- Müsahibə
- 23 Fevral 2023 22:48
- 21 133
"Naxçıvanda aparılan islahatlar böyük inkişafa səbəb olacaq"- İlqar Orucov
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğunda fəaliyyətinə həsr olunmuş konfrans keçirilib.Konfransla bağlı suallarımızı “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucova ünvanladıq:
- Cənab Orucov, Azərbaycan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Naxçıvanda böyük bir tədbir keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğundakı roluna həsr olunmuşdu. Öncə bu tədbir barədə təəssüratlarınızı bölüşməyi xahiş edirik.
- Düşünürəm ki, konfrans çox önəmli bir tədbir oldu. Bunu biz bir neçə aspektdən dəyərləndirə bilərik. Adından da göründüyü kimi tədbir Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilirdi. Bilirik ki, Cənab Prezidentin müvafiq sərəncamı ilə 2023-cü il Azərbaycanda Heydər Əliyev ili elan edilib. Hesab edirəm ki, bu həm də Azərbaycanda fəaliyyət göstərən QHT-lər üçün fürsətdir. Çünki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı hər zaman Ulu Öndərimizin diqqətində olub. Vətəndaş cəmiyyəti də bu qayğını hər zaman hiss edib. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı məhz Ulu Öndər tərəfindən çox böyük işlər görülüb. Düşünürəm ki, bu işləri xatırlamaq, eyni zamanda gələcək nəsillərə ötürmək, bunu tarixdə yaşatmaq, hər bir vətəndaşın borcudur. Həm də bununla biz öz tariximizi yaşatmış və tariximizə bir daha nəzər salmış oluruq. Bu qədər QHT rəhbərinin Naxçıvana səfərinin əhəmiyyəti çox böyükdür. Səfərlə bağlı təəsüratlarım yüksəkdir.
- Naxçıvanda elmi mühitin, təhsilin vəziyyəti necədir, bu istiqamətdə orada hansısa islahatlara, yeni proqramlara ehtiyac varmı? Çünki Naxçıvan hər zaman ziyalılar bölgəsi kimi tanınıb.
- Onu deyim ki, nəinki Naxçıvanda, bütün Azərbaycanda elm və təhsillə bağlı hər zaman yeni proqramlara, təşəbbüslərin reallaşmasına ehtiyac var. Ümumilikdə isə elm və təhsil hər bir dövlətin inkişafında prioritet olmalıdır. Bu baxımdan da bu istiqamətdə yeni proqramların reallaşmasına ehtiyac və böyük zərurət var. Siz bu sualda çox haqlı olaraq qeyd edirsiz ki, Naxçıvan hər zaman ziyalılar bölgəsi kimi tanınıb. Ümumiyyətlə, Azərbaycan xalqının intellektual səviyyəsini mən çox yüksək qiymətləndirirəm və düşünürəm ki, Azəbaycanın hər bir bölgəsi və eləcə də Naxçıvan hər zaman öz böyük alimləri, ziyalıları, intellekt sahibləri ilə seçilib. Təbii ki, biz mühitimizi hər zaman münbit saxlamalıyıq ki, Azəbaycanda məhz yeni nəsil intellektuallar, alimlər yetişə bilsin. Bütövlükdə isə bu insanlar Azərbaycanın gələcəyini daha parlaq etsinlər. Bəli, bu istiqamətdə Naxçıvanda da, Azərbaycanın hər bir bölgəsində o sağlam mühiti qorumaq, formalaşdırmaq lazımdır. O ki qaldı, Naxçıvanda elm və təhsilin çağdaş vəziyyətinin necə olmasına, onu deyə bilərəm ki, bu barədə bitkin fiikir söyləmək üçün ordakı mühitin hansı formada olmasını öyrənmək lazımdır.
- Hazıda Naxçıvanda vətəndaş cəmiyyətinin vəziyyəti nə yerdədir? Naxçıvanda vətəndaş cəmiyyəti təşkilatları varmı? Aktiv fəaliyyət göstərə bilirlərmi?
- Mən düşünürəm ki, hazırda Naxçıvanda vətəndaş cəmiyyətinin vəziyyəti heç də yaxşı deyil. Bu həqiqətən də belədir. Naxçıvanda uzun illər vətəndaş cəmiyyətinin fəaliyyəti üçün münbit şərait olmayıb. Naxçıvana gediş-gəliş kifayət qədər çətin olub. Naxçıvanda əvəlki rəhbərliyin dövründə, çox təəsüf edirəm ki, vətəndaş cəmiyyəti sıxışdıırlıb. Bunlar reallıqlardır. Bu konfransda da bizim çox dəyərli ziyalılarımız var idi. Hansı ki, onları vətəndaş cəmiyyətinin generalları adlandırmaaq olar. Məsələn, Novella xanım çıxışında bir neçə dəfə bu barədə danışdı və onun bu fikirləri zalda alqışlara səbəb oldu. Düşünürəm ki, həqiqət hər zaman ifadə olunmalıdır. Həqiqəti etiraf etdikcə, inkişafın yolunu tapa biləcəyik.
