Azərbaycanın inkişaf istiqamətləri real hədəflərə yönəlib

Milli Məclisin deputatı Əli Hüseynlinin yap.org.az saytına müsahibəsi

- Əli müəllim, Prezident İlham Əliyevin yanvarın 10-da yerli telekanallara verdiyi müsahibədə ölkənin iqtisadi inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, beynəlxalq aləmlə əməkdaşlıqda yeni prioritetlər, xarici siyasətin mühüm istiqamətləri, ordu quruculuğu, 44 günlük Vətən müharibəsinin yaratdığı reallıqlar və digər məsələlər öz əksini tapdı. Dövlət başçısının səsləndirdiyi fikirlər hansı reallıqları ifadə edir?

- Əvvəlcə qeyd edək ki, burada haqqında danışılan bütün istiqamətlərin hər biri prioritetdir. Lakin sirr deyil ki, postmünaqişə dövründə ölkə ictimaiyyətinin daha çox diqqət yetirdiyi ən vacib məsələlərdən biri - Azərbaycanla Ermənistan arasında münasibətlərin yeni məcrada formalaşması və sülh prosesinin gedişidir. Bildiyiniz kimi, müsahibə zamanı dövlət başçımız heç də asan olmayan bu problemlərin daha çox diplomatik gedişlərlə, sülh yolu ilə həll etməyin mümkünlüyünə və vacibliyinə diqqət yönəltdi. Və eyni zamanda xatırlatdı ki, biz Ermənistanla öz aramızda olan məsələni həll etsək də, Azərbaycana qarşı olan təhdidlər hələ tam aradan qalxmayıb: “Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik… Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli, bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin”.

Müsahibədə səsləndirilən əsas fikirlərdən biri də bu idi ki, ordu quruculuğunun ciddi şəkildə davam etdirilməsi, mükəmməl hərbi arsenalın yaradılması zamanın tələbidir. Azərbaycan artıq olduqca müasir və güclü silahlı qüvvələr yaradıb, bu prosesin yeni fazada daha sürətli inkişafı üçün ciddi tədbirlər görülür. Kiminsə bu həqiqətlə hesablaşmaması ağılsızlıq ola bilər: “Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin də sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. O cümlədən, bütün təchizat ən yüksək səviyyədə təmin edilir…biz dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq… Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır”.

- Beynəlxalq miqyasda yaranmış siyasi və iqtisadi böhran fonunda bütün ölkələr bu istiqamətdə ciddi addımlar atmağa məcburdurlar. Azərbaycan hansı tədbirləri görür?

-Sizin toxundunuz mövzu ilə bağlı Prezident İlham Əliyev dövlət səviyyəsində çox ciddi və konkret tədbirlərin həyata keçirildiyini söylədi. Çünki hətta ordu quruculuğuna, ümumiyyətlə, fikir verməyən Avropa ölkələri indi ordularını yaradırlarsa, biz bu prosesdən kənarda qala bilmərik. Yeri gəlmişkən, bu gün vahid Avropa ordusu yaratmaq haqqında düşüncələr mövcuddur, Avropada hərbi təyinatlı məhsulların istehsalı genişlənir: “Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik”.

Bu fonda dünya silah bazarında boşluğun yarandığnı bildirən Prezident İlham Əliyev xatırlatdı ki, mövcud şəraitə uyğun olaraq Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Bu, eyni zamanda, ixracyönümlü sənaye olacaq. Təbii ki, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik: “Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq… biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik”.

- Bölgədə əmin-amanlığın və davamlı inkişafın təmin olunması sülh prosesindən asılıdır. Prezident İlham Əliyevin bu məsələ ilə əlaqədar mövqeyi və Azərbaycanın təşəbbüsləri barədə nə deyə bilərsiniz?

-Əvvəla, qeyd edək ki, rəsmi Bakı bu məsələdə praqmatik siyasi yanaşma üzərindən hər zaman bütün məsələləri sülh yolu ilə nizama salınmasının tərəfdarı olduğunu sübut edib. Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinə yeni bir şans verərək onun aldığı dərslərdən düzgün nəticə çıxaracağına ümidini ifadə edir və yaxın zamanlarda sülhyaratma prosesində müsbət tendensiyaların formalaşacağını istisna etmir: “Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə, hətta, hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”. Prezident xəbərdarlıq edir ki, sülh müqaviləsi olmadan da biz uzun müddət belə yaşaya bilərik, lakin bu bizə heç lazım da deyil. Amma sonra nə olacaq? “Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar”.

- Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri sərhədlərin delimitasiyası, digəri isə Zəngəzur dəhlizi məsələsidir. Görünən odur ki, Ermənistan bu məsələləri siyasi manipulyasiya predmetinə çevirməyə çalşır…

-Dövlət başçımızın qeyd etdiyi kimi, keçirdiyimiz iztirablara, ağrılara baxmayaraq, biz həmişə ilk növbədə sülh barədə danışırıq. Lakin gəlin razılaşaq ki, bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından heç də asan məsələ deyil. Sadəcə, bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik. Amma zaman keçir, geosiyasi reallıqlar dəyişir və biz də ona uğun mövqeyimizdə korrektələr etməyə məcburuq və haqlıyıq. Bu yanaşma bütün istiqamətlər üzrə, eyni zamanda sərhədlərin delimitizasiyası məsələsində də öz əksini tapır: “Bu mövqe masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər –heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır”.

Azərbaycan-Ermənistan sülh müqaviləsinin əsas düyün nöqtələrindən biri olan Zəngəzur dəhlizinin taleyi ilə bağlı mövcud durumu təhlil edərkən cənab İlham Əliyev bir daha bu məsələnin nəinki Ermənistan da daxil olmaqla region ölkələri, hətta bütövlükdə Avrasiya məkanı üçün böyük iqtisadi və siyasi dividentlər vəd etdiyini vurğuladı: “Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu bizim üçün strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması eyni zamanda 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatda da öz əksini tapıb. Düzdür, orada "Zəngəzur dəhlizi" sözü yoxdur. Çünki "Zəngəzur dəhlizi" terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir".

Lakin Ermənistan əhalisi də daxil olmaqla bütün bütün dünya ictimaiyyəti görür ki, müharibədən sonrakı dövr ərzində rəsmi İrəvan məlum razilaşmalar əsasında üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır. Ona görə də cənab İlham Əliyev Ermənistan hakimiyyətini öz məsuliyyətini dərk etməyə dəvət etmişdir: “Bu kontekstdə Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Xüsusən ona görə ki, mən əvvəlcədən demişəm, biz bu beş prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz”.

- Yeni il ərəfəsində Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana qayıdış konsepsiyasının işlənib hazırlanmasını növbəti mərhələnin əsas prioritetlərindən biri kimi dəyərləndirdi. Bu mövzunun yenidən gündəmə gətirilməsi qarşıya qoyulan hədəfə doğru ardıcıl siyasi kursun konturlarını nümayiş etdirir…

-Sizinlə tam razıyam. Ölkə lideri öz müsahibəsində fikirlərini güclü siyasi arqumentlərlə daha da inkişaf etdirək söyləmişdir ki, qarşıya qoyulan hədəf heç də ritorik deyil və sülh müqviləsi şərçivəsində növbəti mərhələlərdə bu istiqamətdə önəmli addımlar atılacaq: “… hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq… Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək… biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır… onların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur… Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə - Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq… Yəni, çox geniş proqram hazırlanır… Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik”. Ölkə liderinin ifadə etdiyi kimi, hazırda faktiki olaraq davam edən Üçüncü Dünya müharibəsinin nəticəsi kimi yeni dünya düzəninin formalaşmasının labüdlüyü ortadadır. Bu baxımdan Qərbi Azərbaycana qayıdışın real konturları daha aydın görünməyə başlayır.

- Tədbirdə Ermənistan-Azərbaycan münasibətlərini normallaşmasına və faktiki olaraq bölgədə sülhə əngəl olan Fransanın, bəzi Avropa ölkələrinin ölkəmizə qarşı qərəzli münasibətiləri və beynəlxalq təşkilatların sərgilədiyi ikili standartlarla bağlı suallara da aydınlıq gətirildi. Sizcə, anti-azərbaycan meyilləri sülhyaratma prosesinə necə təsir göstərə bilər?

