- Müsahibə
- 24 Fevral 2023 09:00
- 26 822
"Bu tip xəbərləri çox oxumasınlar" - Harvard Universitetinin elmi işçisi
AzNews.az analitik-informasiya portalının suallarını İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsinin məzunu, Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının elmi işçisi, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov cavablandırır:
- Türkiyədə çox şiddətli zəlzələ baş verdi. Şəhərlər kəndlər demək olar ki yerlə yeksan oldu. Bu zəlzələdən xilas olan insanlara psixoloji yardım necə göstərilməlidir?
- Ümumiyyətlə, zəlzələdən xilas olan insanlara psixoloji yardım göstərərkən hər kəsə individual yanaşmaq lazımdır. Çünki zəlzələ böyük bir fəlakətdir. O səbəbdən dağıntılar altından sağ çıxan hər insan kəskin travma yaşayır. Bəzi insanlar bu travmanın öhdəsindən gəlir, bəziləri isə psixoloji həssaslığı, daha əvvəllər başına gələn travmalar səbəbilə çətinlik yaşayırlar. Bu insanlara daha özəl yanaşmaq lazımdır. Ümumiyyətlə, travma sonrası stresin 2 növü var: İlkin dövrdə olan stres pozuntusu və təxminən 2 aydan sonra ortaya çıxan post-travmatik stress. Ona görə birbaşa psixoloji yardım deyil, insanların uzun müddət müşahidə edilməsi və ortaya çıxan problemlərin yerindəcə həll edilməsi çox önəmlidir. Sualınızın cavabını konkretləşdirsək, individual yanaşma və təqib əhəmiyyət kəsb edir.
- Ailələr üzvlərini itirdi, bu da çox böyük sarsıntıdır. Bununla bağlı psixoloji vəziyyəti düzəltmək üçün hansı addımlar atılmalıdır?
- Bu məsələdə uşaq və böyüklər üçün vəziyyət birbirindən fərqli olur. Çünki bəzi daha kiçik yaşda uşaqlar var ki onlar yaxınlarını itirdiyi zaman yaranan problemi həmin an anlamırlar. Burada yuxarıda qeyd etdiyim kimi, travmanın gedişatı çox önəmlidir. İlkin planda yenə də təqibə alınmaq, ilkin stres reaksiyalarını tənzimləmək lazımdır. Əslində onların nələr yaşadıqlarını ifadə etmələrinə imkan vermək, sonrakı dövrdə onları təqib edərək yerinə görə istər dərman, istər psixoterapiya vasitələri ilə kömək etmək lazımdır. Burada sosial dəstək də çox önəmlidir. Kimsəsiz qalanların sonrakı dönəmdə travmadan əziyyət çəkən insanlarla qrup terapiyalarına qatılması, onlardan başqa da problem yaşayan insanların olduğunu bilməsi və o insanlarla peşəkar nəzarətində müzakirələrin aparılması travmanın təsirinin azaldılmasına ciddi xidmət göstərəcəkdir.
- Türkiyə cəmiyyətində çox böyük sarsıntı yaranıb. Bunu sosial psixoz adlandırmaq olar?
- Sosial psixoz yox, sosial stres reaksiyası demək daha doğrudur. Bu hadisə nəinki Türkiyədə, hətta bizim ölkəmizdə də ciddi sarsıntı yaratdı. İnsanlar artıq çoxmərtəbəli binalarda yaşamaqdan təşviş keçirməyə, narahat olmağa başladılar. Ümumiyyətlə, sosial öyrənmə çox önəmlidir. Yəni, bu cür təbii fəlakətin bir insanın başına gəlməsə də, başqalarının başına gəldiyini görməsi, hiss etməsi, mediadan izləməsi müəyyən stres hallarına gətirib çıxara bilər.
- Kütləvi travma olan yerdə metafizik iddiaları ortalığa atılır. Buna münasibətiniz necədir?
