AzNews.az analitik-informasiya portalının suallarını Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev cavablandırır AzNews.az analitik-informasiya portalının suallarını Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev cavablandırır

"Azərbaycan vətəndaşlığı almaq istəyən erməniləri qətlə yetirirlər" - İctimai Şura sədri ilə gündəm yaradacaq MÜSAHİBƏ

AzNews.az analitik-informasiya portalının suallarını Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev cavablandırır

- Cənab Nuriyev, Siz DİN yanında İctimai Şuranın sədrisiniz. Bu gün DİN İranın Azərbaycandakı şəbəkəsinə qarşı keçirdiyi əməliyyatlarla gündəmdədir. Bu əməliyyatları necə qiymətləndirirsiniz?

- Bizim xüsusi xidmət orqanlarının, daxili işlər nazirliyinin və digər hüquq-mühafizə qurumlarının ölkənin təhlükəsizliyini təmin edərkən göstərdikləri peşəkarlığı yüksək qiymətləndirirəm. Qeyd etməliyəm ki, DİN ictimai asayişin qorunmasına cavabdeh olan bir qurumdur. Eyni zamanda ictimai anlayışla birlikdə ölkəni transmilli cinayətkar şəbəkələrdən və bu kimi xarici təhdidlərdən də qoruyan qurumlardan biridir. Bu baxımdan bu gün DİN-in apardığı əməliyyatları yüksək qiymətləndirirm. Hesab edirəm ki, İran son illərdə Azərbaycana qarşı açıq təhdidə keçib. Özünün əlaltıları ilə, eyni zamanda xüsusi xidmət orqanları ilə Azərbaycanda hər zaman vəziyyəti gərginləşdirməyə çalışır. Çox dəqiq bilirik ki, ekstremist, terrorçı qrupların yaradılmasında bilavasitə onların xüsusi xidmət qurumları fəal iştirak edirlər. Hesab edirəm ki, ölkəmizə qarşı casusluq həyata keçirən, təhdidlər törədən, ekstremist fəaliyyəti təşviq edən İran şəbəkələrinə qarşı aparılan istənilən əməliyyat Azərbaycan xalqı tərəfindən dəstəklənir. Bu baxımdan DİN-i təbrik edirəm. Eyni zamanda DTX da bu istiqamətdə olduqca uğurlu əməliyyatlar həyata keçirir. Son dövrlər biz xeyli geniş əməliyyatların aparıldığını gördük. İndi İran Azərbaycana qarşı pozucu, ekstremist, casusluq faliyyəti ilə yanaşı həm də terror aktı ilə də gündəmdədir. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq İran bununla bağlı məqbul açıqlamalar vermir. Bu məsələlərlə bağlı, keçirilən əməliyyatlarla bağlı, asayişin qorunması illə bağlı biz bütün hüquq-mühafizə orqanlarımızın, güc strukturlarımızın-polisin, DTX-nin, ordumuzun yanındayıq.

- İrandakı terror aktı ilə bağlı başçılıq etdiyiniz "Konstitusiya" Araşdırmalar Mərkəzi bəyanatla çıxış edərək kəskin mövqe bildirdi. Sizcə Azərbaycandakı QHT-lərin İrandakı terror aktına münasibəti yetərlidirmi? Yoxsa QHT sektorunda da İran şəbəkəsi var?

- Ölkənin və vətəndaşlarının təhükəsizliyinin təmin edilməsi hər zaman bütün mövcud olan təhdidlərə qarşı sərt münasibətimizi bildirmişik, bildirməkdə də davam edəcəyik. Bizim üçün ən vacib olan vətəndaşların təhlükəsizliyidir. Bu terror aktı həm də ölkənin ərazi bütövlüyünə, suverenliyinə qarşıdır. Azərbaycan müstəqul siyasət yeridir, Azərbaycan bu regionda təhlükəsizliyi təmin etmək iqtidarındadır. Regionda sülhə böyük töhfələr verən bir ölkəyik. İran isə bu coğrafiyada Ermənistanla birgə sülhə təhdid yaradır. Ona görə də bu terror aktına sükutla yanaşa bilməzdik. Eyni zamanda bizim vətndaş cəmiyyətinin mövqeyi birmənalıdır, Vətəndaş cəmiyyəti fəalları Azərbaycan dövlətinin yanındadır. Başqa mövqe ola da bilməz. Vətəndaş cəmiyyətinin məqsədi uzunmüddətli və dayanıqlı sülh, vətəndaşların hquqlarının müdafiəsidir, ölkənin inkişafıdır, firavanlığıdır. Ona görə də dövlətə qarşı təhdid olduqda da birmənalı mövqe nümayiş etdirmək bizim borcumuzdur. Bu, vətəndaş cəmiyyətinin bir missiyasıdır. Hesab edirəm ki, biz vətəndaş cəmiyyəti olaraq terror aktının mahiyyətini dünya ictimaiyyətinə daha geniş çatdırmalıyıq.

