Olimpiya İdman Mərkəzi ölkə başçısına qarşı

Rövşən Kərimov İlham Əliyevin dediklərinə əməl etmir


"Sərhədçi" Olimpiya İdman Mərkəzində kinqboksinq növü üzrə bölmənin fəaliyyəti dayandırılıb. Bu barədə qərarı Mərkəzin rəhbəri polkovnik Rövşən Kərimov dünən keçirdiyi iclasda açıqlayıb. Qərarın səbəbini isə R.Kərimov kinqboksinqin qeyri-olimpiya idman növü olması ilə əlaqələndirib. Üstəlik, bu idman növünə diqqətin olmadığını iddia edib.

Ancaq R.Kərimovun söylədiklərinin əksinə olaraq "Sərhədçi" Olimpiya İdman Mərkəzinin yetirmələri arasında Əli Bağırzadə, Pərviz Abdullayev, Fuad Zeynalov, Nihad Abdullayev kimi dəfələrlə dünya və Avropa çempionları, beynəlxalq və respublika miqyaslı yarışların qalibi olmuş idmançılar var. Lakin R.Kərimov həmin idmançıların əldə etdiyi uğurların onun üçün heç bir əhəmiyyət daşımadığını vurğulayaraq, bölmənin fəaliyyətinin dayandırılması barədə qərar verib: "Mənim üçün 10 qat dünya və ya Avropa çempionu olan idmançı maraqlı deyil".

Hazırda Mərkəzdə 32 idman növü üzrə bölmələr fəaliyyət göstərir ki, R.Kərimov yaxın zamanda digər qeyri-olimpiya idman növlərinin fəaliyyətinə də son qoyulacağını vurğulayıb. Artıq Kinq-Boksinq Federasiyasına məsələ ilə bağlı məlumat verilib.

Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov AzNews.az-a açıqlamasında bölmənin bağlanması ilə bağlı təmsil etdiyi quruma rəsmi məlumatın daxil olmadığını bildirib.

Eyni zamanda qeyd edib ki, nazirlik bütün idman növləri kimi kinq-boksinq idmanını da həmişə dəstəkləyib: "Biz cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrini yerinə yetiririk. Cənab Prezident isə bildirir ki, onun üçün olimpiya və qeyri-olimpiya idman növü yoxdur, Azərbaycan idmanı var. İdman növləri çoxdur, Azərbaycan bayrağı isə birdir. Bu bayrağı hansı idman növünün təmsilçisinin yuksəklərə qaldırmasından asılı olmayaraq onlar Azərbaycanın fəxrləridir".

Amma deyəsən, Rövşən Kərimov üçün ölkə başçısının dediklərindən başqa kriteriyalar da mövcuddur, o, idmana başqa səmtdən baxır.

Mövzunun davamı olacaq.

Elnarə Əlosmanqızı
AzNews.az