- Müasir təbabət sübuta əsaslanan təbabətdir. Sübuta əsaslanan təbabət olduğu üçün tibbdə metafizikaya yer yoxdur. Amma subyektiv yanaşmamı soruşsanız, mən, ümumiyyətlə, metafizikaya inanan mütəxəssisəm. Hər şeyin bəzən səbəblərlə, iddialarla, sübutlarla açıqlana bilməyəcəyini düşünürəm. Ona görə müxtəlif metafizik hadisələr varsa, biz onu tibbi cəhətdən isbat edə bilmərik. Həkim kimi buna münasibətim təbii ki, mənfidir. Amma insan olaraq ola biləcəyini düşünürəm.
- Azərbaycanda da insanlar bu hadisəyə çox pis oldu. Bu travma Azərbaycan cəmiyyətində də müşahidə olunur mu?
- Təbii ki, müşahidə olunur. İnsanlar əslində mediadan izləyərək, hətta bəzi vətəndaşlarımız Türkiyəyə gedərək oradakı insanların hallarını gördülər. Bizdə də buna bənzər bir hadisə yaşanmışdı. 1992-ci il Qarabağ müharibəsində insanlarımız evsiz qalmış, yaxınlarını itirmişdi. Biz Türkiyədəki fəlakətlə bu hadisələri müəyyən mənada yenidən yaşamış kimi olduq. Bir də bu hadisəni yaşayan insanlar bizim qardaşlarımız olduğu üçün istər-istəməz bizə təsirsiz ötüşmədi. Hər birimiz yardıma gedərkən öz qızının cehizini gətirəni, köhnə maşınında əlində olan hər şeyi verəni gördük, ürəyə toxunan hadisələr müşahidə etdik. Çünki oradakılar da bizim öz insanımız, öz millətimizdir. Ona görə təsiri birmənalı şəkildə bizim cəmiyyətdə də hiss olundu.
- Bizim cəmiyyətdə bu travmanın təsirlərini aradan qaldırmaq üçün bu məsələlər necə yoluna qoyulmalıdır ?
- Mən əslində bu məsələyə bir az fərqli tərəfdən yanaşıram. Bu travmanı minimalizə etmək lazımdır. "Whatsapp" qruplarından tutun "Instagram"a qədər mediada edilən paylaşımlar, o travmanın ən faciəli, ən fəlakət tərəflərinin gözümüzə soxulması, televiziya kanallarının oradakı travmatik hadisələri açıq-aydın göstərməsi, psixoloji həssas insanlara mənfi təsir göstərdi. Bəlkə də bunu əvvəldən ölçülü formada göstərmək lazım idi. Lakin artıq bundan keçib. Bəs keçdikdən sonra necə aradan qaldırmaq olar? Burada da individual yanaşma lazımdır. Hadisədən ciddi təsirlənən insanlar mütləq psixoloji yardım üçün müraciət etməlidirlər. Əgər kliniki tibbi durum yaranıbsa, bunun tibbi vasitələrlə, psixoloji məqamlar yaranıbsa, psixoterapiya üsullarından istifadə edilərək aradan qaldırılmalıdır.
- İnsanlarda narahatçılıq, panika yaranıb. Bu panikaya qarşı klinik psixoloqlar nələr tövsiyə edir?
- İnsanın panikaya qarşı öz şəxsi psixi strukturu ciddi əhəmiyyət kəsb edir. Psixi immunitetiniz zəifdirsə, burada istər dərman vasitələri, istər terapiya metodları, istərsə də qrup terapiyaları ilə psixoloji yardım mütləqdir. Ümumi tövsiyə odur ki, mediadan uzaq dursunlar. Bu tip xəbərləri çox oxumasınlar.
- Azərbaycanda kədərlə yanaşı ermənilərin tutduğu mövqe ilə bağlı bir qızğınlıq da müşahidə olunur. Ermənilər sosial şəbəkələrdə sevinir, təbiət hadisəsindən məmnunluq keçirlər. Bir cəmiyyət necə ola bilər ki, bu cür böyük faciəyə sevinsin?
- Ermənilər xislətlərini illərdir göstərirlər. Buna təəccüblənmək lazım deyil. Bir erməni üçün bir türkün ölümü bayramdır. Bu insanlar türkləri - həmçinin azərbaycanlıları nəzərdə tuturam - hər zaman arxadan vurmağa, bizlərin fəlakətlərinə sevinməyə, bundan istifadə etməyə meyilli olublar. Bu da onlarda bir fürsət yaratdı ki, bu fəlakəti "şadyanalıqla" qeyd etsinlər. Erməni xisləti özünü büruzə verdi. Bu insanlıqdan uzaq bir şeydir. İnsan olanın buna sevinməsi qəbuledilməzdir. Əgər həqiqətən sevinirlərsə, vicdandan uzaqlaşıblar deməkdir.
