Bir neçə gün əvvəl başlayan hərbi təlimlərə mülki vətəndaşların cəlb edilməsi, gecə saatlarında gənclərin yığılaraq komissarlığa aparılması əhali arasında müharibə təşvişi yaradıb. Bir neçə gün əvvəl başlayan hərbi təlimlərə mülki vətəndaşların cəlb edilməsi, gecə saatlarında gənclərin yığılaraq komissarlığa aparılması əhali arasında müharibə təşvişi yaradıb.

“Hərbi sirri nazirin özü yayır” - Ekspertdən ağır ittihamlar

Bir neçə gün əvvəl başlayan hərbi təlimlərə mülki vətəndaşların cəlb edilməsi, gecə saatlarında gənclərin yığılaraq komissarlığa aparılması əhali arasında müharibə təşvişi yaradıb.

Sonradan bunun səfərbərlik olmadığı, sadəcə ölkədə keçirilən hərbi təlimlərlə əlaqəli olduğu bildirilsə də, əhali arasındakı şayiələr səngimək bilmir.

Müdafiə naziri Zakir Həsənovun müharibə ruhlu çıxışları, ehtiyatda olan zabitlərin və hərbi qulluqçuların yenidən təlimlərə cəlb olunması bu şayiələrə olan inamı daha da artırır.



Millət vəkillərinin, hərbi ekspertlərin birmənalı olmayan çıxışları isə konkret bir fikrə gəlməyə kömək etmir.

Dünən 2016-cı ilin dövlət büdcəsindən orduya ayrılan vəsaitin artırılması ilə bağlı yayılan məlumatlar "müharibə başlayacaq" kimi fikirləri möhkəmləndirdi.

Belə bir vəziyyətdə jurnalistlər sosial şəbəkələrdə bununla bağlı şəkillər paylaşıb, müxtəlif məlumatlar verirlər. Düşmən tərəfi isə bu məlumatlardan və şəkillərdən faydalanır.

Ötən ilin avqust ayının əvvələrində Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulması nəticəsində bir neçə şəhid verdiyimiz hər kəsə məlumdur. Cəbhə bölgəsinə yollanan jurnalistlərin bəzi həqiqəti əks etdirməyən məlumatlarından, bu məlumatların insanlar arasında panika yaratmasından sonra Müdafiə Nazirliyi mətbuatda bu tip xəbərlərin yayılmasına qadağa qoysa da, bu qadağaya bir müddət əməl edildi. Hazırda sosial şəbəkələrdə müharibə anonslu məlumat və şəkillərin paylaşılması, bu məlumatların mətbuatda da əks olunması bunu deməyə əsas verir.

Bəs "düşmən dəyirmanına su tökən" xəbərlərin yayılmaması üçün nə etmək lazımdır?

Məsələni, daha doğrusu artıq dövlət əhəmiyyətli problemi AzNews.az-a hərbi-ekspert Üzeyir Cəfərov şərh edib.



Bildirib ki, Mətbuat Şurası və aidiyyəti qurumlar hərbi məsələlərlə bağlı yayılan xəbərlərə bir qədər sərt mövqe nümayiş etdirməlidir: "Çox təəsüflənirəm ki, Azərbaycan mediasında çalışan bəzi həmkarlarımız belə kobud səhvlərə yol verirlər. Halbuki mətbuatdakı bu kobud səhvlər haqda geniş müzakirə keçirilib tapşırıqlar verilib.

Müdafiə Nazirliyi hansısa braşura hazırlayıb işini bitmiş hesab edir. Hesab edirəm ki, belə olmamalıdır. Çünki bu müharibə hansısa kənar dövlətin və ya vətəndaşların uğrunda olmayacaq. Bütövlükdə Azərbaycan xalqının öz haqqını bərpa etmək uğrunda aparacağı müharibə olacaq. Düzdür, son vaxtlar mətbuatda yalan hərbi xəbərlərin yayılması ilə bağlı hallar nisbətən azalıb. Amma istənilən halda bizim mətbuat bilərəkdən, ya da bilməyərəkdən belə bir məsuliyyətsizliyə yol verir".

