkəməyə təqdim edib.

Elnarə
AzNews.az