Nazirlikdən generalla bağlı açıqlama

Müdafiə Nazirliyindən Beyləqandakı hərbi birləşmənin keçmiş komandiri general-mayor Mahmud Həmzəyev və onunla birgə xidmət etmiş polkovnik Elmar Salayevin həbs edilməsi xəbərləri ilə bağlı açıqlama veriblər.

Nazirliyin mətbuat xidmətindən anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, general-mayor Mahmud Həmzəyev və onunla birgə xidmət etmiş polkovnik Elmar Salayev Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etmir.

Nazirliyin mətbuat xidmətindən Silahlı Qüvvələrimizdə kadr islahatlarının aparılması səbəblərinə də aydınlıq gətiriblər: "Aparılan yerdəyişmələr xidmətin səmərəliliyini artırmağa yönəlib",- deyə nazirliyin mətbuat xidmətindən sorğumuza cavab veriblər.

Qeyd edək ki, bir müddət öncə kütləvi informasiya vasitələrində Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri general-mayor Mahmud Həmzəyev və onunla birgə xidmət etmiş polkovnik Elmar Salayevin həbs edilməsi barəsində xəbərlər yayılmışdı.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın müdafiə naziri Zakir Həsənov özünə yeni müavin təyin edib. Nazirin əmri ilə general-leytenant Kərim Vəliyev müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədovun vəzifəsinə təyin edilib.

AzNews.az