- Müsahibə
- 1 Mart 2023 17:39
- 26 922
"Ramin Məmmədovu müsbət səciyyələndirirəm"- Deputatla introspektiv müsahibə
Milli Məclisin deputatı Ramin Məmmədov martın 1-də Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Yayılan məlumatlara görə, 1979-cu ildə Ağdərədə anadan olmuş deputat erməni icması ilə təmaslar üçün məsul şəxs müəyyən edilib. Bu görüşlə bağlı suallarımıza millət vəkili Nəsib Məhəməliyev cavab verir.
- Cənab Məhəməliyev, Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə təmas saxlamaq üçün məsul şəxs müəyyən edilmiş həmkarınız Ramin Məmmədovu necə xarakterizə edərdiniz?
- Ramin Məmmədov müsbət, savadlı, pozitiv, mövcud ictimai-siyasi prosesləri dərindən təhlil etmək qabiliyyətində olan perspektivli millət vəkilidir. Onunla bağlı fikirlərim yalnız müsbətdir.
- Görüşdə "AzərGold" QSC və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də iştirak edib. Bu isə o deməkdir ki, Ağdərə mədənləri də müzakirə mövzusu olub. Siz necə fikirləşirsiniz?
- Bizim ekoloji təşkilatlarımızın, ekoloji fəallarımızın aksiyasının məqsədlərindən biri də Qarabağın təbii sərvətlərinin erməni mənşəli kriminal biznesmenlər, Ermənistan tərəfindən talan olunmasına imkan verməməkdir. Hesab edirəm ki, aksiya ərzində bu məqsədə biz nail olmuşuq. Artıq daşınmaların qarşısı alınıb. Qalıb mədənlərə nəzarət məsələsini həll etmək.
- Ramin Məmmədovun Qarabağın erməni icması ilə təmaslar üzrə nümayəndə kimi müəyyənləşdirilməsi ilə Azərbaycan hakimiyyəti sistemli şəkildə ermənilərin cəmiyyətimizə reinteqrasiyası prosesinə start verib. Bu təmasların perspektivini necə görürsüz?
- Biz ən yüksək, ali səviyyədə cənab Prezidentin dilindən də dəfələrlə eşitmişik ki, Qarabağda məskunlaşmış ermənilər bizim vətəndaşlarımızdır. Biz torpaqlarımızı azad etmişik və onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası başlanmalıdır. Bu baxımdan mən hesab edirəm ki, doğru addımdır. Vətəndaş cəmiyyətləri intitutları, siyasətçilərin, diplomatların, deputatların iştirakı ilə bu məsələ həyata keçirilə bilər. Artıq torpaqlarımızın işğalı səhifəsini biz bağlamalıyıq. Təbii ki, qərəzli şəkildə Qarabağa sonradan gətirilmiş, şərq ölkələrindən, yaxud da Ermənistandan müəyyən proqramlar çərçivəsində orada məskunlaşdırılmış insanlarla biz danışmayacağıq. Ancaq Qarabağda doğulan, orada yaşamış, oraya bilavasitə aidiyyəti olan ermənilər bizim vətəndaşlarımızdır və onlarla biz konkret iş aparmalıyıq. Onlar Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalıdırlar. Bunun başqa alternativi yoxdur.
- İlk görüşdə daha nədən danışılıb və gələcəkdə gündəlikdə hansı məsələlər olacaq?
- İlk görüşdə hər şeydən əvvəl Qarabağda hər hansı erməni silahlı qrupun olmaması şərti olmalıdır. Zənnimcə, bu məsələ qaldırılıb. İstənilən halda Qarabağ ərazisində hər hansı terror dəstələrinin fəaliyyətinə biz imkan verməyəcəyik. Belə bir şərt mütləq qoyulacaq. Sonrakı proseslər təbii ki, Azərbaycan dövlət atributlarına hörmət əlaməti olaraq Azərbaycan bayrağının, konstitusiyasının, gerbinin və digər dövlət atributlarının orada bərqərar olmasıdır. Ermənilər ərazi bütövlüyümüzi, Ana Yasamızı qəbul etməlidirlər. Qəbul etməyənlərə ancaq yol göstərə bilərik. Bura Azərbaycan torpağıdır və beynəlxalq birlik tərəfindən tanınmış torpaqdır. Burada hər hansı separatçılığa bundan sonra biz imkan verməyəcəyik. Ermənilərin bunu başa düşməsi, dərk etməsi vacibdir. Digər addımlar, sosial problemlərin həlli, infrastruktur layihələrinin icrası, müəyyən sosial təminatlar müvafiq nazriliklər vasitəsilə həyata keçiriləcək. Əsas məsələ odur ki, orada Azərbaycan qanunvericiliyinə uyğun şəkildə ermənilərin azərbaycanlılarla birlikdə gələcək yaşayış təmin olunmalıdır.
- Bütövlükdə bu təmasların yaranmasını həm də Xankəndi yolundakı aksiyanın nəticəsi saymaq olarmı?
- Bayaq qeyd etdim, Qarabağdan artıq qızıl, mis, molibden xammalı daşınmır. Buna imkan vermirik. İkincisi, Qarabağa diversant qruplar gəlib çıxa bilmir. İstər İran, istər digər ölkələrin vətəndaşları ərazimizə qanunsuz şəkildə keçmir. Üçüncüsü, aksiya nəticəsində artıq Ermənistan Qarabağa mina və ağır silahlar daşıya bilmir. Biz imkan verə bilmərik ki, silahlı dəstələr yenidən Qarabağda cəmlənsinlər. Orada olanlar da çıxmalıdır. Bu üç faktora görə aksiyalar özünü tam doğruldub. Digər məsələlər də var. Laçın yolunda sərhəd nəzarət, gömrük məntəqələrimizi qurmalıyıq. Hesab edirəm ki, bunu da biz yaxın zamanda həyata keçirəcəyik. Proses məntiqi sonluqla başa çatmalıdır.
Rəşid QARAYEV