- Tehrandakı terror aksiyasını İran hər vəsilə ilə riyakar siyasət yürüdərək məişət hadisəsi kimi qələmə verməyə çalışır. Buna münasibətiniz necədir?

- İran baş verən terrorun öz xüsusi xidmət orqanlarına bağlı olmasının münasibətlərin daha da gərginləşməsinə səbəb olduğunu anladığından belə cəhdlər edir. Dəlinin belə imkanları ola bilməz, eyni zamanda ruhi xəstə bu cür çətin əməliyyatı düşünə bilməz. O, İran İnqilab Keşikçiləri terrorçu qrupunun nümayəndəsidir. Araşdırmalar daha dərinləşdirilməlidir. Artıq bizim xüsusi xidmət orqanlarımızın bu mövzuda ətraflı məlumatı var. İran dövləti terroru dəstəkləyir, terrorun həyata keçirilməsinə texniki, təşkilatı dəstək verir. Eyni zamanda olaya don geyindirilməsi üçün informasiya dəstəyi də verir. Həmin terrorçunun İran televiziyalarına çıxarılması İran xüsusi xidmət orqanlarının bu hadisəni təşviq etməsi ilə əlaqəlidir. Bu da onu göstərir ki, terrorun arxasında İranın dövlət qurumları dayanır.

- Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarına necə təsir göstərir?

- Bu regionda açıq şəkildə bizə qarşı olan iki dövlət var. Biri Ermənistandır və Qarabağda separatçılıqla məşğuldur. Digəri isə İrandır. Əslində İran Ermənistana hər cür yardım göstərir. Torpaqlarımız işğalda olduğu zaman da göstərirdi. Torpaqlarımızın talan edilməsində də onlar Ermənistanla bərabər iştirak ediblər. Üçtərəfli Bəyanatın müddəalarına əməl edilməməsində də biz İranın təsirini görürük. İranın Azərbaycan sərhədində hərbi təlim keçirməsi, Zəngəzur dəhlizi il bağlı mövqeyi regionda sülh imkanlarının qarşısını alır. İran rejimi mahiyyət etibarilə hər zaman öz qonşularına qarşı təhdidlə çıxış edib.

- Ermənistandan söz düşmüşkən, İrəvan hökuməti Avropa Birliyindən maliyyə alır. Qərbdən alınan maliyyənin müəyyən hissəsinin İrəvanın İrana ötürməsi barədə açıqlama vermisiniz. Bu məsələni geniş şərh edə bilərsinizmi?

- Erməni mənbələri özü məlumat verir ki, Avropa İttifaqının, Avropa Yenidənqurma İnkişaf Bankının Ermənistana ayırdığı kreditlərin bir hissəsi sifarişlər formasında məhz İran şirkətlərinə yönəlir. O şirkətlərdən biri də kontrol nəzarət məntəqəsi tikmək hüququnu əldə edib. İranın həmin şirkətinə 18 milyon 495 min avro ayrılıb. Həmin şirkət eyni zamanda SEPAH-a yaxınlığı ilə tanınır. Avropa İttifaqını Ermənistana göndərdiyi pullar terrorçu bir dövlətin terrorçu təşkilatlarının maliyyələşdirilməsinə yönəlib. Avropa İttifaqı və Avropa Yenidənqurma İnkişaf Bankı bunu görməli, reaksiya bildirməlidir. Onların şərtlərindən biri də o olmalıdır ki, bu vəsaitlər İran şirkətlərinə, korporasiyalarına ötürülə bilməz. Çünki bir tərəfdən Aİ İrana qarşı sanksiya tətbiq edir, bir tərəfdən də İrana Ermənistan vasitəsilə vəsaitlər köçür. Bu bir daha onu göstərir ki, bu regionda sülhə, təhlükəsizliyə təhdid olan dövlətlər hansılardır.

- İranın Ermənistanı himayə etməkdən çəkinəcəyini gözləmək çətindir. Sizcə İranın Ermənistana qarşı bu qədər "doğma" münasibət bəsləməsinin səbəbləri nədir?

