Reynaldo? Biz elə futbolçu tanımırıq! - Türk klubundan gözlənilməz açıqlama

“Qarabağ”ın hücumçusu Reynaldo karyerasını Türkiyədə davam etdirəcək.

AzNews.az Apasport-a istinadən xəbər verir ki, braziliyalı forvard Superliqa təmsilçisi “Adanaspor”la, nəhayət ki, ortaq məxrəcə gəlib. Baş məşqçi Levent Şahinin israrla heyətində görmək istədiyi 27 yaşlı oyunçu klubla hərtərəfli anlaşıb. Lakin transferin detalları barədə məlumat verilməyib.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov əməkdaşımızla söhbətində bu məsələnin aktual olmadığını bildirib: "Reynaldo dünən komanda ilə birlikdə Bakıya qayıdıb. Hazırda kollektivlə birlikdə məşqlərdə iştirak edir. Yəni onun transferi məsələsi gündəmimizdə deyil".

Futbolçunun meneceri Tural Əsgərov isə keçidin baş tutmaq ehtimalının qüvvədə qaldığını söyləyib. O, Superliqanın digər təmsilçisi "Gənclərbirliyi" ilə danışıqların isə dayandığını əlavə edib: "Gənclərbirliyi"də prezidentin ölümündən sonra bu məsələ, demək olar ki, dayandırıldı. Ancaq "Adanaspor"la danışıqlar davam etdirilir. İndidən demək olmaz ki, Reynaldo "Adanaspor"a keçəcək. Hər şey danışıqların gedişindən asılıdı. Ancaq transferin həyata keçmək ehtimalı hələ var".

Məsələ ilə bağlı “Adanaspor” klubunun da mövqeyini öyrəndik. Əməkdaşımızla söhbətində Superliqa təmsilçisinin baş meneceri Murat Daldık braziliyalı ilə maraqlanmadıqlarını deyib: “Kim? Reynaldo? Biz elə futbolçu tanımırıq. Hazırkı transfer siyahımızda o futbolçunun adı yoxdu. Yəni, Reynaldonun “Adanaspor”a keçdiyi ilə bağlı yayılan xəbər doğru deyil”.

Qeyd edək ki, Reynaldo bu mövsüm “Qarabağ”ın heyətində 21 oyunda iştirak edib, 6 qola imza atıb.