Həmsöhbətimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərovdur Həmsöhbətimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərovdur

Təkcə "Qırmızı kitab"ın olması heç nəyi dəyişmir - Elşad Əsgərov

Həmsöhbətimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərovdur

- "Qırmızı kitab" nədir?

- Qırmızı kitab nəsli təhlükə həddinə yaxınlaşmış canlılar siyahısının illüstrativ kitab formasıdır. Bu tək geniş kütlənin tanış olması üçün bir vəsait deyil, həm də dövlət sənədidir. Bu kitaba əsasən dövlət cərimələr və tariflər müəyyən edir.

- Azərbaycanda "Qırmızı kitab"ın mövcud olması biomüxtəlifliyin qorunması baxımından nə qədər əhəmiyyətlidir?

- Əgər mühafizə işləri görülməzsə, təkcə "Qırmızı kitab"ın olması heç nəyi dəyişmir. "Qırmızı kitab" təbliğat xarakteri daşıyır. Mühafiizəni başlamaq üçün isə nəsli tükənmək həddinə çatmış növlərin siyahısının dövlət tərəfindən təsdiqlənməsi və cərimələrin müəyyən olması yetərlidir.

- "Qırmızı kitab"a düşən canlıların ovlanmasına görə ovçuları hansı cəzalar gözləyir?

- Kitaba düşən hər bir növün ovlanması, təbii mühitindən ayrılması qadağandır. Əgər bu qayda pozularsa, qanun pozuntusunu törədən şəxsi cəza gözləyir. Hər növə görə Nazirlər Kabinetinin müəyyən etdiyi cərimələr var. Əgər bu qanun pozuntusu Xüsusi Mühafizə olunan Təbiət Ərazisində baş verirsə, cərimə 2-3 qat artıq olur. Dövlətə dəymiş ziyan müəyyən məbləği aşarsa, cinayət işi açılır.

- "Qırmızı kitab"a düşən canlıların artımı üçün hansı işlər görülür?

- Qırmızı Kitaba düşmüş növün artırılması üçün in-situ və ex-situ tədbirlər həyata keçirilir. Birinci halda həmin növün yaşadığı mühitdə onun artması üçün tədbirlər görülür. İkinci halda isə həmin növü qapalı, yarısərbəst mühitdə artıraraq təbiətə buraxırlar. Hər hansı bir yerdə nəsli tam kəsilmiş növü isə hazırda mövcud olduğu yerdən gətirərək reintroduksiya edirlər.

- Deyilənə görə, kəklik, turac kimi quşlar Azərbaycan ərazisində xeyli artıb. Onların qanunsuz ovunun qarşısını ala biləcəyikmi?

- Bu barədə məlumatım yoxdur. Ancaq qanunsuz ova qarşı mübarizə bütün hallarda aparılmalıdır.

- Azərbaycan torpaqlarının işğal olduğu dövrdə Qarabağ iqtisadi zonasında düşmənlərin apardığı ekoloji terror "Qırmızı kitab"a düşən canlıların yaşamına necə təsir edib?

- O ərazilərdə mina təhlükəsi və digər səbəblərə görə ciddi tədqiqatlar aparılmayıb. Ona görə dəqiq məlumatlar hələ əldə yoxdur. Bəzi yerlərdə hansısa növlər zərər görüb, bəzi yerlərdə isə, əksinə insan olmadığına görə bərpa olublar.

- "Qırmızı kitab"a düşən canlılardan bəziləri yoxa çıxmaq üzrə olanlar, bəziləri isə nadir növlər hesab olunur. Bu barədə məlumat verməyinizi xahiş edirik.

- Bəli, Qırmızı kitaba daxil olan növlər fərqli statusa sahibdirlər. Bəziləri ciddi təhlükə altındadır, yəni əməli tədbirlər görülməsə, onlar yaxın gələcəkdə tamamilə məhv olacaqlar. Bəziləri isə yüngül tədbirlər hesabına bərpa ola bilərlər.

- Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib. Kitabın II nəşri isə 24 il gecikib və 2013-cü ildə çapdan çıxıb. Bu il necə, Qırmızı kitab çap olundumu?

- Bəli.

- Qırmızı kitaba düşən canlıların qorunmasında qoruqların, milli parkların rolu nə qədərdir?

- Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin rolu dəyərsizdir. Bir çox növlər ancaq bu ərazilərdə yaşayaraq təbiətdə qalıblar.

- Adı Qırmızı kitabda olan, amma yaşamına artıq Azərbaycanda rast gəlinməyən hansı canlılar var?

- Məməlilər içində 2 belə növ tanıyıram: Zolaqlı kaftar və Manul pişik. Uzun müddətdir ki, bu heyvanların Azərbaycanda yaşaması barədə ciddi elmi məlumat yoxdur. Amma bəzi şahid məlumatlarına əsaslanaraq onları hələ də bir ümidlə bu kitaba salmışıq.

Pərvanə AĞAZADƏ

Bu müsahibə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən "Məsuliyyətli ovçuluğun təşviqi" layihəsi çərçivəsində hazırlanıb. Müsahibədəki fikir və mülahizələr Agentliyin rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər.