“Qarabağ” darmadağın oldu, Qurban Qurbanov istefadan danışdı

Futbol üzrə Azərbaycan premyer-liqasının 5-ci turunun son oyunu keçirilib. Bakının AZAL klubu öz meydanında Ağdamın "Qarabağ" komandasını qəbul edib və böyükhesablı qələbə qazanıb.

AZAL – "Qarabağ" (6:2)
Qollar: Branislav Arsenyeviç, 13; Junior Nildo, 19; 49; 59; 77; Zuheyr Benuahi, 43 (penalti) // Riçard Almeyda, 81; 87

Oyundan sonra keçirilən mətbuat konfransında komandaların baş məşqçiləri qarşılaşma haqqında fikirlərini bölüşdülər.

Vaqif Sadıqov, AZAL-ın baş məşqçisi: "AZAL azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Bu gün əlimizə düşən imkanlardan maksimum istifadə etdik. Ən baxımlı futbol oynayan komandalardan olan "Qarabağ"la qarşılaşdıq. "Qarabağ"ı təhlil edib zəif yerlərini müəyyənləşdirmişdik. Heç kim bu hesabı gözləmirdi. Hesab edirəm ki, Qurban Qurbanov tələsik addım atmamalıdır. "Qarabağ" bu çempionatda öz sözünü deyəcək. Milli çempionatın səviyyəsi qat-qat artıb. Bu gün gördük ki, "Qarabağ"da da bizdə də millinin oyunçuları ehtiyyatda qalır. Bu rəqabətdən irəli gəlir".

Qurban Qurbanov, "Qarabağ"ın baş məşqçisi: "AZAL-ı təbrik edirəm. Vaqif müəllim gözəl komanda hazırlaya bilib. Həqiqətən də liderliyə yaraşan komandadır. Bu gün meydançada bir komanda oynayırdı. Bu oyun mənə çox ağır gəldi. Mənə ağır zərbə oldu. Nildo çox gözəl hücumçudur. Komandadan getmək barədə rəhbərliklə danışacağam. Rəhbərlik çox güvənir mənə. Komandada bir dəyişiklik etmək lazımdır. Gələcəyin komandasını formalaşdırmaq istəyirik. Hazırki futbolçularla bağlı problemlərimiz var. Rəhbərliklə bu barədə danışacağam. Azarkeşlərimizə təşəkkür edirəm ki, nəticəyə baxmayaraq sona qədər dəstək oldular".

Yaşar
AzNews.az