Naxçıvanda çox məhdud sayda vətəndaş cəmiyyəti fəalları fəaliyyət göstərir. Say kifayət qədər azdır. Təxminən 15 QHT-nın olması ilə bağlı məlumat verilir. Bu da onu göstərir ki, demkoratik mühit həqiqətən də çox zəif olub. Ümumiyyətlə vətəndaş cəmiyyətinə münasibət sivil dövlətlərdə hər zaman yüksək olub. Amma təəsüflər olsun ki, yerli məmurlar bəzən bunun mahiyyətinə varmırlar, bunu başa düşəcək səviyyədə olmurlar. Bəzən görürük ki, hansısa bir yerli məmur və yaxud da yerli icra hakimiyyətinin rəhbəri məsələnin mahiyyətini başa düşmür. Cəmiyyətin maarifləndirilməsi, şəffaflığın təmin olunması, ictimai nəzarətin daha düzgün həyata keçirilməsi inkişafa gətirib çıxaracaq. Bütövlükdə vətəndaş cəmiyyəti Naxçıvanın inkişafına böyük kömək göstərəcək. Ümid edirəm ki, cənab prezidentin tapşırığı ilə Naxçıvanda aparılan islahatlar böyük inkişafa səbəb olacaq.
- Naxçıvanda vətəndaş cəmiyyəti təşkilatlarının inkişafı üçün nələr lazımdır?
- İlk növbədə Naxçıvanda idarə etməyə cəlb olunmuş insanlar məsuliyyətlərini başa düşməlidirlər. Onlar sağlam düşüncə ortaya qoymalıdırlar. Mən ümid edirəm ki, bu, həqiqətən də belə olacaq. Hesab edirəm ki, Naxçıvana QHT rəhbərlərinin səfər etməsi həm də buna hədəflənib.
- Azərbaycan dövləti Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli mövqe ortaya qoyub. Bu, ilk növbədə Naxçıvanda canlanmanın, iqtisadi liberallaşmanın getməsi zərurətini meydana çıxarır. Əgər Naxçıvanda iqtisadi liberallaşma gedərsə, bu Bakıda olduğu kimi, şəhərsalma baxımından bir xaotik vəziyyət yaradacaq, yoxsa bu proses sistemli şəkildə idarə olunmalıdır ki, Naxçıvanın gözəliyi, şəhər mədəniyyəti pozulmasın?
- Zəngəzur dəhlizinin açılması ilə bağlı Cənab Prezidentin hər zaman qətiyyətini görmüşük. Mən də əminəm ki, Azərbaycan Prezidenti, Ali Baş Komandanınn bu qətiyyətinin nəticəsi hökmən olacaq. Bu dəhlizin açılması ilə Naxçıvanla ölkəmizin əsas ərazisi arasında quru yollar bərpa olunacaq. Bununla da iqtisadi liberallaşmanın zərurəti meydana çıxır. Bu sualda çox maraqlı bir məqama toxunmusunuz. Biz Naxçıvanda olarkən, necə gözəl şəhər mədəniyyətinin olmasını görürdük. Təbii ki, mən Naxçıanda daha gözəl şəhər mədəniyyətinin olması ilə bağlı perspektivlər görürəm. Naxçıvanda heç bir pərakəndə tikinti yoxdur, şəhərsalma qaydalarına təmamilə əməl olunub. Naxçıvanda görülən işlərin memarı Ulu Öndər Heydər Əliyev, daha sonra isə İlham Əliyev olub. Hər iki siyasi liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvana hər zaman diqqət və qayğı olub. Bu qayğı bu gün də davam edir. Ona görə də əminəm ki, dəhlizin açılması, liberallaşmanın Naxçıvana gəlməsi ilə sualda qeyd etdiyiniz o narahatlıq olmayacaq. Çünki, burada şəhər mədəniyyətinin gözəlliyini mütləq şəkildə qorumaq lazımdır. Biz də vətəndaş cəmiyyəti nümayəndələri olaraq imkan verə bilmərik ki, Naxçıanın özünəməxsusluğu pozulsun və kimlərsə, bundan sui-istifadə etsin.
