AzNews.az analitik-informasiya portalının suallarını Milli Məclisin üzvü, AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cavablandırır: AzNews.az analitik-informasiya portalının suallarını Milli Məclisin üzvü, AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cavablandırır:

"Vardanyandan sonra hələ çoxu qaçacaq" - Səməd Seyidovla eksklüziv intervyü

AzNews.az analitik-informasiya portalının suallarını Milli Məclisin üzvü, AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cavablandırır:

- Cənab Seyidov, Vardanyanın Rusiya sülhməramlıları tərəfindən Moskvaya qaçırılması barədə məlumatlar yayılıb. Bu məlumatları necə şərh edərdiniz?

- O nəinki qaçmalı, gec-tez Azərbaycan qanunlarını pozduğuna, suverenliyinə müdaxilə etdiyinə görə məhkəmə qarşısına çıxmalı idi. Onun bu gün qaçması destruktiv və Azərbaycanın içərisində separatçı fəaliyyətinin iflasının birbaşa göstəricisidir. Hətta yalnız Vardanyanın yox, ümumiyyətlə, separatçıların bu istiqamətdə gördükləri işin Azərbaycan xalqına və orada yaşayan insanlara nə dərəcədə qarşı olduğu və heç bir nəticə vermədiyinin göstəricisidir. Vardanyandan sonra hələ çox adamlar,cinayətkarlar, terrorçular, separatistlər oradan qaçacaq. Azərbaycan öz işlərini beynəlxalq qanunlar çərçivəsində təşkil edir və heç bir qüvvə beynəlxalq qanunlara, Azərbaycan qanunlarına qarşı çıxa bilməz.

- Vardanyanın Moskvaya qaçıran Rusiya sülhməramlıları onu yenidən Xankəndiyə daxil edə bilərlərmi?

- Məncə, bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi və digər müvafiq orqanları bəyanat yayıb. Konkret olaraq bildirilib ki, belə bir cəhdlər olsa, biz də müstəqil dövlət olaraq müvafiq qanunlar çərçivəsində addımlar atmalıyıq və atacağıq.

- Trend İnformasiya Agentliyinin diplomatik mənbələrdən əldə etdiyi etibarlı məlumata görə, İran və Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribat hazırlayır. Yayılan bu informasiyaya münasibətiniz necədir?

- Təəssüflər olsun ki, son zamanlar İranın gördüyü işlər heç cür dostluq, qonşuluq siyasəti çərçivəsinə sığmayan məsələlərdir. Səfirliyimizə hücum edilməsi, bir əməkdaşımızın öldürülməsi, bir neçəsinin yaralanması və son zamanlar Ermənistanla bu dərəcədə yaxınlaşması heç xoşagələn bir məsələ deyil. Onlar başa düşməlidir ki, Azərbaycan bu gün fərqli, başqa bir Azərbaycandır. Azərbaycanla dostlu etmək, əməkdaşlıq etmək bütün ölkələr üçün sərfəlidir, o cümlədən İran. Ancaq digər yolu seçən İran bundan qazanmayacaq, uduzacaq.

- Türkiyədə baş verən zəlzələ səbəbindən qardaş dövlətin hakimiyyətinin diqqəti zəlzələnin fəsadlarının aradan qaldırılmasına yönəlib. Belə bir vəziyyətdən Ermənistanın istifadə etməli olduğu barədə sosial medianın erməni seqmentində çağırışlar səslənir. Bununla bağlı münasibətiniz necədir?

- Kimsə nəsə danışacaq, yazacaq. Türkiyə böyük bir dövlətdir. Çox çətin günləri yaşayır, mənim hər bir azərbaycanlı kimi ürəyim qanla doludur. Kim hansı fikirlər söyləyirsə, o fikirlərin böyük Türkiyə, böyük Azərbaycana heç bir dəxli olmayacaq. Bu gün bütün dünya Türkiyəyə kömək edir. O insanlar, o qurumlar ki, bu cür fikirlər söyləyir onlar özlərini ifşa edir. Özlərini Türkiyəyə dəstək fəlsəfəsindən kənar qoyurlar. Onlar haqqında heç danışmağa dəyməz. Ancaq normal, sivil, dünyanın dəyərlərinə, insanlığa hörmət edən hər bir ölkə bu gün Türkiyənin yanındadır.

- Qardaş Türkiyədə çox şiddətli zəlzələlər baş verdi. Bu zəlzələdə zərər çəkənlərə Azərbaycanda yardım kampaniyası aparılır. Xalqımız çox mütəşəkkil bir şəkildə qardaş Türkiyə xalqı üçün yardımlar göndərir. Bu kampaniyanın gedişatını necə dəyərləndirirsiniz?

- Bunu kampaniya adlandıra bilmərəm. Bu bizim daxilimizdə olan bir millət anlayışıdır. Biz öz qardaşlarımıza, öz yaxınlarımıza, öz balalarımıza dəstək olaraq kampaniya edirikmi? Əsla yox! Onlar bizim qardaşlarımızdır, bacılarımızdır, analarımızdır, atalarımızdır, uşaqlarımızdır. Bunu kampaniya adlandırmaq düzgün deyil. Bu elə bir işdir ki, Azərbaycan Türkiyə arasında olan əlaqələrin hansı yerdədir səviyyədə olduğunu göstərir. Ona görə də nə qədər lazımdırsa, Azərbaycan köməklik edəcək. Əminəm ki, qısa bir zamanda dəhşətli zəlzələnin nəticələrini bərpa etmək də olacaq. Binalar da tikiləcək, məscidlərdən də azan səsi gələcək. Nə etmək olar ki, itkilərimizi qaytarmaq olmayacaq. Allah onlara rəhmət etsin. Yaşasın Türkiyə! Yaşasın Türkiyə! Yaşasın Türkiyə və Azərbaycan dostluğu! Sizə də tövsiyyə edirəm, bunu kampaniya adlandırmayın. Bu içəridən gələn hissdir, bu bizim birliyimizdir. Biz özümüzə kampaniya edə bilərikmi? Bu yardım, dəstək getdikcə çoxalacaq. Türkiyə nə qədər tez dirçəlsə, bir o qədər bu hamı üçün ürəkaçan olacaq.

Rəşid QARAYEV,

AzNews.az