"Azərbaycan Cənubi Qafqazın əsas tranzit və enerji mərkəzidir" - Pərvanə Vəliyeva

"Sülh diplomatiyasını nəqliyyat bağlantıları və enerji təhlükəsizliyi ilə uzlaşdıran Azərbaycan Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq platformasına çevirməyə nail olmuşdur. Ermənistan Konstitusiyasında dəyişikliklərin zəruriliyi kimi bəzi məsələlər hələ də gündəmdə qalsa da, regional münasibətlərin inkişaf istiqaməti beynəlxalq hüquqa və praqmatik əməkdaşlığa əsaslanan normallaşma prosesinə yönəlmişdir. TRIPP layihəsinin vaxtında reallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Dəmir yollarını, avtomobil magistrallarını və digər kommunikasiya xətlərini əhatə edən bu marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunmasına xidmət etməli, eyni zamanda Ermənistana da qarşılıqlı faydalar qazandırmalıdır. Kommunikasiyaların açılması təkcə Azərbaycan-Ermənistan sülhünün dayanıqlığını möhkəmləndirmir, həm də daha geniş regional və beynəlxalq iqtisadi üstünlüklər formalaşdırır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qeyd edək ki, ABŞ və Ermənistan arasında “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə çərçivə sazişinin imzalanması Cənubi Qafqazda yeni geosiyasi müzakirələrə səbəb olub. Vaşinqtonun layihəni regionda sülh, iqtisadi inteqrasiya və rifahın təşviqi baxımından mühüm təşəbbüs kimi təqdim etməsi ABŞ-nin bölgədə artan marağının növbəti göstəricisi kimi qiymətləndirilir. Müşahidəçilərin fikrincə, TRIPP layihəsi təkcə Ermənistanın xarici siyasət kursu ilə bağlı deyil, həm də regionun nəqliyyat-kommunikasiya xəritəsinin gələcək formalaşmasına təsir edə biləcək strateji addım hesab olunur. Bu fonda layihənin Azərbaycan üçün mümkün nəticələri, regional əməkdaşlıq perspektivləri və böyük güclər arasında rəqabətə təsirləri xüsusi maraq doğurur.

Deputatın sözlərinə görə, TRIPP layihəsi regionun Şərqlə Qərbi birləşdirən strateji tranzit mərkəzi kimi əhəmiyyətini daha da artırır.

"Xüsusilə Çini Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə əlaqələndirən Orta Dəhliz Avrasiya bağlantılarının və qlobal təchizat zəncirlərinin şaxələndirilməsinin əsas elementlərindən birinə çevrilib. ABŞ Prezidenti Donald Trampın xarici siyasət kursuna realist yanaşma prizmasından baxdıqda, Vaşinqtonun strateji diqqətinin getdikcə daha çox Orta Dəhliz boyunca formalaşan tərəfdaşlıqlara yönəldiyini görmək mümkündür. ABŞ-Azərbaycan münasibətləri bu strateji istiqamətin ən aydın nümunələrindən biri hesab olunur. ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında mühüm maraqları mövcuddur. Avrasiyanın daha sabit və təhlükəsiz cinaha çevrilməsi Vaşinqtona bir sıra üstünlüklər qazandırır. Bu, Avropa, Yaxın Şərq və Cənubi Asiyada təhlükəsizlik risklərinin və onlarla bağlı yükün azalmasına, ABŞ-nin müxtəlif regionlara çıxış imkanlarının genişlənməsinə, Qərbi Avropanın enerji təhlükəsizliyinin və etibarlı enerji təchizatının güclənməsinə şərait yaradır ki, bu da dolayısı ilə Amerikanın maraqlarına xidmət edir. Eyni zamanda, bu proses ABŞ üçün yeni iqtisadi tərəfdaşlıqların qurulması, investisiya imkanlarının genişlənməsi və xammal resurslarına çıxış baxımından əlavə perspektivlər yaradır. Azərbaycan regionun əsas dayaqlarından biri kimi qiymətləndirilir. Ölkə zəngin təbii resurslara malik olmaqla yanaşı, strateji nəqliyyat və enerji qovşağı funksiyasını da yerinə yetirir. ABŞ maraqlarının Azərbaycan və Ermənistanın uzunmüddətli sülhə nail olmaq istiqamətində göstərdiyi səylərlə üst-üstə düşməsi, eləcə də hər iki ölkənin Vaşinqtonu tərəfdaş qismində prosesə cəlb etməyə çalışması ABŞ-nin regiona marağını daha da artırıb. Xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqazı qlobal bazarlarla əlaqələndirəcək əlavə nəqliyyat-kommunikasiya şəbəkəsi kimi nəzərdə tutulan Zəngəzur dəhlizinin inkişafı bu marağın əsas səbəblərindən biri hesab olunur. Məhz bu amillər ABŞ administrasiyasının Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmasını dəstəkləməsini, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin edəcək nəqliyyat şəbəkəsinin inkişafına və idarə olunmasına investisiya yatırmağa hazır olmasını izah edir. Prezident Donald Trampın regionda daha fəal iştirak etmək niyyəti Vaşinqtonun Orta Dəhlizə artan marağının göstəricisi kimi dəyərləndirilməlidir. Bu, ABŞ-nin Orta Dəhlizin qlobal təchizat zəncirlərinin mühüm və dayanıqlı hissəsinə çevrilməsini dəstəkləməyə, eləcə də onun beynəlxalq ticarət və logistika sistemindəki rolunun gücləndirilməsinə hazır olduğunu nümayiş etdirir".

Rəfiqə Namazəliyeva,

AzNews.az