Makron: Avropa təhlükəsizlik məsələləri üzrə Rusiya ilə dialoqda maraqlıdır

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Avropa qarşılıqlı maraq kəsb edən məsələlər üzrə Rusiya ilə dialoqun qurulmasında maraqlıdır.

Makron bu açıqlamanı Monteneqroda keçirilən Avropa İttifaqı – Qərbi Balkanlar sammitinə qatıldıqdan sonra verib.

“Biz Rusiya ilə ümumi maraqlarımıza aid olan məsələlər üzrə müzakirələrin strukturlaşdırılmasında maraqlıyıq. Buraya öz təhlükəsizlik siyasətimiz, qonşuluq siyasəti və əlbəttə ki, Ukraynanın maraqlarının qorunması daxildir”, – deyə Fransa lideri bildirib.

Makron vurğulayıb ki, Paris hər zaman Moskva ilə Kiyev arasında birbaşa danışıqların tərəfdarı olub.

Fransa prezidenti həmçinin qeyd edib ki, Avropa qitədə gələcək sülh və təhlükəsizlik arxitekturasının müzakirəsində iştirak etməlidir.

“Günün birində Avropa ölkələri də danışıqlar masasında öz yerlərini tutmalıdırlar”, – deyə Makron əlavə edib.

Onun sözlərinə görə, Avropanın təhlükəsizlik və sabitliyi ilə bağlı qərarların qəbulunda qitə dövlətlərinin birbaşa iştirak etməsi vacibdir.

Mövsüm,

AzNews.az