- Naxçıvanın strateji bir mövqedə yerləşir. İran, Ermənistan, Türkiyə kimi ölkələrlə qonşudur və bununla da əgər, həmin bölgədə dəhliz açılacaqsa, İranın da təsirlərinin genişlənməsinə səbəb ola bilər. Bəs, vətəndaş cəmiyyətinin quruculuğu bu prosesin qarşısının alınması baxımından nə qədər rol oynaya bilər?
- Azərbaycana təsirlər və təhdidlər hər zaman olub. Bu Azərbaycanın yerləşdiyi strateji mövqe ilə bağlıdır. Şərq-Qərb dəhlizində, böyük ipək yolunun üzərində yerləşməsi, eyni zamanda Azərbaycanın kifayət qədər enerji resurslarına malik olması bu əraziyə strateji diqqəti hər zaman artırıb. Düşünürəm ki, nəinki Naxçıvanda, bütövlükdə Azərbaycanda bu yad təsirlərdən qorunmaq üçün vətəndaş cəmiyyəti mühüm bir institut rolunu oynamalıdır. Agentliyin müşahidə şurasının üzvü olaraq tam əminliklə deyə bilərəm ki, bu gün vətəndaş cəmiyyəti bu istiqamətdə həqiqətən də doğru mövqe nümayiş etdirməkdədir. Azərbaycanın vətəndaş cəmiyyəti sağlamdır. Yad elementlərin cəmiyyətimizə daxil olması ilə bağlı mübarizədə ən doğru yanaşma maarifləndirmədən keçir. Bunu da vətəndaş cəmiyyəti institutları çox uğurla həyata keçirirlər. Azərbaycançılıq ideologiyasının təbliğində vətəndaş cəmiyyəti institutları çox aktiv iştirak edirlər. Vətəndaş yoxdursa, təbii ki, vətən də yoxdur. Bu baxımdan da onları qərar qəbul etmə prosesinə cəlb etmək, eyni zamanda qərarların icrasına cəlb etmək yanaşmasını ağıllı dövlətlər və eyni zamanda Azərbaycan dövləti hər zaman doğru qiymətləndirib.
- Hazırda Naxçıvanda əhali o qədər də çox deyil. Bu da onunla bağlıdır ki, orada iqtisadi təşəbbüslər xeyli dərəcədə məhdud olduğundan bir çox vətəndaşlar Bakıya gəlib. Bununla da digər yerlərə köç dalğası başlayıb. Ümumuyyətlə, əhalinin geri qaytarılması üçün hansı addımlar atılmaldır və əhali geri qayıtdığı zaman onların dolanışığı necə təmin olunmalıdır?
- Düşünürəm ki, Naxçıvanda iş yerlərinin açılması çox vacibdir. Əhalinin Naxçıvana qayıtmasını təmin etmək lazımdır. Naxçıvan əhalisi, təkcə Bakıya və digər rayonlara köçməyib. Elə şəxslər var ki, bu gün Türkiyədə yaşayır. Orda məskunlaşmanın özündə də xeyli problemlər var. Onlar bu günə qədər qanunsuz, heç bir sənədləri olmadan yaşayır. Təbii ki, məktəb görməyən, sənədi olmayan bir insan xoşbəxt həyat sürə bilməyəcək. Bunun üçün də ölkəmizdə şərait qurmaq lazımdır. Bu məqamda isə iqtisadi liberalizm çox vacibdir. Biz insanlarımız üçün o mühiti yaratmalıyıq. Azərbaycanın hər bir bölgəsinin sakinləri vətənə, torpağa bağlıdırlar. Əhalinin geri qaytarılması üçün çox ciddi şəkildə addımlar atılmalıdır. Düşünürəm ki, məqsədli proqramların qəbul olunması naxçıvanlıları yurdlarına qaytaracaq və biz yenidən o canlanmanı görəcəyik. Mən nə qədər Bakıda, Sumqayıtda yaşayan naxçıvanlı tanıyıram ki, onlar Naxçıvandakı evlərinə qıfıl vurub gəliblər. Hansı insan öz doğma evini qoyub, gəlib Bakıda, yaxud ölkədən kənarda kirayə qalar? Zəngəzur dəhlizi nəyin bahasına olursa- olsun, reallaşacaq. Bu reallaşma Naxçıvana yeni həyat gətirəcək.
Aynur HÖKMÜRƏVAN
AzNews.az
QEYD: Müsahibə "Azərbaycançılıq ideyasının təbliği- “Heydər Əliyev İli" sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
.png)