“Milli Məclisdə özümü çox rahat hiss edirəm"

“Növbəti büdcə müzakirəsində büdcə layihəsinin təqdimedilmə forması ilə bağlı iradlarımı və şərhlərimi gündəmə gətirməyi planlaşdırıram”

Fürsət düşdükcə Milli Məclisdə ilk dəfə təmsil olunan deputatlarla müsahibələr edirik. Düzdür, parlamentin yalnız yaz və iki növbədənkənar sessiyaları geridə qalıb və yeni simaları tanımaq imkanları hələ qarşıdadır. Ancaq ötən yarım illik müddət ərzində onların bəziləri aktiv fəaliyyətilə diqqət cəlb edə bildi. Milli Məclisin üzvü, 29 saylı Səbail seçki dairəsini parlamentdə təmsil edən Nigar Arpadarai “Yeni Müsavat”ın suallarını cavablandırıb. AzNews.az həmin müsahibəni təqdim edir. Buyurun, yeni deputatı siz də yaxından tanıyın, onun fikir və yanaşmaları ilə tanış olun:

- Nigar xanım, koronavirus pandemiyası dünyanın düzənini dəyişib, bütün sahələrə və insanlara öz təsirini göstərib. Bəs, sizin üçün ötən aylar nələrlə yadda qaldı?

- Çox doğru söyləyirsiniz ki, koronavirus pandemiyası dünyanın düzənini dəyişdi, bütün dövlətlərdə bütün sahələrə - iqtisadiyyat, səhiyyə, təhsil və s. çox ciddi təsir etdi. İnsanların həyat tərzini dəyişdi. Etiraf etməliyəm ki, insanların pandemiya ilə bağlı narahatlığını yaxşı başa düşürəm. Hər kəs qeyri-müəyyənlikdən yorulub. Ümumdünya Səhiyyə Təşkilatı hər dəfə müxtəlif bəyanatlarla çıxış edir, koronavirus pandemiyasının hələ daha uzun davam edəcəyini bildirir və üstəlik, yaxın aylarda ikinci dalğanın olacağını qeyd edir. Biz pandemiya başlayanda elə düşünürdük ki, virus tezliklə aradan qalxacaq. Lakin bu, baş vermədi. Bütün dünya ölkələri artıq 6 aydır ki, koronavirusla mübarizə aparır. Bu vəziyyətin uzanması hamını yorur. Eyni zamandac vəziyyəti hərtərəfli qiymətləndirmək lazımdır. Pandemiyanın insanların həyatında böyük çətinliklərə səbəb olduğu bir həqiqətdir. Ancaq biz hətta bu çətin vəziyyətdə belə optimist olmalıyıq, pozitiv dəyişiklikləri axtarmalıyıq.

- Təbiət etibarilə daim pozitiv ovqatda olan Nigar Arpadarai bu dönəmlə bağlı hansı qənaətdədir?

- Dünyada yaşanılan hazırkı böhranın pozitiv tərəfi nə olacaq? Əvvəlcə bu haqda danışaq. İlk növbədə bu, yaxın illərdə görəcəyimiz səhiyyənin ciddi inkişafıdır. Tarixdə ilk dəfədir ki, ölkələrin səhiyyə sistemləri bu dərəcədə uyğunlaşaraq, birgə səy göstərərək pandemiya ilə mübarizə aparır. Bu, səhiyyə sisteminə ciddi investisiyaların qoyulmasına və xidmət səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına gətirib çıxaracaq. Biz artıq növbəti illərdən bunun bəhrəsini görə biləcəyik. İkinci, biz qlobal miqyasda bütün fəaliyyətlərimizdə sürətlə rəqəmsallaşmağa keçidi görürük. Bu proses bütün sahələri əhatə edərək, bizim həyat keyfiyyətimizi yaxşıya doğru əhəmiyyətli dərəcədə dəyişdirəcək. Artıq bir sıra aparıcı xidmət sektorlarında bunun müsbət nəticələrini müşahidə edirik. Əlbəttə, dünya ictimaiyyəti hal-hazırda tarixdə oxşarı görülməyən böyük böhran dövrünü yaşayır. Bu vəziyyət bazar iqtisadiyyatı üçün böyük bir sınaqdır. İndi bəzi ölkələrdə pandemiya səbəbindən işsizlik 20%-dək yüksəlib. Ən son belə vəziyyət İkinci Dünya müharibəsi ərəfəsində baş vermişdi. Lakin bu da bir həqiqətdir ki, ölkə iqtisadiyyatları böhran vəziyyətlərindən keçərək təkmilləşir və güclənirlər. Əminəm ki, belə də olacaq. Biz pandemiyanın mənfi təsirlərini tezliklə aradan qaldırıb normal həyata qayıtmağımızla yanaşı, iqtisadiyyatımızın fəallığını bərpa edə biləcəyik.

“Tələffüzü çətin olsa da, soyadım iki sadə türk sözündən ibarətdir”

- Yəqin siz də razılaşarsınız ki, əhalinin böyük əksəriyyəti nəinki yeni millət vəkillərini, hətta bəzi əvvəlki çağırışda Milli Məclis üzvü olan bir sıra deputatları yaxından tanımır. O mənada özünüzün təqdimatınız üçün bir neçə kəlmə ilə nə deyə bilərsiniz? Ümumən sizin nəzərinizcə, deputat necə fəaliyyət göstərməlidir ki, tanınsın?

- Tanınmaq deyəndə nəyi başa düşürük, əvvəlcə onu müəyyənləşdirsək, yaxşı olar. Mənim üçün tanınmaq ilk növbədə, öz seçicilərim tərəfindən bilinməyimdir. Digər mənada tanınmaq isə ölkə miqyasında bilinməkdir. Mənə görə, millət vəkili öz seçiciləri ilə daim sıx əlaqədə olmalıdır. Bu baxımdan özümü şanslı sayıram ki, həyatım boyu Bakının mərkəzində, Səbaildə, öz seçicilərimin arasında yaşayıb işləmişəm. Əvvəlki iş fəaliyyətimlə əlaqədar burada minlərlə insan tanıyıram. Sırf seçki kampaniyası ərəfəsində yüzlərlə Səbail sakini ilə şəxsən tanış olmuşam. Əlbəttə, bu, bitməyən prosesdir və mən hər gün seçicilərimlə əyani tanışlığa davam edirəm.

Ölkə miqyasında tanınmaq məsələsinə gəldikdə isə Milli Məclisin deputatı kimi əhalinin həssas qrupları ilə işləməyi özüm üçün istiqamət kimi seçmişəm və bu fəaliyyətimlə tanınmağa çalışıram. Hesab edirəm ki, millət vəkili populist bəyanatlar verməklə deyil, məhz insanların həyatına müsbət təsir edəcək qanunvericilik təşəbbüsləri ilə və eyni zamanda bu istiqamətdə xüsusi layihələr təqdim etməklə tanınmalıdır. Bu sahədə nə dərəcədə uğur qazanacağımı zaman göstərəcək.

- Avropa İttifaqı nümayəndəliyi, NAR, Formula-1 və parlament. Hansı sahə sizə daha doğmadır?

