Bakı Dövlət Universitetinin Əmək və Ekologiya Hüququ kafedrasının müəllimi, vəkil Anar Əsədovla müsahibə Bakı Dövlət Universitetinin Əmək və Ekologiya Hüququ kafedrasının müəllimi, vəkil Anar Əsədovla müsahibə

Kimlər, harada, necə ov edə bilər? - HÜQUQŞÜNASLA MÜSAHİBƏ

Bakı Dövlət Universitetinin Əmək və Ekologiya Hüququ kafedrasının müəllimi, vəkil Anar Əsədovla müsahibə

- Anar müəllim, Azərbaycanda ovçuluq fəaliyyəti hansı qanunlarla tənzimlənir?

- "Ovçuluq haqqında" qanun bu sahədə yaranan münasibətlərin tənzimlənməsində mühüm rol oynayır. Bu qanun 2004-cü il 20 apreldə qəbul edilib. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ovçuluqla bağlı çoxsaylı qərarları var. Kabinetin 13 iyul 2000-ci il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş "Heyvanlar aləmindən ümumi və xüsusi istifadə qaydaları"nı buna misal göstərmək olar. Yəni ovçuluq sahəsinin tənzimlənməsində bu kimi normativ hüquqi aktlar əsas rol oynayır.

Ovçuluqdan danışanda balıq ovu da bizim diqqətimizi cəlb edir. Balıq ovunun həyata keçirilməsi də ovçuluq haqqında qanunvericiliyə aiddir. Balıq ovu və su bioresurslarından istifadə etməklə əlaqədar "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu var.

- Hüquq baxımından “ovçu” kimdir?

- Ovçu-ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxsdir. Hüquqi baxımdan anlayış qanunvericilikdə bu cür təqdim edilir.

- Qanuni şəkildə kimlər və necə ov edə bilər?

- Əhalinin tələblərinin ödənilməsi məqsədilə təbii sərbəstlik və ya yarımsərbəst şəraitində daimi, müvəqqəti və ya köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması ovçuluq hesab olunur. Ov ödənişlidir və verilmiş icazə, ovçuluq biletləri əsasında həyata keçirilir. Deməli, ov etmək üçün ilk növbədə ovçuluq bileti, ikincisi isə icazə olmalıdır. Ov icazələrinin verilməsi üçün dövlət rüsumu alınır.

- Bəs, kimlər ovçu kimi qeydiyyata alınmır?

- Məhkəmə tərəfindən məhdud fəaliyyət qabiliyyətli kimi tanınmış şəxslər ovçu kimi fəaliyyət göstərə, qeydiyyata alına, onlara odlu silahlar verilə bilməz. Həmçinin narkoloji dispanserdə qeydiyyatda olan və s. kimi şəxslər ovçu kimi fəaliyyət göstərə bilməzlər. Yəni onlara odlu silahın verilməsinə qanunlar yol vermir.

- Harada ov edilə bilər, harada yox?

- Qanunvericiliyiə görə, ovçuluq fəaliyyəti xüsusi ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq təsərrüfatının təşkili və ovun aparılması məqsədilə vəhşi heyvanların yaşadığı, miqrasiya etdiyi ərazilər ovlaq kimi istifadə edilir. Yaşayış məntəqələrində, xüsusi mühafizə olunan təbiət ərazilərində ovçuluq qadağandır. Yəni, vəhşi heyvan gözə dəyən istənilən ərazidə ov etməyə qanunvericilik yol vermir.

- Ovçuluq qaydalarının pozulmasına görə hansı cəzalar nəzərdə tutulur?

- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə nəzər salsaq, bu halları biz iki yerə bölə bilərik. Bunlardan ilki xüsusi ekoloji qanunvericilikdə nəzərdə tutulan sanksiyalardır. İkinci qrupa isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində ovçuluq qaydalarının pozulmasına görə nəzərdə tutulan cəzalardır. Azərbaycan Respublikasının ekoloji qanunvericiliyə nəzər salsaq, görərik ki, ov etmək hüququnun dayandırılması üçün müəyyən hallar var. Hər il üçün üzvü olduğu Ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə, ov etmək üçün verilmiş icazənin müddəti bitdikdə, ov etmək üçün icazədən istifadəyə lüzum qalmadıqda, yaxud bu hüquqdan könüllü imtina etdikdə, ovçuluq fəaliyyətinə xitam verildikdə, vəhşi heyvanları hər hansı vasitə ilə icazəsiz ovladıqda, ovçuluq üzrə müəyyən olunmuş qayda, norma və digər tələbləri müntəzəm yerinə yetirmədikdə ov etmək hüququ dayandırılır. Bundan başqa ekoloji qanunvericilikdə ov etməyə görə qadağalar da var. Məsələn, göstərilir ki, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatında qeydiyyatdan keçmədikdə, ov etmək üçün nəzərdə göstərilmiş normadan artıq ov edildikdə də bu hüquq dayandırılır.

Həmçinin 2000 manatdan 3000 manatadək cərimə və ya 240 saatdan 320 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya azadlığın məhdudlaşdırılması nəzərdə tutulur. Cinayət Məcəlləsinin 257-ci maddəsi balıq və digər su bioresurslarının qorunması qaydalarını pozma, körpülərin, bəndlərin tikintisi, partlayış işlərinin və ya digər işlərin həyata keçirilməsi, habelə xarici su buraxıcı qurğuların istismarı, balıq və digər su resurslarının qorunması qaydalarını pozmaqla törədildikdə və bu əməllər balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olduqda 3000 manatdan 6000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəal hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 258-ci maddəsi qanunsuz ov etmə adlanır. Burada da göstərilir ki, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 320 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Cinayət Məcəlləsinin üç, bir daha təkrar edirəm: 256, 257 və 258-ci maddəsi heyvanlar aləmi sahəsində qanunvericiliyin, heyvanlar aləmindən istifadə sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətə həsr olunub.

Bu sahədə qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət də nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsində göstərilir ki, balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasıa görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə 700 manatdan 1700 manatadək məbləğdə cərimə edilir. Balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə yenə məsuliyyət nəzərdə tutulub. Bu maddənin üçüncü bəndində göstərilir ki, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə görə, habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 273-cü maddəsi heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasıdır. Bu maddədə göstərilir ki, heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni heyvanlar aləmi obyektlərindən istifadənin limitləri barədə tələblərin pozulmasına, dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsinə, yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə bitkilərin və ya onların qalıqlarının, heyvanlar aləminin məskunlaşdığı yerlərdə özbaşına yandırılmasına görə bitki mühafizəsi vasitələrinin onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin saxlanması, daşınması və tətbiq edilməsi qaydalarının pozulmasına görə heyvanlar aləmi obyektlərinin vəziyyəti, sayı, onların istifadəsi haqqında məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə görə fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə, hüquqi şəxslər 5500 manatdan 7000 manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi var. Bu maddədə heyvanlarla rəhmsiz davranmağa, onların şikəst buraxılmasına, tələf edilməsinə görə 500 manat məbləğində cərimə nəzərdə tutulub.

- Qanunsuz ov hallarının aradan qaldırılması üçün hansı tədbirlər görülür?

- Biz inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, bu məsələnin iki həll yolu var. Bunlardan biri qanunvericiliyin sərtləşdirilməsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində bu kimi maddələrə rast gəlinir. Digər tərəfdən vətəndaşların mətbuatla, televiziya, internet vasitəsilə ekoloji hüquq mədəniyyətinin yüksəldilməsi lazımdır. Məqsəd vətəndaşlarda ekoloji hüquq mədəniyyətinin yüksəldilməsi, qanunvericilik barədə vətəndaşların məlumatlandırılması, bu və ya digər halda qanunvericilik hallarının pozulmamasıdır. Azərbaycan Respublikasında qanunvericilikdə müxtəlif normativ hüquq aktlarının qəbul olunması, istər Cinayət Məcəlləsində, istər İnzibati Xətalar Məcəlləsində, istər ayrı-ayrı ekoloji qanunvericilik aktlarında, konkret olaraq ovçuluq, balıqçılıq haqqında qanunda müəyyən ekoloji hüquqi məsuliyyət tədbirlərinin nəzərdə tutulması buna bariz nümunədir.

- Əgər vətəndaşın dədə-babadan qalma silahı varsa, onu necə qanuniləşdirməlidir?

- Əgər şəxsin ata-babasından qalma odlu silahı varsa və həmin silah qeydiyyatdan keçməyibsə, vətəndaş qeydiyyatda olduğu ərazidə polis şöbəsinə müraciət edir və ərizə yazır. Həmin ərizə əsasında ata-babadan qalmış silah şəxsin adına keçirilir.

Pərvanə AĞAZADƏ

Bu müsahibə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirlən "Məsuliyyətli ovçuluğun təşviqi" layihəsi çərçivəsində hazırlanıb. Müsahibədəki fikir və mülahizələr Agentliyin rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər.