Maradona yenidən İtaliyaya qayıtdı

Dünya futboluna iz buraxmış adlardan biri olan Dieqo Armando Maradona uzun müddətdən sonra İtaliyaya geri dönüb. Apasport.az saytının məlumatına görə, futbolçuluq karyerasında Argentinaya dünya kubokunu, "Napol"iyə isə tarixindəki ilk dəfə A seriyasını və UEFA kubokunu qazandıran Maradona sözügedən ölkədə pərəstişkarlarının xoş münasibəti ilə qarşılaşıb.

O, İtaliya səfəri zamanı "Napoli" - "Udineze" matçını izləyəcək və sonra da çərşənbə axşamı günü bir mətbuat konfransı keçirəcək. Maradona mətbuat konfransı əsnasında özünə yönəldilən vergidən yayınma ittihamlarını dəyərləndirəcək.

Qeyd edək ki, 1990-cı illərdə mafiya başçıları ilə gizli razılaşmalar etdiyi iddiasının ortaya atılması və sonra kokain istifadə etdiyinin sübut edilməsindən sonra Maradonanın "Napoli" karyerası başa çatıb. 2005-ci ildə isə İtaliyanın səlahiyyətli şəxsləri Dieqonun bu ölkəyə 37,2 milyon avro vergi borcu olduğunu ifadə etmişdilər. Daha sonra Maradonanın borcunun olmadığı sübuta yetirilmiş və yenidən İtaliyaya dönməsinin yolu açılmışdı.

Maradona bu mövzu ilə bağlı 2011-ci ildə bunları bildirmişdir: "Mən vergidən yayınmamışam. Mən futbol oynadım, digər insanlar mənim adıma razılaşmalar etdi. İtaliyaya geri dönməkdən qorxmuram. Mən heç bir şey imzalamadım. Əsl günahkarlar çöldə və "Napoli"də əlini qolunu yelləyərək gəzir. Mən isə bundan məhrum edilmişəm. Bu heç də ədalətli deyil. Bir hörmətli şəxs kimi İtaliyaya geri dönmək istəyirəm. Çünki heç kimdən heç nə oğurlamamışam".