- 18 illik iş təcrübəm var, beynəlxalq təşkilatlarda, korporativ sahədə çalışmışam və harada işləməyimdən asılı olmayaraq, işimə, çalışdığım şirkətə hər zaman bağlı olmuşam. Özümü tam olaraq işə həsr etməyə çalışmışam. Ola bilsin bu, uğur qazanmaqda mənə kömək edib. Hər zamanın, hər yaşın öz tələbi var. Yeni çağırışları sevdiyim üçün çalışdığım şirkətləri, hətta sahələri dəyişmişəm. Təbii ki, sahədən asılı olmayaraq, yeni iş fəaliyyətinə tam uyğunlaşmaq üçün zaman tələb olunur. Mənim üçün Milli Məclis yeni bir məkandır. Cəmi bir neçə aydır ki, Milli Məclisin deputatı kimi fəaliyyətə başlamışam. Lakin səmimi söyləyim ki, Milli Məclisin rəhbərliyi elə bir şərait yaradıb ki, biz çox tez uyğunlaşa bilirik. Özümü Milli Məclisdə çox rahat hiss edirəm, burada mehriban və işgüzar mühit mövcuddur. Artıq parlament sürətlə mənə doğmalaşır.

Mənim üçün əsas olan məsələ işi böyük həvəs, sevgi və məsuliyyətlə görməkdir. Bu günə qədər çalışdığım Avropa Kommisiyası, NAR və Formula 1-də bu yanaşma ilə işləmişəm, indi də parlamentdəki fəaliyyətimdə bu prinsipə sadiqliyimi davam etdirəcəyəm.

- Ölkənin aparıcı PR mütəxəssislərindən biri olsanız da, sizi ilk olaraq geniş ictimaiyyət Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri olaraq tanıdı. Sizi məşhur edən sahə üçün darıxmırsınız ki?

- Öncə PR, kommunikasiya sahəsinin mütəxəssisi və tanınma haqda danışaq. Bəzən səhvən PR mütəxəssisi olmaqla “tanınmışlığı” eyniləşdirirlər. Mənə görə bu, düzgün yanaşma deyil. PR-kommunikasiya mütəxəssisi heç tanınmaya da bilər. PR-Kommunikasiya mütəxəssisinin işi çalışdığı şirkətin, məhsulun, brendin tanıdılması, müəyyən reputasiyasının yaradılmasıdır.

Mənim Formula-1-də tanınmağımın əsas səbəbi həmin şirkətdə həm Marketinq və PR komandasının rəhbəri, həm də şirkətin Milli mətbuat katibi - sözcüsü olmağım idi. Qeyd etməliyəm ki, Formula-1 kimi qlobal brendin kommunikasiyasını aparmaq, sıfırdan onun marketinq strategiyasını həyata keçirmək, yerli və xarici vətəndaşlar arasında Azərbaycanın F1 məkanı kimi tanınmasına töhfə vermək şansım olduğu üçün çox xoşbəxtəm. İşlədiyin sahədən, vəzifədən asılı olmayaraq, əsas olan işi məsuliyyətlə yerinə yetirməkdir.

- Pandemiya Formula-1-in keçirilməsini də əngəllədi...

- Əfsuslar olsun ki, bu il ölkəmizdə Formula-1 yarışı keçirilmir. Buna baxmayaraq, mən mütəmadi olaraq komandamızla sıx əlaqədəyəm və ümid edirəm ki, gələn il Azərbaycan bu möhtəşəm yarışa yenidən ev sahibliyi edəcək.

- İki il əvvəlki müsahibənizə rast gəldim. Formula-1-lə bağlı demisiniz ki, “sahəmi dəyişmək istəmərəm. Marketinq, PR sahəsi mənə daha yaxındır”. Bəs, ötən iki ildə nə baş verdi ki, sahəni dəyişməli, daha böyük iddiada olmalı oldunuz?

- Doğrudur, iki il əvvəl Marketinq və PR sahəsini dəyişmək istəmədiyimi bildirmişdim. Çox səmimi söyləyirdim. Həmin ərəfədə Bakıda ikinci Formula-1 yarışı baş tutmuşdu və həmin yarış bütün dünyada mövsümün ən baxımlı yarışı seçilmişdi. Buna çox sevinmişdik, çünki biz bir komanda olaraq yarışın Bakı brendini sıfırdan ərsəyə gətirmişdik və bunun nəticədə Azərbaycan Qran Prisi Formula-1 tarixində öz layiqli yerini almışdı. Belə böyük hadisənin bir parçası olmaq olduqca qürurvericidir.

