Direktor müavini həbs edildi

Tikinti şirkətinin vəzifəli şəxslərinin qanunazidd hərəkətləri ifşa olunub.


Bu barədə Aznews.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Sözügedən tikinti şirkəti - "Afina" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş məlumat araşdırılıb.

Araşdırmalar zamanı MMC-nin direktor müavini, tikinti işləri üzrə direktoru Qüvvətəli Süleymanovun barəsində daxil olan şikayət əsaslı çıxıb.

Belə ki, Cəmiyyətin paytaxtın Yasamal rayonu ərazisində inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı mənzillərlə bağlı saxta müqavilələr ortaya çıxıb. Guya mənzilləri vətəndaşlara satmaq adı altında saxta müqavilələr tərtib edən şirkət yetkilisi onlardan ümumilikdə 429.0 min manat məbləğində əmlakı mənimsəyib. Prokurorluğun məlumatında bildirilib ki, Q.Süleymanovun qabaqcadan əlbir olduğu şəxs də olub. O, əmlakı Rauf Xəlilov adlı şəxs vasitəsi ilə ələ keçirib. Məlumatda Q.Süleymanovun digər qanunazidd hərəkətlər etməsi ilə bağlı əsaslar da olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb.

Q.Süleymanov və R.Xəlilov həbs edilib. Qeyd edək ki, Q.Süleymanov Cinayət Məcəlləsinin 178.3.2 - dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə və 313-cü - vəzifə saxtakarlığında günahlandırılır.

Rauf Xəlilova isə 178.3.2 və 320.1-ci maddələri ilə - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə- ittiham irəli sürülüb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzNews.az