Ü.Cəfərov hansısa hərbi texnikanın yerdəyişməsi ilə bağlı yayılan xəbəri hərbi sirrin açılması kimi dəyərləndirir və bunu jurnalist məsuliyyətsizliyi hesab edir: "Bizim mətbuat texnikanın yerdəyişməsini, səfərbərlik xidməti ilə bağlı müəyyən məlumatları yayır. Düşünürdüm ki, Müdafiə Nazirliyinin müvafiq qurumları profilaktika üçün bir neçə nəfəri məsuliyyətə cəlb edəcəklər. Çünki belə hallar yol verilməzdi. Amma nazirlik braşura buraxmaqla öş işini yekunlaşdırdı.

Mətbuatda, xüsusən də sosial şəbəkələrdə çox lazımsız məlumatlar gedir. O məlumatlar da düşmənin xeyrinə işləyir. Bəzən biz özümüz də bilmədən düşmənə müəyyən məlumatların çatdırılmasında iştirak edirik. Belə hallara yol vermək olmaz. Son dərəcə diqqətli və ehtiyatlı olmaq lazımdır. Çünki bizdə bəzən elə olur ki, insanlar yaydıqları məlumatların içində heç bir məxfiliyin olmadığını düşünürlər. Amma çox rahat şəkildə məlumatların düşmən əlinə keçdiyinin şahidi oluruq. Düşmən də bundan kifayət qədər yararlanır. Mətbuata və saytlara rəhbərlik edən şəxslər son dərəcə məsuliyyət hissi daşımalı, diqqətli və ehtiyatlı olmalıdırlar".


Hərbi-ekspert deyir ki, müdafiə nazirinin hərbi hissələrdə olması ilə bağlı mətbuatda yayılan xəbərlər də hərbi sirrin açılmasıdır:



"Müdafiə naziri və baş qərargah rəisi döyüş bölgəsində hansısa mühüm tədbirlər keçirib, açılışlarda iştirak edirlər. Amma nazirlik və mətbuat guya N saylı hərbi hissə yazmaqla işini bitmiş hesab edir. Əslində isə onlar hərbi sirri birinci yayırlar. Çünki nazirin və baş qərargah rəsisinin yanında həmin rayonun icra başçısı olur. Həmin icra başçısını adı və şəkilləri təkcə Azərbaycanda deyil, Ermənistanda da hamıya bəllidir. Bu zaman nə hərbi sirr oldu? İcra başçısı nazirlə yanbayan dayanırsa, onların harda olduğunu bilmək olur. Belə şeylərə yol vermək olmaz".

Ü.Cəfərovun iradları ilə bağlı Mətbaut Şurasının da mövqeyini öyrəndik. Şura sədri Əflatun Amaşov sözügedən məsələ ilə bağlı monitorinqlərin aparıldığını bildirdi:



"Hazırda jurnalistlərin təmas xəttində olan olayları necə işıqlandırması ilə bağlı monitorinqlər aparılır. Düzdür, bəzi saytlarda bu səhvlərə yol verilir. Amma indiki şəraitdə olan yazılar əvvəlkilərə nisbətən kifayət qədər azdır.

Qanun pozuntusuna yol verən mətbuat orqanlarının redaksiyalarında bu məsələlər müzakirə edilir. Apardığımız monitorinqlərin nəticələrini açıqlayıb, geniş müzakirə aparacağıq. Hər hansı jurnalist baş verən hadisə ilə həmin ərazidə yaşayan qohumuna zəng edərək məlumatlar və şəkillər əldə edir. Belə olan halda qəbul olunmuş qanunları nəzərə almaq lazımdır. Qaydaları bilmək lazımdır. Bununla bağlı kifayət qədər sərt qanunlarımız var. Təmas xəttində baş verən olayların mətbuata sızması düngün deyil. Əgər pis hadisələr baş verirsə, mütləq müvafiq quruma Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb həmin razılaşmadan sonra məlumatı media vasitəsilə ictimaiyyətə çatdırmaq olar.

Təəssüflər olsun ki, bəzi məqamlarda həm obyektiv, həm də subyetiv səbəblərdən sorğular vaxtında cavablandırıla da bilər, geçikdirilə də. Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Ona görə də bu cür hallar baş verəndə ciddi şəkildə Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlanılmalıdır. Onlar da jurnalistin sorğularını imkan daxilində cavablandırmalıdır".

Sevinc Yasinqızı
AzNews.az