- Köhnə - İdman
- 5 Oktyabr 2016 11:47
- 5 150
“...bizdən pul istəyirlər” - Federasiya rəsmisi nazirliyi qınadı

Üzləşdiyi maliyyə problemini aradan qaldırmaq üçün Gənclər və İdman Nazirliyinə müraciət edən Azərbaycan Reqbi Federasiyası qurumdan cavab ala bilməyib.
Bu barədə AzNews.az-a federasiyanın İnkişaf Şöbəsinin layihələr üzrə meneceri Eldar Kərimov məlumat verib.
Onun sözlərinə görə, nazirliyə dəfələrlə müraciət edilsə də, heç bir reaksiya verilməyib: "Bu günə qədər elə böyük nailiyyətlərimiz olmayıb, razıyam. Amma uğur qazanmaq üçün hansısa bir şərait yaradılmalıdır. Amma bizim federasiyaya aidiyyəti qurumların marağı çox aşağı səviyyədədir. Olimpiya oyunlarından sonra bizim federasiyada dəyişiklik olacağına ümid edirdik, lakin o da olmadı. Əvvəllər "Şəfa" stadionunda həftədə bir dəfə pulsuz məşq etməyə icazə verirdilər, indi isə stadionda məşq keçmək üçün pul ödə deyirlər. Bu gün bizim pulumuz yoxdur ki, stadiona kirayə pulu ödəyək. Gənclər və İdman Nazirliyinə dəfələrlə müraciət etmişik. Konkret bir cavab yoxdur. Deyirlər baxarıq, çalışarıq. Bəs niyə çalışmırlar? Bizim indi milli komandamız yaşlılardır. Yeni gənc nəsil toplamalıyıq ki, yaxşı nəticələr verək. Amma buna da maliyyə dəstəyi lazımdır".
Qeyd edək ki, Reqbi Federasiyasına Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin əməkdaşı Eldəgiz Rəfibəyli rəhbərlik edir.
Xatırladaq ki, Parisdə təşkil edilən 1924-cü il Olimpiya Oyunlarından sonra olimpiada proqramından çıxarılan reqbi idman növü 2016-cı ildə Rioda yenidən tamaşaçılara və bu idmanı sevənlərə təqdim olunub.
Aygün İLQARQIZI
AzNews.az