- İran hər zaman yalançı "islam həmrəyliyi" adı altında çıxış etməyə çalışır. O biri tərəfdən isə İslamla bağılılığı olmayan Ermənistana dəstək verir. Eyni xarakterli digər separatçı ölkələrə də dəstəyini göstərir. İran Azərbaycanı Türkiyə və İsraillə əməkdaşlığın dərin olmasında günahlandırır. Azərbaycan müstəqil dövlətdir, öz müstəqil siyasətini yürüdə bilər. Türkiyə və İsrail istisnasız olaraq Azərbaycanın yanındadırlar. İran isə hər zaman Azərbaycana qarşı mövqedə olub. Bunu biz hələ 1992-ci il Şuşanın işğalında da gördük. Azərbaycan ordusuna kömək etmək yerinə kəşfiyyat əməliyyatları aparırdı və bizim hərbi sirrlərimizi Ermənistana ötürdü. Həmin casusları bizim hüquq mühafizə sistemi iş başında tutmuşdular. Bu gün də hesab edirəm ki, oxşar bir şərait var. Şükürlər olsun ki, dövlətimiz bu gün daha möhkəmdir. Bizim güclü ordumuz, silahlı qüvvələrimiz mövcuddur.

- Azərbaycan vətəndaş cəmiyyətinin nüfuzlu liderlərindən biri kimi deyə bilərsinizmi ki hazırda Xankəndi yolunda aksiya nə yerdədir? Ekofəalların tələbləri nə üçün yerinə yetirilmir?

- Gənc qardaş və bacılarımızın, həmkarlarımızın aksiyası davam edir. QHT fəalları böyük fədakarlıq nümayiş etdirirlər. Bu fədakarlıq yalnız böyük alqışa layiqdi. Çünki yağış, qar, çovğun olmasına baxmayaraq onlar dözüm və iradə nümayiş etdirirlər. Bu proses o vaxta qədər davam edəcək ki, Azərbaycan Qarabağdakı mədənlərdə monitorinq aparacaq və Laçın koridoru ilə daşınan bütün yüklərə nəzarət etmək imkanı əldə edəcək. Çünki Ermənistan və digər ölkələrin şirkətləri sərvətlərimizi talan edirdi. Onlar buna görə beynəlxalq məhkəməyə verilib. Həmin yolla Azərbaycana minalar gətirilirdi. Üçtərəfli Bəyanatdan sonra gətirilən və basdırılan minalara 289 mülki vətəndaşımız düşüb. Bunun günahkarı kimdir? Qarabağ ərazisində, Xankəndi ətrafında erməni silahlı qüvvələri qalmaqdadır. Bu hərbi hissələrdə yeni təxribatlar hazırlanır. Azərbaycan hökuməti buna dözə bilməz. Azərbaycan bölgəyə tam nəzarət etmək üçün addımlar atır və atacaq. Çünki sülhməramlıların nəzarətində olan ərazilərdən qanunsuz silahlar keçirilir. Xarici ölkə vətəndaşları qanunsuz olaraq Qarabağa gedib-gəlir. Onlar dövlət sərhədimizi qanunsuz olaraq keçirlər. İranın 24 vətəndaşı hansı məqsədlə Xankəndiyə gəlir? Bəlkə də onlar yeni təxribatların hazırlanmasında iştirak edirlər.

Həmçinin qeyd etməliyəm ki, Vardanyan və onun əlaltıları erməni xalqına rahat yaşamaq imkanı vermirlər. Eko-fəalların məqsədi həm də bu quldurlara qarşı Qarabağda yaşayan ermənilərin hüquqlarını müdafiə etməkdir. İndi bir çox ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlər. Azərbaycan dövlətinin himayəsində olmaq istəyirlər. Silahlı quldurlar onların şəxsi əmlakını talan etməklə məşğuldurlar. Onlar görürlər ki, Azərbaycan əhalisi daha yaxşı yaşayır. Onlar Azərbaycan qanunlarına tabe olaraq yaşamaq istəyirlər. Bəzi hallarda quldurlar Azərbaycan vətəndaşlığı almaq istəyən erməniləri qətlə yetirirlər. Buna baxmayaraq artıq bu proses başlayıb. Onlar da tezliklə Azərbaycan qanunlarına uyğun olaraq rahat, dinc, firavan yaşayacaqlar, inkişaf edəcəklər.

Rəşid QARAYEV,

AzNews.az