-Bu sualın ən doğru və dəqiq cavabını müsahibə zamanı məsələni şərh edən cənab İlham Əliyev vermişdir: “…Onların Senatı, Milli Assambleyası anti-Azərbaycan qətnamələr qəbul edir, bizim Milli Məclis cavab olaraq bəyanat qəbul edir. Frankofoniyada uğursuzluğa düçar oldular, bir neçə ölkəni təzyiq altında saxlamaqla heç nə əldə edə bilmədilər. BMT-də heç nə əldə edə bilmədilər. Dörd ölkə faktiki olaraq onların bu oyunlarını pozdu. Sual yaranır nə üçün? Bunu mən başa düşə bilmirəm. Yəni, bizə qarşı bu qədər qeyri-adekvat münasibətin mənbəyi nədir, mən başa düşə bilmirəm, heç bu haqda fikirləşmək də istəmirəm. Yenə də deyirəm, onlar bizsiz, biz onlarsız yaşayarıq da, yaşamışıq və ehtiyacımız da yoxdur. Sadəcə olaraq, bu, qeyri-normal bir vəziyyətdir və bu qeyri-normal vəziyyəti bu səviyyəyə çatdıran biz olmamışıq”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev bu kontekstdə bir çox beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin formal quruma çevrildiyini və fəaliyyətinin yeni dövrün çağırışlarına adekvat olmadığını bir daha dilə gətirib. O, bu fikri xüsusi olaraq diqqətə çatdırmışdır ki, Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzunu ciddi mənfi təsir göstərmişdir. Belə ki, Azərbaycan öz gücü hesabına 30 il kağız üzərində qalmış bu sənədlərin müddəalarını cəmi 44 günə reallaşdırdı. Beynəlxalq təşkilatların ikili standartlara söykənən davranışlarına başqa nümunələr də kifayət qədərdir. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Prezident İlham Əliyev də bu fikrin tərəfdarı olduğunu söyləmişdir: “Mən hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb… Ona görə əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır.” Cənab İlham Əliyev ədalət prinsipinə uyğun olaraq üzvlər arasında bir daimi yerin müsəlman ölkəsi üçün ayrılmasını, bir yerin də 120 ölkənin birləşdiyi Qoşulmama Hərəkatına verilməsini məqsədəmüvafiq hesab edir və bunun BMT-nin nüfuzuna və çevikliyinə müsbət töhfə olacağını inamını ifadə edir.

Dövlət başçımız ölkəmizin gələcək inkişaf perspektivləri ilə bağlı özlüyündə yaranan “Biz bu yeni dünyada özümüzü necə görürük, harada görürük” sualına çox məntiqli və obrazlı şəkildə cavab vermişdir: “Maraqları təmin etmək üçün bizdə həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var… Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar, biz də elə ona bənzəyən bir stayerik, amma lazım olanda sprinti də işə salırıq.”

- Əli müəllim, daha bir mühüm məsələ Azərbaycanda yeni idarəçilik mexanizmının tətbiqi, bu istiqamətdə həyata keçiriləcək islahatlara dair dövlət başçısının verdiyi anonslarla bağlıdır. Bu məsələni necə şərh edərdiniz?

-Dövlət quruculuğunun vacib elementi kimi idarəetmə sistemində bu islahatların reallaşması günün tələbinə çevrilib. Başqa sözlə, ölkənin inkişaf strategiyasının postmünaqişə dövründəki yeni reallıqlara uyğun formalaşmasını təmin etmək üçün idarəetmədə daha çevik və səmərəli metodların tətbiqini zəruri edir. Bildiyiniz kimi, 2021-ci ildə dövlət başçısının imzaladığı müvafiq fərman əsasında ölkə ərazisindəki iqtisadi rayonların sayı 11-dən 14-ə çatdı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı. İlk növbədə dərhal burada idarəçilik sistemində islahatlara başlanıldı və Azərbaycan Respublikası Prezidentinin səlahityyətli nümayəndəsi institutu formalaşdırıldı. Ötən dövr göstərdi ki, qarşıya qoyulan məqsədlərə nail olmaq baxımından bu tədbirlər tam və hərtərəfli şəkildə özünü dğrultdu. Ona görə də qabaqçıl təcrübə kimi bu idarəetmə üsulunun ölkənin digər ərazilərində də tətbiqi məqsədəuyğun hesab olunur.

AzNews.az