"Ermənistan Araz çayını məhv etmək istəyir" - MÜSAHİBƏ

Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası istiqamətindəki həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşa etmək niyyətindədir. Bununla bağlı Azərbaycanın ekoloji yönümlü QHT-ləri birgə bəyanat qəbul ediblər. AzNews.az mövzu ilə bağlı “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayevlə müsahibəni təqdim edir:

- Cənab Babayev, Ermənistan Naxçıvanla sərhəddə- Arazdöyəndə metallaurgiya zavodu tikmək istəyir. Bu Araz çayına, Azərbaycanın tərkib hissəsi olan Naxçıvana qarşı ekosid planıdır. Bu planı işə salmaqda Ermənistan hansı cinayətləri edir?

- Ermənistan ilk növbədə beynəlxalq hüququ pozur. Bu layihəni həyata keçirməklə beynəlxalq hüquq normalarında göstərilən qaydaları pozur. Əgər bir dövlət sərhəd ərazisində müəssisə tikirsə, o zaman qonşu dövlətlərlə bunu razılaşdırmalıdır. Ermənistan heç vaxt Azərbaycanla bu məsələ barəsində danışıqlar aparmayıb. Eyni zamannda BMT-nin davamlı inkişaf məqsədlərinin 4 prinsipini pozub. İqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi ilə bağlı məsələlərə ciddi yanaşmır. Bu zavodun tikintisi təkcə Azərbaycanla deyil, eyni zamanda Türkiyə ilə də razılaşdırılmalıdır. Çünki həmin ərazi Türkiyə ilə də yaxınlıqda yerləşir. Bu zavodun tikilməsi kənd təsərrüfatının, su hövzələrinin çirklənməsinə səbəb olur. Oxçuçaya axıdılan tullantılar bioloji müxtəlifliyimizə vurulan ziyandır. Arazdəyən kəndi Araz çayının ətrafında yerləşir. Bu da o deməkdir ki, zavodun tullantıları Araza axıdılacaq. Bir neçə gün öncə ekoloji yönümlü Qeyri Hökmət Təşkilatlarının səsləndirdiyi bəyanatdan sonra Ermənistanın ətraf mühit naziri məsələyə əsassız münasibət bildirərək bu müəssisənin guya bütün hüquq normalara uyğun olaraq tikildiyini bildirir. Azərbaycanın məzələyə yanaşmasını isə onların iqtisadi cəhətdən mane olduğunu önə çəkir. Əgər bu zavod bütün hüquq normalara uyğun tikilirsə niyə qonşu dövlətlərlə razılaşma yoxdur? Qeyd edim ki, bu, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikilməsi transsərhəd kontekstində ətraf mühitə təsirinin qiymətləndirilməsi haqqında 1991-ci il konvensiyanın kobud şəkildə pozulmasıdır. Konvensiyanın şərtlərinə görə tərəflər ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsirinin ola bilməsi ilə bu ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı və sənədləşdirilməli idi. Ermənistan və Azərbaycan həmin konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda Azərbaycanın müvafiq qurumları baxmalı bölgəyə yaxın yaşayan azərbaycanlılarla da müzakirələr aparılmalı idi. Görünür ki, Ermənistan beynəlxalq hüququ ciddiyə almır. Öz bildiyi kimi addımlar atır. Xatırladaq ki, ermənilər Araz çayını ekoloji fəlakətin qurbanına çevirirlər.

Faktlar göstərir ki, Ermənistan təkcə Azərbaycan üçün deyil, region üçün böyük təhlükədir. 40 ildən çoxdur ki istifadə edilən , istismar müddətini çoxdan başa vuran Metsamor Atom Elektrik Stansiyası Azərbaycana qarşı təhdid kimi istifadə edilir. Digər tərəfdən bölgə üçün ekoloji fəlakət Oxçuçayın mənbəsində yerləşən mis emalı zavodunun toksik tullantıları ilə çirkləndirilməsidir. Bu çaya axıdılan kimyəvi zərərli maddələrin çoxluğu diqqət çəkir. Ermənistanda mədən sahəsi ilə fəaliyyət göstərən xarici şirkətlər standartlara riayət etmədiyi üçün təkcə Zəngilan rayonu deyil, həm də ətraf bölgələr ekoloji terrorla üz-üzə qalıb. Oxçuçay kəskin şəkildə çirkləndiyi üçün çayın Azərbaycan ərazisi boyu keçdiyi ekoloji sistemi bərpa olunmaz deqredasiyaya məruz qoyub.

- Bu layihənin gerçəkləşdirilməsi üçün maliyyə yatırımı edənlərdən biri Amerikadır. Sizcə, Amerika bunu Azərbaycana qarşı qəsdən edir, yoxsa sadəcə layihədə maraqlı tərəfdir?

- Amerika Ermənistanı dəstəkləyən ölkədir. Avropa dövlətlərindən də Ermənistanın bu kimi fəaliyyətlərini dəstəkləyən ölkələr var. Sanki Azərbaycanla Ermənistanın arasında olan sülh müqaviləsinin imzalanmasına əngəl yaratmaq istəyir. Bu layihənin sülh danışıqları prosesində həyata keçirilməsi buna sübutdur.

- Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. Beynəlxalq təşkilatlar bu məsələyə niyə göz yumur?

- Məlum məsələdir ki, Ermənistan bu məsələləri təkbaşına icra edə biləcək gücə sahib deyil. Bəzi Azərbaycanı istəməyən qüvvələrə arxalanaraq bu cür addımlar atırlar. Təbii ki, bəzi dövlətlər Azərbaycana üzdə dost kimi davransalar da, demokratik proseslərdə iştirakına kölgə salmağa çalışırlar. Belə olduğu təqdirdə onların əsl xislətini görmək mümkün olur.

- Belə olduğu halda Azərbaycan hansı addımları atmalıdır?

- Azərbaycan tutduğu mövqedən geri çəkilməməlidir. Prezidentin apardığı xarici siyasət göz qabağındadır. Düşünürəm ki, bu məsələni beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, Ermənistanın iç üzünü göstərməklə onlara sübut etmək olar.

- Bu zavodun tikilməsi ümumi bölgəni təhlükəyə sürükləməkdir. Regionda “ll Çernobıl” hadisəsinin baş verməməsi üçün regionda yaşayan digər ölkələr hansı işlər görməlidir?

- Digər dövlətlər də bu problemin fərqindədir, sadəcə məsələyə münasibət bildirməkdən çəkinirlər. Bu kimi ekoloji terrorların olmasının digər ölkələrə də təsiri olur. Bitərəf mövqe tuturlar. Məsələn, İran Ermənistanı hər addımında dəstəkləyir, qardaş ölkə kimi görür. Bu baxımdan İran bu təhlükəni görsə belə bu məsələdə öz mövqeyini bildirmir. Türkiyə isə bu kimi məsələlərin əleyhinə olub, Azərbaycanla birlikdə mübarizə aparır.

Ayan Rzayeva