Mahmud Qurbanov: “Çətinlik olsa, Mircavadovla məsləhətləşəcəm“

"Kəpəz"in yeni baş məşqçisi Mahmud Qurbanov azerisport.az saytına müsahibəsində təyinatından, eləcə də qarşıdakı planlarından danışıb.

- Sizin bu təyinatınız kifayət qədər gözlənilməz alındı...


- Mən özüm də gözləmirdim. Çünki elə bir müddət öncə "Tərəqqi"nin baş məşqçisi təyin olunmuşdum. Heç komandanı ilk oyuna da çıxarmamışdım. Mənə Xanlar Fətiyev (Gəncə Futbol Federasiyasının prezidenti – azerisport.az) zəng etdi və bildirdi ki, məni "Kəpəz"in baş məşqçisi postunda görmək istəyir. Ondan sonra "Kəpəz"in prezidenti Elmir Əliyevlə də görüşüm oldu və razılıq verdim.

- Yeni komandanız mövsümə çox uğursuz başlayıb – üç oyun, üç məğlubiyyət. Elə isə sizin qarşınıza hansı vəzifə qoyulub?


- Komanda hazırda böhrandadı. Uşaqlara özlərinə gəlməkdə kömək etmək lazımdı. Mən yenə gənclərlə işləməyə davam edəcəyəm. Gələcəyin komandasını yaratmağa çalışacağıq. Böyük qələbələr üçün çoxlu və uzun müddət işləmək lazımdı. Burda heç vaxt talantlı futbolçularla bağlı problem olmayıb. Sadəcə, belə uşaqları "Kəpəz"ə cəm etmək lazımdı.

- Bu yolda özünüz üçün əsas problem kimi nələri qeyd edə bilərsiz?


- "Kəpəz"in cəmi iki oyununa baxmışam. Problemlər var. Amma onları belə açıqlamaqla komandanın keçmiş baş məşqçisi Fuad İsmayılova qarşı hörmətsizlik etmiş olaram. Sadəcə, onu deyə bilərəm ki, futbolçular oyun vaxtı konsentrasiyanı tez-tez itirirlər. Əsas problemlərimiz də bundan qaynaqlanır.

- Razısınız ki, baş məşqçi kimi çalışmadığınız halda indi birdən-birə özünüzü riskə atmış oldunuz?


- Risk etmədən qalib gəlmək olmaz. Bilirəm ki, azarkeşlər də mənə böyük ümidlər bəsləyirlər. Onların ümidlərini doğrultmağa çalışacağam. Tənqidlərə də hazıram. Ümumiyyətlə, məşqçinin işi çox çətindi. O, hər an istefaya da hazır olmalıdı. Çünki hansısa postda davam gətirmək çətin məsələdi.

- İlk oyununuzu sabiq komandanıza – "Bakı"ya qarşı keçirəcəksiz...


- Çox istərdim ki, heç olmasa bir xal qazana bilək. "Bakı"nın yaxşı heyəti var. Onlar çempionluğa oynayırlar. Baxmayaraq ki, onlar da hələ qələbə qazana bilməyiblər.

- Siz "Tərəqqi"nin baş məşqçisi təyin olunanda demişdiniz ki, məsləhət lazım olanda, Ağasəlim Mircavadova zəng edəcəksiz...


- Hə, elə indi də elə edəcəm. Çətinlik olan kimi, onunla məsləhətləşirəm. Bunda pis heç nə görmürəm.


AzNews.az