- Müsahibə
- 13 Oktyabr 2023 16:33
- 35 690
"Xankəndidə ofis açmaq istəyirik" - Novella Cəfəroğlu ilə müsahibə
Hüquq müdafiəçisi: "Qalanlara kömək edəcəyik ki, yeni QHT-lər yaratsınlar"
AzNews.az Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərovoğlu ilə müsahibəni təqdim edir:
- Novella xanım, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü il üçün keçirdiyi müsabiqədə Qarabağda reinteqrasiya məsələlərini əsas prioritetlərindən biri elan edib. Bu prioritet barədə nələr deyə bilərsiniz?
- Reinteqrasiya məsələləri doğrudan da çox vacib, aktual sahədir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağda reinteqrasiya məsələlərini diqqətdə saxlaması da olduqca doğru yanaşmadır. Biz Qadın Hüquqları Müdafiə Cəmiyyəti olaraq Xankəndidə özümüzun yerli ofisini açmaq istəyirik. Biz QHT-lər olaraq göstərmək istəyirik ki, reinteqrasiya prosesi uğurla baş tutur. Bəli, biz ermənilərlə birgə layihələr işləmək istəyirik. Əgər üçrəngli bayrağımızın altında, qanunlarımızı qəbul edərək yaşamaq istəyirlərsə, bizim vətəndaş cəmiyyəti təşkilatlarını da qəbul etməlidirlər.
- Azərbaycan rəsmi nümayəndələri Qarabağın erməni icması ilə görüşlərdə Xankəndidə fəaliyyət göstərən QHT-ləri Bakıya dəvət etmişdilər. Ancaq cavab, daha doğrusu, Xankəndidə QHT yoxdur. Könüllü şəkildə Ermənistana köçüblər. Qarabağın erməni sakinləri vətəndaş diplomatiyası çərçivəsində görüş üçün yeni QHT-lər yaratmalıdırmı?
- Biz müharibədən öncə bir çox görüşlərdə onlarla təmasda olmuşuq. Bizdə Qeyri-Hökumət Təşkilatlarına müəyyən məhdudiyyətlər qoyuldu. Hazırda Qarabağdakı QHT-lər, onların rəhbərləri və fəalları Ermənistana köçübsə, biz gedib qalanlara kömək edərik, yeni QHT-lər yaradarlar. Niyə də getməyək? Vətəndaş cəmiyyəti ölkənin bütün ərazilərində mövcud olmalıdır.
- İstər 44 günlük müharibə zamanı, istərsə də ondan sonrakı dövrdə, hətta antiterror əməliyyatları zamanı Xankəndidə fəaliyyət göstərən QHT-lər Azərbaycana qarşı qarayaxma kampaniyası apardılar, ərazi bütövlüyümüzə qarşı çıxdılar. Onlar necə bizim QHT-lərin tərəf müqabili olacaq?
- Həqiqətən də müharibə zamanı, müharibədən sonra onlar bizə qarşı ağ yalanlar söyləmişdi. İndi biz bütün dünyaya göstərməliyik ki, biz kimik, nəçiyik. Dünya görməlidir ki, erməni təşkilatları olsalar belə, bizimlə bərabər çalışmalarına razıyıq. Ermənilərin iftiralarını, qarayaxmalarını elə öz iştirakları ilə darmadağın etməliyik. Əks halda, dünya onların bizə qarşı olan aqressivliyini görəcək.
- QHT-lər vətəndaş cəmiyyətinin əsas akterlərindəndir. Qarabağ ermənilərinin Azərbaycanın QHT sektoruna reinteqrasiyası üçün öncə vətəndaş olmaları gərək. Tanıdığınız ermənilərdən kimlər vətəndaşlığımızı qəbul etməyə hazırdır? Bu yöndə hansısa mesajlar almısınızmı?
- Düşünürəm ki, gedib ermənilərlə danışıb, məsələləri həll etdikcə, onlarla danışdıqca bunu bilə bilərik. Sözsüz ki, birinci ora vətəndaş cəmiyyəti getməlidir. İnsanlarla söhbət etməli, onlara vətəndaş cəmiyyətinin rolunu izah etməli, həm Azərbaycanda, həm Ermənistanda müharibə zamanının həqiqətlərini deməlidir.
- Bir anlıq düşünün ki, Xankəndidə erməni icması ilə görüş keçirilir və söz sizə verilir. Ermənilərə nə deyərdiniz?
- Ermənilərə deyərdim ki, bütün dünya dəyib bir-birinə. Bu qarışıq dünyada çıxarmalı olduğunuz nəticələr var. Seperatizm hər iki xalqa böyük ziyan vurub. Həm sizdə, həm bizdə nə qədər insan ölüb. Siz bizi 30 il ərzində öz torpaqlarımızdan məhrum etmisiniz. Bu illər ərzində nə qədər əzab, əziyyət çəkmişik. Buna baxmayaraq, biz sizi qovmuruq. Əgər bizim vətəndaşımız olmaq istəyirsinizsə, qalın, işləyin. Yox, yenə separatçı mövqeyinizdə qalırsınızsa, qayıtmayın, hara istəyirsinizsə, çıxıb gedin. Hər şey haqq və hüquq çərçivəsində olacaq.
Rəfiqə NAMAZƏLİYEVA
QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" sahəsi üzrə hazırlanmışdır.
.png)