Lakin zaman keçir, yeni çağırışlar, yeni imkanlar yaranır. Yaş ötdükcə insan da dəyişir. Bu, təbiidir. Eyni zamanda, son illər ərzində ölkəmizdə ciddi dəyişikliklər baş verir. Ötən il Milli Məclisin yenidən qurulacağının elan olunması da bu çərçivədə yeni bir çağırış kimi marağımı çəkdi və yaranmış yeni imkanın daha geniş şəkildə fəaliyyət göstərməyimə xidmət edəcəyi üçün bu çağırışa qulaq verdim və namizədliyimi irəli sürdüm.

- Soyadınızın qəribəliyi barədə yəqin sizə çox deyiblər, eləmi?

- Soyadımın çətin tələffüz olunduğunu deyənlər çox olub və mən buna artıq öyrəncəliyəm. Tələffüzü çətin olsa da, soyadım iki sadə türk sözündən ibarətdir: Arpa və dərə.

- Bilirik ki, əslən Cənubi Azərbaycan kökənlisiniz. Nə vaxtsa ata-baba yurdunuzu ziyarət etmisinizmi?

- Bəli, Cənubi Azərbaycan kökənliyəm və İranda da olmuşam. Bildiyiniz kimi, Azərbaycan cənub və şimal hissələrə öz istəyi ilə bölünməyib. Hələ Sovet İttifaqı qurulmazdan əvvəl çox sayda ailə cənubdan şimala köçüb. Mən şəxsən Bakıda yaşayan və özlərini bakılı sayan minlərlə cənubi azərbaycanlı ailə tanıyıram. Həmçinin Gəncədə də xeyli sayda cənublu soydaşımız var, onların əksər qohumları İranda yaşayırlar. Ümumiyyətlə, mənim sadəcə İranda yox, dünyanın bir çox ölkəsində yaşayan qohum-əqrəbalarım var, onlar da eyni soyadı daşıyırlar.

- Nigar xanım, bu günlərdə parlament toplaşıb dövlət büdcəsini yenidən müzakirəyə çıxardı və qəbul etdi. Nədənsə büdcə müzakirələrində aktiv görünmədiniz. Niyə?

- Bildiyiniz kimi, büdcənin müzakirəsi növbədənkənar idi, çünki pandemiyanın yaratdığı vəziyyətlə bağlı büdcəyə yenidən baxmaq zərurəti yaranmışdı. Büdcə sənədində təqdim olunan rəqəmlərdə olan dəyişiklikləri anlayıram, amma hazırkı təqdimat forması ilə bağlı iradım var. Struktur anlaşılan deyil. Sənəddə təqdim olunan rəqəmlər, məlumat dağınıqdır və çətin qavranılır. Büdcədə göstərilən rəqəmlərin daha yaxşı qavranılması üçün bu sənədin strukturunda müəyyən dəyişikliyin edilməsinə ehtiyac olduğunu düşünürəm. Amma indiki vəziyyətdə bununla bağlı hər hansı bir irad və ya şərh bildirməyi zəruri görmədim. Çünki anlayıram ki, indi hökumət ciddi təzyiq altında işləyir. Pandemiya ilə əlaqədar yaranmış böhran vəziyyətində ölkədə iqtisadi sabitliyi qorumaq ən ümdə məsələdir və bu işdə Maliyyə Nazirliyinin üzərinə böyük yük düşür. Amma növbəti büdcə müzakirəsində büdcə layihəsinin təqdimedilmə forması ilə bağlı iradlarımı və şərhlərimi gündəmə gətirməyi planlaşdırıram.

- Azərbaycan iqtisadiyyatının irəli aparılması, neft asılılığından xilas olmağımız üçün sizin konkret təklifləriniz varmı?

(Davamı var)