"400 yerlik liseyə 1300 şagird qəbul edilib"– Bugünkü aksiyanın təfərrüatı

Bakıdakı Texniki-Humanitar Liseydə keçirilən aksiyanın səbəbləri bəlli olub.

Bununla bağlı AzNews.az-a açıqlama verən liseyin direktoru Simuzər Əliyeva bildirib ki, o, bu təhsil müəssisəsinin rəhbəri vəzifəsinə 3 ay əvvəl təyin edilib. Onun sözlərinə görə, aksiya keçirənlər liseydə normal tədris mühitinin yaradılması istiqamətində aparmaq istədikləri islahatların əleyhdarlarıdır: "Əvvəla deyim ki, məndən əvvəlki məktəb rəhbərliyi liseyə nəzərdə tutulduğundan həddindən çox şagird yığıb. Həmçinin, müəllimlərin dərs saatın şişirdilib. Əslində isə lisey 400 şagird yerlikdir. Lakin məndən əvvəlki rəhbərlik liseyə 1300-dən artıq şagird qəbul edib. Bundan başqa məktəbə səhhətlərində problemi olan uşaqların da qəbulu aparılıb".

S. Əliyeva əlavə edib ki, şagirdlər və bəzi valideynlər aksiyanı keçirməklə, test-sınaq imtahanlarının təxirə salınmasını tələb ediblər: "Tədrisin inkişaf etdirmək məqsədilə ildə iki dəfə test imtahanlarının keçirilməsi qərarlaşdırmışıq. Amma bunlar istəmirlər. Maraqlıdır ki, bu işdə şagirdlərə bəzi sinif rəhbərləri, valideyinlər də dəstək verir. Bu gün liseyimizdə çox aşağı, hətta 2-3 qiyməti alan şagirdlər də təhsil alır. Bizim məqsədimiz isə liseyə savadlı, istedadlı gəncləri toplamaq, onların burada təhsil almalarını təmin etməkdir. Planlaşdırırıq ki, ümumi imtahanlarda yaxşı nəticə toplamayan şagirdləri yaxınlıqdakı məktəblərə köçürək".

Lisey direktoru aksiyanın keçirilməsində əvvəlki rəhbərliyin rolunun olduğunu da istisna etməyib: "Amma ümid edirəm ki, bu belə deyil. Aksiya keçirilən zaman Bakı şəhər Təhsil İdarəsinin əməkdaşları da liseyə gəldilər və şagirdlərin narazılıqları dinlənildi".

S. Əliyeva qeyd edib ki, bu gün saat 17:00 radələrində Bakı şəhər Təhsil İdarəsində məsələ ilə bağlı iclas keçiriləcək. Xatırladaq ki, bu gün Texniki-Humanitar Liseyin şagirdləri aksiya keçirib. Aksiyada bəzi valideynlər də iştirak edib.

Amid
AzNews.az