“Sovetski”nin sökülməsinin ilkin mərhələsi başa çatsa da sakinlərin narazılığı bitmək bilmir. “Sovetski”nin sökülməsinin ilkin mərhələsi başa çatsa da sakinlərin narazılığı bitmək bilmir.

“Ögey ana “Sovetski”dəki evin pulunu alıb qaçdı” – Şikayət

“Sovetski”nin sökülməsinin ilkin mərhələsi başa çatsa da sakinlərin narazılığı bitmək bilmir.



"Sovetski" sakini Mehriban Genç də sökülən mənzilinin payçılar arasında qeyri-bərabər bölünməsi ilə bağlı AzNews.az-a şikayət məktubu göndərib.

O bildirib ki, "Sovetski" adlanan ərazidə yerləşən Abdulla Şaiq küçəsi 109 saylı ünvanda yerləşən mənzilin bərabər payda 3 mülkiyyətçisi olsa da mənzildə konkret bölgü aparılmayıb.

"Yəni mənzilin 1/3 hissəsi mənə, 1/3 hissəsi bacım Nərgiz Qurbanovaya və digər 1/3 hissə isə analığımız Sitarə Əliyevaya məxsusdur. Mənzildə konkret bölgü olmayıb, ona görə də onun tamamı üçümüzün ümumi istifadəsində idi və kupçada da belə yazılıb. Həmin evdə bizim razılığımızla analığımız yaşayırdı. Lakin analıq bizim razılığımız və xəbərimiz olmadan evin 1/3 hissəsi üçün Yasamal İcra Hakimiyyəti ilə alqı-satqı müqaviləsi bağlayıb və vəsaiti alıb evdən köçüb.

Halbuki, bu alqı-satqı zamanı həyətdə ayrıca evləri olan qonşuların belə, notarial qaydada razılığı alınıb. Amma evin 2/3 hissəsinin məxsus olduğu digər iki mülkiyyətçinin razılığını almaq İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrini "maraqlandırmayıb". Təbii ki, bundan xəbər tutandan sonra məhkəməyə müraciət edərək həmin alqı-satqı müqaviləsinin ləğvini və bizim də (bacım və mənim) o evə köçürülməmizin təmin edilməsini tələb etdik".

Bir ay öncə "Sovetski"nin sökülməsi ilə bağlı yaradılan Komissiyada olduğunu deyən şikayətçinin sözlərinə görə, Komissiya onlarla çox etinasız davranıblar.
M.Genç deyib ki, Komissiyada evin 2/3 hissəsi ilə bağlı təkliflərlə razılaşmadığımızı biləndə qısaca, "Gedin məhkəməyə müraciət edin" deyiblər.

"Məhkəmə prosesimiz davam edir. Bu yaxınlarda isə 2-ci şoku yaşadıq. Evimiz tamamilə sökülüb, yerlə yeksan edilib. Mənim, bacımın və uşaqlarımızın qeydiyyatı həmin ünvanadır. Uşaq bağçasına, məktəbə qeydiyyat üzrə ayarış tələb olunur. Biz nə etməliyik? Hal-hazırda faktiki havadayıq. Halbuki, baş nazirin müavini Abid Şərifov özü dəfələrlə qeyd edib ki, razılaşmayanlar öz evində qalıb sağlıqla yaşaya bilər. Biz də o evə köçüb sağlıqla yaşamaq istəyirdik. Biz Azərbaycan vətəndaşlarıyıq. Azərbaycan hüquqi dövlət olsa da bizim mülkiyyət hüquqlarımız kobud şəkildə pozulub, köçürmə komissiyası bizimlə 2-ci sinif vətəndaş kimi davranır. Buradan prezident İlham Əliyevə, onun xanımı Mehriban xanıma üz tutub onlardan yardım diləyirik. Xahiş edirik ki, bizim mülkiyyət hüquqlarımızın bərpa edilməsi üçün köməklik göstərəsiniz", - deyə Mehriban Genç bildirib.




Gültəkin ƏLƏSGƏR
AzNews.az