- Zəlzələdən xilas olanlarla necə rəftar edilməlidir? Onlar necə təsəlli edilməlidir?
- Zəlzələdən xilas olanlar təsəlli edilməməlidir. Onları təsəlli etmək doğru yanaşma deyil. Hər insan travmanı fərqli şəkildə yaşadığı üçün kəskin dövrdə bu insanların istər sosial, istər psixoloji mənada dəstəklənməsi lazımdır. Üzərindən bir neçə ay keçdikdən sonra bu travmanı təkrar-təkrar yaşayıb, öhdəsindən gələ bilmirlərsə, artıq müalicə metodlarından istifadə etmək çox önəmlidir.
- "Vicarious trauma" deyilən bir anlayış var. Həm Türkiyə, həm Azərbaycanda insanlar bununla necə mübarizə apara bilərlər?
- Daha çox travma yaşayanla işləyən terapevtin o travmadan təsirlənməsi, pasientdən mütəxəssisə ötürülmə nəzərdə tutulur. Buradaki məsələnin terapevtin peşəkarlığı ilə də birbaşa əlaqəsi var. Terapevt bir az təcrübəlidirsə, daha az təsirlənir. Bu tip travmalarda insan olan hər kəsin, terapevtlərin belə təsirlənmə ehtimalı çox yüksəkdir. Əgər terapevt bu travmadan təsirləndiyini və empatiya qurarkən neytrallığı keçdiyini görərsə, pasienti başqa bir həmkarına yönləndirməsi və istirahət etməsi, mövzudan bir az uzaqlaşması lazımdır.
- Dağıntılar arasından əsasən uşaqlar xilas olunur. Bu onu göstərmirmi ki, uşaqlar təşvişə düşmədiyi üçün sağ qala bilirlər?
- Elmi tədqiqat da göstərir ki, təşvişə düşmək insanın hərhansı bir xəstəlikdən ölmə ehtimalını daha çox artırır. Bu bir fakt olaraq deyilə bilər. Lakin ümumi fakt olaraq sağ qalmağın səbəbi təşvişə düşməmək deyil. Böyük ehtimalla uşaqlar daha kiçik olduqları üçün boşluqlarda daha çox qorunurlar. Bayaq dediyiniz kimi, bəlkə də metafizik mənada onları mələklər qoruyur (gülür - red.) Çünki onlar daha günahsız, daha məsumdurlar. Bunun sırf təşvişlə əlaqəli olduğunu deyə bilməyəcəyəm.
- Psixologiyada alışılmış çarəsizlik sindromu var. Bu sindrom nə vaxt işə düşəcək və insanlar normal həyatına davam edəcək?
- Baxın, burada bir neçə məqam olduğu üçün ümumiləşdirmək asan deyil. Psixo-immuniteti, həssasiyyəti, daha əvvəl olan psixi problemi, təşviş pozuntusu olan insanlar belə bir fəlakət yaşayarsa, travmanın təsirləri daha çox özünü büruzə verər. Bu insanlara doğru zamanda kömək etməsəniz, doğru dəstəyi göstərməsəniz, heç bir şey işə düşməz. Onların normal həyatına qayıtması mümkünsüzdür demirəm, ancaq çox çətin olar. Bəzən xüsusilə psixi-immuniteti güclü insanların o travmanı yaşamasına imkan vermək önəmlidir. İnsan öz psixi immuniteti ilə travmalarının təsirlərinin öhdəsindən gələrsə, bu onu daha güclü, daha sağlam, daha iradəli edər. Belə bir təbii fəlakətin öhdəsindən gəlmək, asanlıqla bu travmanın təsirlərindən qurtulmaq hər zaman mümkün deyil. Bəzi insanlar öyrəşəcəklər, vəziyyətdən çıxacaqlar. Öyrəşə bilməyən insanlara da yardım etmək çox əhəmiyyətlidir.
Pərvanə