Qüdrət Həsənquliyev: “Bölgəçiliklə tərəfdar toplamaqdan böyük yaramazlıq ola bilməz”

"Ermənistana silah daşınmasında hava məkanından istifadə olunan türk-müsəlman ölkələrinin başında dayananlar Rusiyanın əlaltılarıdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinə müsahibə verib.

AzNews.az həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, Türkiyə hərbçiləri ilə Azərbaycan Ordusunun birgə hərbi təlimləri başa çatdı. Həmin ərəfədə bəlli oldu ki, Tovuza ermənilərin hücumu zamanı Rusiya Ermənistana təyyarələrlə müsəlman - türk respublikaları üzərindən 280 ton müasir silah-sursat göndərib. Ardınca Rusiya hərbi gəmiləri Ordu Oyunlarında iştirak etmək üçün Azərbaycana gəldi və zurna-balabanla qarşılandı. Bu gün Sərkisyan bəyan edib ki, 2010-18-ci illərdə Rusiya Ermənistana pulsuz 50 min ton miqdarında silah-sursat göndərib. Belə bir baş çıxarılması çətin olan vəziyyətdə Qarabağın işğaldan azad olunması perspektivinə necə baxırsınız?

- Əvvəla, Ermənistana silah daşınmasında hava məkanından istifadə olunan türk-müsəlman ölkələrinin başında dayananlar Rusiyanın əlaltılarıdır. Sabah Rusiya onların üstünə qışqırsa, Azərbaycanın üzərinə qoşun da yeridəcəklər. Rusiya hərbi gəmilərini təmtəraqla qarşılamağımıza gəldikdə isə, onu deyə bilərəm ki, hökumətin səmimi olaraq bunu etdiyinə inanmaq çətindir. Görünür başqa çarə yoxdur. Qarabağın işğaldan azad olunmasına gəldikdə isə, Tovuz döyüşlərindən sonra Prezident bəyan etdi ki, onun bu barədə düşünülmüş planı var və sadəcə bu barədə açıq danışmaq mümkün deyil.

- Qüdrət bəy, iqtidarın Qarabağ bölgəsindən olan siyasətçilərə etimad göstərməməsi, onların sıxışdırılması və bunun qarşılığında isə Qarabağ camaatının indiki iqtidarı dəstəkləməməsi barədə deyilənlərə münasibətiniz necədir?

- Bu barədə deyilənlərin hamısı cəfəngiyatdır. Diqqətlə araşdırsanız görərsiniz ki, yüksək dövlət vəzifələri tutan, əslən Qarabağdan olan nə qədər dövlət qulluqçusu var. Qarabağlılar arasında ən çox tanınan və yerli əhalinin ən çox hörmət edib eşitdiyi şəxs Cavid Qurbanovdur ki, o da Prezidentin yanındadır. Azərbaycanın bütün bölgələrindən həm iqtidarda, həm də müxalifətdə olan siyasətçilər var. Bölgəçiliklə tərəfdar toplamaqdan böyük yaramazlıq ola bilməz.

- Belarusda baş verənlər və onun Azərbaycana təsiri barədə nə deyə bilərsiniz?

- Hər bir xalq sosial inkişaf səviyyəsinə görə idarəetmə modeli qura bilir. Belarus xalqı hesab edir ki, Lukaşenkonun idarəetməsi artıq onları qane etmir. Həm xalq, həm də dünyanın böyük “oyunçuları ” ondan yorulublar.İnkişaf etmiş xalqlar belaruslara sözdə yox əməldə kömək etsə, Rusiya ölkənin daxili işlərinə müdaxilə etməsə və Lukaşenkonun müdrikliyi çats,o nlar böyük sarsıntılarsız müasir cəmiyyət quruculuğu istiqamətində irəli gedə biləcəklər. Azərbaycanda isə bütün çatışmamazlıqlara baxmayaraq, həm regionun böyük dövlətləri, həm Qərb, həm də xalqımız sabitliyin qorunub saxlanılmasında maraqlıdır. Xarici güclər nəqliyyat dəhlizi olmağımızdan, Avropanın enerji təchizatında iştirak etməyimizdən daha çox Ermənistanın təhlükəsizliyi üçün bunda maraqlıdırlar. Hər bir insanın olduğu kimi hər bir xalqın da öz taleyi var. Xalqımızın mütləq əksəriyyəti hələ ki, Prezidentin həm Qarabağı azad edəcəyinə, həm də başlatdığı islahatların müsbət nəticələr verəcəyinə inanır.