- Müsahibə
- 12 Oktyabr 2023 13:35
- 28 297
"Şagirdə təhsil vermək müəllimin borcudur"- Misir Mərdanovla müsahibə
Sabiq nazir, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun AzNews.az-a müsahibəsi
- Misir müəllim, xoşbəxtlik sizin üçün nədir?
- Mənim üçün gözəl ailəyə, övlada sahib olmaq, cəmiyyətdə nüfuz qazanmaq, müstəqil bir cəmiyyətin vətəndaşı olmaq əsl xoşbəxtlikdir.
- Bəs, sizcə, bu gün Azərbaycan gənci xoşbəxtdir?
- Mənim fikrimcə, 30 il əvvəllə müqayisədə bu gün Azərbaycan gənci daha xoşbəxtdir.
- Belə bir ifadə var ki, Azərbaycan dili qarın doyurmur. Siz bununla razısınız?
- Hər bir azərbaycanlı öz ana dilini bilməlidir. Onun üçün ən vacib ana dili olmalıdır. Ana dilindən başqa dil bilmək təbii ki, üstünlükdür.
- Ölkədə xarici dildə olan məktəblərin olmasına münasibətiniz necədir?
- Mən xarici dildə olan məktəblərin fəaliyyət göstərməsinə mənfi münasibətdə deyiləm. Bir şərtlə ki, ana dili də tədris edilsin. Ana dilini bilmədən xarici dildə dərs tədris edən məktəblərdə təhsil almağı düzgün hesab etmirəm. Ana dilində danışa bilirsənsə, təbii ki, xarici dilli məktəblərdə təhsil ala bilərsən. Əslində burada ailə faktoru da əsasdır. Bəzi ailələr övladlarının təhsili üçün rusdilli məktəbləri seçirlər. Bu çox normaldır, amma valideynlər öz övladlarına ilk növbədə ana dilində səlist danışmağı öyrətməlidirlər. Yoxsa xarici dil bilmək niyə pis hesab olunsun ki? Bu gün xarici ölkələrdə tərcüməçiyə ehtiyacı olmayan dünya liderləri var. Bizim prezident buna ən yaxşı nümunədir. Bir neçə dildə danışır, eyni zamanda da öz ana dilini mükəmməl şəkildə bilir.

- Bir valideyn kimi öz övladlarınızın hansı sektorda təhsil almasını istəmisiniz?
- Üç övladım var. Onların üçü də Azərbaycan dilli məktəblərdə təhsil alıblar.
- Təhsil sistemində olan problemlər artıq uzun illərdir davam edir. Şagird-müəllim münasibətləri hələ də müzakirə olunmaqdadır. Sizcə, problemin həlli nədədir?
- Məncə, problemi yaradan cəmiyyətdir. Məsələn, mən 1953-1964-cı illər ərzində kənd məktəbində təhsil almışam. O dövrdə bu gün yaşanılan problemlərin hiç birini yaşamamışım. Bu problem ilk növbədə ailədə həllini tapırdı. Bizim dövrdə hər kəs müəllimə hörmət edirdi. Heç kəsin müəllim haqqında mənfi sözlər danışmağa ixtiyari yox idi. Müəllim də elə hərəkət edərdi ki, onun haqqında heç kəs neqativ fikir bildirməzdi. Bu, valideyn-məktəb münasibətlərindən asılı idi. İndi şəhər məktəblərinin kəndə nisbətən vəziyyəti fərqli olur. Kənd yerlərində insanlar bir-birini yaxından tanıyır. Mən də sosial şəbəkələrdə bu xəbərləri izləyirəm. Nazir vəzifəsində olarkən də bu hadisələrlə qarşılaşmışam. Məncə, biz cəmiyyətdə baş verən müsbət hadisələr haqqında danışmalıyıq. Nümunə göstərmək üçün pozitiv hadisələri göz önünə gətirməliyik. Hesab edirəm ki, bir məktəbdə pis hadisə olursa, bu xəbəri qabardaraq işıqlandırıb cəmiyyətin diqqətinə çatdırmaq mənfi haldır. Atalar misalı var: İşıq gələn tərəfə getmək lazımdır. Mən o vaxt nazir vəzifəsində çalışanda bir dəfə bütün jurnalistlər toplaşıb sual verirdilər. Verilən sualların çoxu məktəblərdə baş verən müəllim problemlərindən, onların rüşvət alması ilə bağlı idi. Mən də cavabında dedim ki, indiyə qədər hansınız bir müəllim haqqında pozitif bir məqalə yazmısınız. Heç kəs cavab vermədi. Məgər belə yaşı müəllimlərimiz yoxdur ki? Əlbəttə var. Bizə kim təhsil verib? Müəllimlər… Bəzi mənfi hadisələri qabardıb xəbəri olmayan insanlara da bildirməkdənsə, yaxşı hadisələr yayaraq məlumatlandıraq.
