Millət vəkili: "Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur" - MÜSAHİBƏ

Milli Məclisin deputatı Aydın Hüseynovun AzNews.az-a müsahibəsini təqdim edirik.

- Aydın bəy, Qarabağdakı qanunsuz rejim özünü buraxdı və Azərbaycan yenidən tarixi qələbə qazandı. Bu hadisələri necə şərh edərdiniz?

- Azərbaycanın sentyabrda apardığı lokal anti-terror əməliyyatları ilə bölgədəki qanunsuz silahlıların varlığına son qoyması və separatçı rejimin təslim olması Azərbaycan tarixində yeni mərhələ başlatdı. Artıq regionun siyasi vizyonu tam dəyişib. Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb. Bölgədə tamamilə fərqli bir siyasi mərhələnin əsası qoyulub. Azərbaycan tam legitim suverenliyini bərpa edib və üçrəngli Azərbaycan bayrağı artıq Xankəndində və Xocalıda dalğalanır. Siyasi, iqtisadi, sosial, inzibati dövlət strukturlarının fəaliyyəti davamlı şəkildə qurulur. Bu, Qarabağ ermənilərinin reinteqrasiyası prosesi ilə yanaşı, bölgədə sülh və geniş əməkdaşlıq formatının qurulması, Ermənistanın özünün bu sülh quruculuğundan faydalanaraq birgə tranzit-iqtisadi resurs imkanlarından istifadəyə cəlb olunması, ümumilikdə, Cənubi Qafqazda dayanıqlı inkişaf arxitekturasının formalaşmasına səbəb olacaqdır.

- Proseslər fonunda Azərbaycan-Ermənistan münasibətləri necə dəyişəcək?

- Baş verən proseslər fonunda Azərbaycan-Ermənistan münasibətlərində də yeni dəyişikliklərin yaranması labüddür. İlk növbədə, Ermənistan Azərbaycanın üzərində qətiyyətlə dayandığı sülh gündəliyini qəbul etməli, dərhal sülh danışıqları, sərhədlərin delimitasiyası və sülh sazişinin imzalanması, eləcə də kommunikasiyaların bərpasının reallaşması barədə iradə ortaya qoymalıdır.

- Sizcə, sülh müqaviləsinin imzalanması yaxındır, yoxsa Ermənistan vaxt udmaq üçün başqa təxribatlara əl atacaq?

- Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur, artıq Azərbaycanın bölgədə başlatdığı yeni quruculuğa qoşulan dövlətlərin sayı durmadan artır. Ermənistan bu proseslərdən kənarda qalmaqla özünün gələcək inkişafına sədd çəkmiş olardı. Ona görə də bölgədə əməkdaşlığa xidmət edən layihələr, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində səylər də irəliləyir. 2020-ci il Üçtərəfli Bəyanatına əsasən, Ermənistanın öz öhdəliyini yerinə yetirməsinin vaxtı çatıb. Bu prosesdə Rusiya da Zəngəzur dəhlizi ilə bağlı müsbət fəal rol oynayır.

- Kreml loyallıq nümayiş etdirdi və bunu Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə izah etdi. Bundan sonra da Kreml Azərbaycanın ərazi bütövlüyünə hörmətini davam etdirəcək, yoxsa başqa planları var?

- Rusiyanın bəzi siyasi qüvvələrində Azərbaycana qarşı qərəz və ikili standartlar mövcud olsa da, rəsmi Kremlin mövqeyi bəllidir. Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suveren hüquqlarına hörmətlə yanaşır. Moskva Azərbaycanla münasibətlərin müsbət ruhda davam etdirilməsi qərarına sadiqdir. Son proseslər də göstərir ki, Azərbaycanın bölgədə güclənən mövqeyi Rusiyada hansısa siyasi qıcıq yaratmır.

- Separatçı rejimin liderləri həbs olundu, bu barədə nə düşünürsünüz?

- Onlar həm Azərbaycan qanunları qarşısında, həm də separatizm və terror fəaliyyətləri ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn tələblərə uyğun layiqli cəzalarını alacaqlar.

- Fransa və digər ermənipərəst ölkələrin Qarabağdakı erməni əsilli şəxslərlə bağlı humanitar böhran ssenarisinin səbəbi nədir? Bununla nə əldə edəcəklərini düşünürlər?

- Separatçıları müdafiə edən, onlarla bağlı kampaniya başladan Fransa və digər ermənipərəst ölkələrin bu planları da artıq fiaskoya uğrayıb. Azərbaycanın qətiyyətli mövqeyi qarşısında onların əsil siması hər gün ifşa olunur. Qarabağdakı erməniəsilli şəxslərlə bağlı humanitar böhran ssenarisi və digər oyunların da heç birinin Azərbaycana təsir edəcək gücü yoxdur.

- Rəsmi İrəvanın Qərbə üz tutub, Moskvanı Roma Statutu ilə hədələməsinin səbəbləri nədir?

- Ermənistanın Qərbə üz tutması, Moskvanı Roma Statutu ilə hədələməsini İrəvanın avantürası kimi dəyələndirirəm. Bu, Rusiyanın forpostu olan zavallı ölkənin öz müqəddəratını daha da ağırlaşdırmasına gətirib çıxara bilər.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsi üzrə hazırlanmışdır.