Həbs olunan şair oğlunun əmlakı hərraca çıxarılır - HÖKM

"Texnikabank"ın Bakı filialın keçmiş direktoru, tanınmış iş adamı Zal Yusifovun əmlakı məhkəmə qərarı ilə müsadirə olunması üçün hərraca çıxarılır.

AzNews.az-ın məlumatına görə, noyabrın 22-də Ali Məhkəmədə "Texnikabank"ın Bakı filialında əmanətləri batmış zərərçəkmişlərin kasasiya şikayətinə baxılıb. Hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə 47 nəfər zərərçəkmişin kasasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Məhkəmənin qərarından Zal Yusifovun atası Zakir Yusifov da şikayət vermişdi. O, əmlakının oğluna aidiyyətinin olmadığını, buna görə də əmlakının geri qaytarılmasının istəyib.

Lakin məhkəmə onun da şikayətini rədd edib. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, Vüqar Behbudov isə 7 il müddətinə azadlıqdan məhrum olunub. Zal Yusifovun oğlu İslam Yusifov isə məhkəmə zalında tutularaq, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan 13 nəfər "Texnikabank"ın Bakı filialın keçmiş əməkdaşlarının barəsində isə məhkəmə şərti azadlıqdan məhrum olunma cəzası təyin edib. Məhkəmə qərarında, həmçinin vətəndaşlara dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi tələb olunub.

Həmin hökmdən Zal Yusifov və onun oğlunun verdiyi apelyasiya şikayətləri təmin olunmayıb. Həmçinin məhkəmə qərarından əmanətləri batmış zərərçəkmişlər də şikayət ediblər. Onlar batmış əmanətlərinin bank tərəfindən ödənilməsini istəyiblər. Lakin onlarında şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Zal Yusifovun əmlakları Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən istirahət parkının ərazisində olan "Humay" şadlıq sarayı, həmin qəsəbədə 4 mərtəbəli evi, daha bir neçə maşını müsadirə edilib.

Cinayət işi üzrə 100-dən çox zərərçəkmiş var. Ümumilikdə zərərçəkmişlərə 40 milyondan çox ziyan dəyib. Zərəçəkmişlə arasında tanınmış iş adamları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər də var.

Xatırladaq ki, Zal Yusifov şair Zəki İslamın oğludur.



Məhəmməd
AzNews.az