- Deyirsiniz keçmişlə indiki dövr arasında fərq çoxdur?
- Əlbəttə, fərq çoxdur. O vaxtlar sosial şəbəkələr yox idi. Şagirdlərin ağlına belə gəlməzdi ki, müəllimin şəklini çəkib sosial şəbəkələrdə paylaşsın. Bu dövr isə tamamən dəyişik bir zamandır. Hesab edirəm ki, müəllimlər də, məktəblər də, valideynlər də bu mühitə uyğun hərəkət etməlidirlər. Müəllimin nüfuzundan söhbət gedirsə, bu daha çox onun özündən asılıdır. Müəllim geyimi, hərəkəti, biliyi, ədalətliliyi ilə hər kəsə nümunə olmalıdır. Şagird müəllimin hərəkətlərində hiç bir nöqsan görməməlidir. Əksi olduqda müəllimin də, məktəbin də, təhsilin də nüfuzu pozula bilər.
- Xüsusi günlərdə müəllimlərə olan hədiyyələr müzakirəyə çevrilən məsələlələrdəndir. Siz bu mövzunu necə dəyərləndirirsiniz?
- Bu özəl günlərdə, xüsusilə də 5 okytabr Müəllimlər Günü ilə bağlı həmişə dövlət başçısının rəhbərliyi ilə Elm və Təhsil Nazirliyi yüzlərlə seçilmiş müəllimlərin əməyini dəyərləndirir. Hesab edirəm ki, elə bununla da başa çatmalıdır. Əlavə heç nəyə eytiyac yoxdur. Valideynlər müəllimlərə təbrik mesajları göndərə bilər. Amma o iş ki, pula çevrildisə, münasibətlər səmimiyyətdən uzaq olur. Mən həmişə bunun əleyhinə olmuşam.
Bizim insanlarda bəzən heç bir əsas olmadan özünü borclu sayma kimi anlayış var. Məsələn, bu gün oktyabrın 5-dir. Mən övladımın müəlliminə hədiyyə almalıyam. Bu stereotipi pozmaq lazımdır. Təbii ki, pis bir vərdişdir. Bu vərdişi hamılıqla ortadan qaldırmaq lazımdır. Dövlətin əmək haqqı verdiyi müəllim var. Hər kəs bilməlidir ki, şagirdə təhsil vermək müəllimin borcudur. Eyni zamanda cəmiyyətdə ‘xahiş’ məsələsinə də son verilməlidir. Mən Türkiyədə elə adam tanıyıram ki, o adam neçə ildir diplomunun ala bilmir. Heç bir güzəştə getmirlər. Tələb edirlər ki, diplom almaq üçün biliyə sahib olmalısın. Biliyə sahibsənsə, haqqın olanı sənə verirlər.
- Bəs burada günah kimdədir?
- Burada müəllimin də, valideynin də günahı var. Guya cəmiyyətdə elə bir ənənə yaranıb ki, hər kəs özəl günlərdə hədiyyə verməlidir. Əgər verməsə, ona normal yanaşmayacaqlar. Bu belə deyil. Bir dəfəlik bu məsələyə yox deməliyik. Valideyn bilməlidir ki, müəllimin vəzifəsi şagirdlərə elm verməkdir. Mən Finlandiyada olarkən oranın təhsil sistemi ilə maraqlanırdım. Oranın təhsil qanununda yazılmışdı ki, əgər şagird imtahan zamanı uğurlu olmasa, valideynin müəllimi məhkəməyə vermək haqqı var. Bu da müəllimin büyük məsuliyyətinin olduğunu göstərir. Bəlkə də bizim də belə addımlar atmağa ehtiyacımız var.

- Nazir olduğunuz müddətdə heç haqsız tənqdidlə üzləşmisiniz?
- O qədər olub ki.
- Necə reaksiya vermisiniz?
- Çalışdığım qədər bəzilərinə fikir vermədim. Bəzən isə yazılarda ad çəkmədən münasibət bildirmişəm. Öz işimlə danışılan söz-söhbətlərin əsassız olduğunu sübut etməyə çalışmışam.
- Əvvəllər məktəblərdə "fond pulu" adı altında pul yığılması ilə bağlı fikirlər səsləndirilirdi. Bu gün də sözügedən məsələ ilə bağlı narazılıqlar mövcuddur. Rayon məktəblərində daha çox fikir səslənirdi ki, direktorlardan kimlərsə məvacib tələb edir. Onlar da rüşvət almağa məcbur olurlar.
- Əvvəllər məktəblərə vəsait ayrılmırdı, müəllimlərin də, direktorların da əmək haqqısı çox aşağı idi. Son bir neçə ildə isə müəllimlərin əməkhaqqısı hiss olunacaq qədər artıb. Belə hallarla üzləşmiş ola bilərik. Mən bunu düzgün hesab etmirəm. Bir şeyi nəzərə alaq ki, məktəblərdə vəsait problemi var idi. Məsələn, məktəbdə sinif pəncərəsi sınırdı, ancaq onun təmiri üçün məktəb direktorunun əlində müəyyən vəsait yox idi. Bəs nə edilməlidir? Biz fikirləşirdik ki, məktəblərdə adambaşına maliyyələşmə keçirək. Dünyada bəzi ölkələrdə dövlət tərəfindən məktəblər üçün ayrılmış vəsaitlər əsasında bu problemlər həll olunurdu. Əgər belə olsa, sözügedən problemlərin heç biri olmaz.
- Bu mövzuda Elm və Təhsil Nazirliyində günah yox idi?
- Mən bu məsələdə Elm və Təhsil Nazirliyində günah görmürəm. Ümumi respublika üzrə qərar qəbul edilməlidir. Hər məktəbin büdcəsi olmalıdır. Düşünürəm ki, belə olan halda təhsil sistemində sözügedən problemlərə rast gəlinməz.
- Bu günün təhsil sistemini necə dəyərləndirirsiniz?
- Bu yaxınlarda hörmətli təhsil naziri Emin Əmrullayev brifinq keçirdi. Çıxışında təhsil alanların sayının 2 milyondan artıq olduğunu vurğuladı. 400 minə qədər də bu sahədə çalışan insan var. Ölkənin əhalisinin yarım milyondan çoxu bu sahədə çalışır. Ölkəmizin vəziyyəti necədirsə, təhsilimizin vəziyyəti də elədir. Şübhəsiz ki, inkişafa doğru gediş var. Ölkəmiz inkişaf etdikcə təhsil sistemimiz də xeyli təkmilləşir. Əminəm ki, bu inkişaf gələcəkdə də artan xətlə gedəcək.
- Təhsil sistemində olan yeniliklər əsasında valideynlər tapşırığı başa düşməkdə çətinlik çəkdiyini bildirirlər. Təhsil dilini anlamadıqları üçün əlavə olaraq repetitorlara ehtiyac duyduqlarını bildirirlər.
- Azərbaycan Avrupa Şurasının üzvüdür, dünya birliyində inteqrasiya etməkdədir. Ona görə də bizim təhsil sistemimiz də dünyaya inteqrasiya etməlidir. Mən təhsil naziri olan zamanlarda dünya bankı ilə işlər aparırdıq. O zaman məlum oldu ki, dünyada təhsil sistemində belə bir proqram var və artıq tətbiq olunur. Biz çox çətinliklərlə o sistemə daxil olub, sənədlər imzaladıq. Bu bir günün içində görülən iş deyil. Bu gün də biz tam o sistemə keçid edə bilməmişik. Bunun üçün hələ də işlər görülür. Ölkəmiz dünyaya inteqrasiya istiqamətini seçibsə, təhsilimiz də bu yöndə işlər görəcək. Bu dünyada tətbiq olunan bir proqramdır. Valideynlər, müəllimlər bu proqramı anlamaqda çətinlik çəkə bilər. Burada bizim də nöqsanımız ola bilər. Bəlkə də onlara bu barədə geniş məlumat verə bilməmişik.
- Misir müəllim, müəllimlər üçün sertifikasiya imtihanları keçirildi. 700-ə yaxın müəllim bu imtahanlardan uğursuz nəticə əldə etdi. Deputat Razi Nurullayev sertifikasiyadan keçməyən müəllimlər üçün yeni kurslar təşkil edilməsini təklif etdi. O müəllimlərin bilik və bacarıqlarının artırılması üçün kursların yaradılması fikrini irəli sürmüşdü. Bu təklifi necə dəyərləndirirsiniz?
- Bizim dövrdə yeni işə qəbul olmaq istəyən müəllimlərdən imtahan götürürdük. Artıq çalışan müəllimlərin biliyini yoxlamaq üçün isə imtahan götürmürdük. Hesab edirəm ki, hər bir müəllim öz məsuliyyətini dərk etməli, tədris etdiyi dərsi dərindən bilməlidir. Sertifikasiya imtahanından müsbət nəticə almaq hər bir müəllimin borcudur. Məndə olan məlumata görə imtahan keçiriblər, sonra yenidən vaxt verərək yenidən keçiriblər. Sonda 700 nəfərə yaxın imtahandan uğursuz nəticə əldə etmiş müəllim qalıb. Bu nazirliyin münasibətindən aslıdır. Mən deputatın səsləndirdiyi fikri dəstəkləyirəm. Bəlkə həmin müəllimlərə bir daha şans versək, yaxşı olar. 700-ə yaxın müəllimin işdən çıxarılması barədə müsbət fikir söyləyə bilmərəm. Onların hərəsi bir ailəni dolandıran şəxsdir. Bəlli də deyil ki, onların əvəzinə kim gələcək. Bu, Elm və Təhsil Nazirliyinin mərhəmətindən asılıdır. Amma yenə də qeyd etmək lazımdır ki, müəllim də bu mövzuda məsuliyyətli olmalıdır. Şans verildikdə öz üzərində çalışıb tələb olunan nəticəni əldə etməlidir.
- Nazir olduğunuz dövr həm ulu öndər H. Əliyevin, həm də prezident İlham Əliyevin hakimiyyəti dövrünə təsadüf edib. Bu illərdə hansısa iradlarla qaşılaşmısınız?
- Bəli, olub. Rəhmətlik Heydər Əliyevin hakimiyyəti dövründə daha çox dərsliklərlə, Azərbaycan dili və tarixinin müasir tələbata cavab verməsi, dərsliklərin vaxtında məktəblərə çatdırılması ilə bağlı iradlar olub. İlham Əliyevin dövründə isə xüsusi proqramlar vasitəsilə yeni məktəb tikintisi proqramı geniş vüsət almışdı. O zamanlar Heydər Əliyev Fondunun dəstəyi ilə 3 mindən çox yeni məktəb tikildi. Cənab prezident məktəb tikintisində keyfiyyətə ciddi fikir verməklə bağlı məsələləri diqqətə çatdırmışdı.
- Misir müəllim, heç rüşvət almısınız?
- Mən 15 il təhsil naziri, 2 ilə yaxın universitet rektoru olmuşam. Heç kəs deyə bilməz ki, mən bu vaxta kimi kimdənsə rüşvət almışam. Bu günə kimi aldığım əmək haqqı ilə ailəmi dolandırmışam. Mən həmişə rüşvətə qarşı olmuşam, həmişə mübarizə aparmışam.
- Sizdən sonra təhsil naziri olan Mikayıl Cabbarov, Ceyhun Bayramov və Emin Əmrullayevin fəaliyyətini necə dəyərləndirirsiniz?
- Mən hər üç şəxsin fəaliyyətini yüksək dəyərləndirirəm. Hər biri öz imkanları daxilində Azərbaycanda təhsilin inkişaf etməsi üçün əllərindən gələni ediblər. Şübhəsiz ki, Azərbaycanda təhsilin keyfiyyətinin artması, cəmiyyətdə təhsilin və müəllimin nüfuzunun artması ilə bağlı bir çox işlər görüblər. Buna heç bir şübhəm yoxdur. Təhsil geniş sahədir və burada problem qaçılmazdır. Amma sən dövlət başçısının təyinatı ilə təhsildə ən yüksək vəzifəyə təyin olunmusansa, gecə-gündüz bu sahənin inkişafı, neqativ fikirlərin azalması üçün çalışmalısan. Hesab edirəm ki, hər üç şəxs bu mövzuda müəyyən uğurlara nail olublar.
- Siz nazir vəzifəsində olarkən müəllimlərin maaşının az olması ilə bağlı fikir bildirən yeganə nazirlərdənsiniz. Məsələ ilə bağlı Prezidentə təklifləriniz olmuşdumu?
- Bəli, mən nazir olduğum dövrdə müəllimlərin əməkhaqqısının aşağı olması ilə bağlı fikirləri dilə gətirmişdim. Cənab Prezidentlə görüşümüz olduqda da bu məsələni səsləndirmişdim. O da maliyyə naziri və digər qurumlara məsələnin həlli üçün tapşırıqlar vermişdi. Xatırlayırsınızsa, bu sahədə bir çox şlər görüldü. Məsələn, hər il ən yaxşı 100 müəllimin, ən yaxşı 50 məktəbin seçilməsi ilə bağlı tapşırıq verilmişdi. Bunun üçün vəsait də ayrılmışdı. Seçilən müəllimlərin hər birinə 5 min, məktəblərə isə 10 min civarında pul mükafatı verilirdi. Mənim nazirlik fəaliyyətimdən sonra da bu kütləvi hal aldı. Bunu sertifikasiya imtihanından sonra yüksək nəticə göstərmiş müəllimlərin əməkhaqqlarında artımla sübut etmək olar.
- AMEA ilə bağlı bir sıra xoşəgəlməz fikirlər səsləndirilir. Qurumun sovetdənqalma olduğunu vurğulayan, hətta ləğv olunmasını istəyənlər də var. Bu fikrə münasibətiniz necədir?
- Mən hesab edirəm ki, AMEA ölkənin əsas elm siyasətini həyata keçirən qurumlardan biridir. Bu qurum Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə də fəaliyyət göstərib, bu gün preizdent İlham Əliyevin hakimiyyəti zamanı da öz fəaliyyətini davam etdirir. Akademiyanın bəzi institutlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə keçməsi bu qurumun zəifləməsinə yol verməyəcək. Hətta bundan sonra da ciddi addımların atılması nəzərdə tutulur. Nə qədər Azərbaycan var, onun akademiyası da olmalıdır. İsa Həbibbəyli AMEA-nın rəhbəri təyin oldunduqdan sonra burada ciddi addımlar atılır, xarici ölkələrin akademiyaları ilə çoxsaylı sazişlər imzalanır.
- Qərbi azərbaycanlısınız. Ora ilə bağlı heç unutmadığınız xatirələriniz varmı?
- Xatirələr o qədər çoxdur ki…
Biz Qaraqoyunlu dərəsi deyilən yerdə yaşamışıq. O dərədə 13 kənd var idi. Kəndlərin hər birində Azərbaycan türkləri yaşayıb. Rayon mərkəzimiz İcevan idi. Ora tamamilə ermənilərdən ibarət idi. Biz dərslərimizi öz ana dilimizdə keçirdik. Orta məktəbi bitirənlərin 90%-i ali təhsil üçün Bakı və Gəncəyə üz tuturdular. İrəvanda Pedoqoji İnstitutun Azərbaycan bölməsinə təhsil üçün çox az sayda adamlar gedirdi.O dövr tamamilə başqa idi. Mən orta məktəbdə oxuyanda bizim kənddə işıq, televizor yox idi. Suyu gətirmək üçün insanlar 500 metr məsafə qət etməli olurdular.
- Sizcə, Göyçə-Zəngəzur mahalına dönüş nə dərəcə realdır?
- Mən o yerlərə getmişəm. 2000-ci ildə beynəlxalq konfrans çərçivəsində öz kəndimizə, evimizə getmişdim. Öz evimdə çay da içdim. Orada yaşlı erməni qadın və kişi yaşayırdı. Öz həyətimizdə gəzdim. O günləri yada saldım. Əminəm ki, Qərbi Azərbaycan icmasının yaranması ideyası prezident İlham Əliyev tərəfindən irəli atılmış ən ciddi addımlardan biridir. Mən də İcmanın Müşahidə Şurasının sədriyəm. Biz tez-tez yığışıb müəyyən məsələləri müzakirə edib, münasibətimizi bildiririk. Necə Qarabağa qayıdış başlayıbsa, eləcə də cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində öz yurdumuza dönüb rahat yaşayacağam. Erməmilərdən torpaq istəyən yoxdur. Bizim orada boş kəndlərimiz qalıb. Sülh içində doğma torpaqlarımızda yaşamaq arzusundayıq.
- Çıxışlarınızın birində Qərbi Azərbaycana aid dərs vəsaitlərinin olmadığı ilə bağlı fikir səsləndirmişdiniz. Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən reaksiya gəldi?
- Mən əsas Tarix, Ədəbiyyat başda olmaqla digər müvafiq dərsliklərə doğru məlumatların daxil edilməsi ilə bağlı fikir bildirmişəm. Çox adam bu informasiyalardan məlumatsızdırlar. Mütləq şəkildə Azərbaycanda yaşayan şagird və müəllimlər oranın adət-ənənəsi, tarixi, mədəniyyəti ilə bağlı məlumata sahib olmalıdırlar.
Hələ ki bununla bağlı bir reaksiya görməmişəm. Amma eşitdiyimə görə Elm və Təhsil Nazirliyinin dərsliklər hazırlanan şöbəsində bu mövzu ilə bağlı müəyyən işlər aparılır. Gələcəkdə çap olunacaq dərsliklərdə bu mövzuya geniş yer verəcəklərini güman edirəm.
Ayan Rzayeva
AzNews.az