Həmsöhbətimiz Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi analitik Yeganə Hacıyevadır Həmsöhbətimiz Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi analitik Yeganə Hacıyevadır

Yeganə Hacıyeva: "Biz bu uğurda qadınlarımıza borcluyuq" - MÜSAHİBƏ

Həmsöhbətimiz Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi analitik Yeganə Hacıyevadır

- Yeganə xanım, dünən keçirilən Azərbaycan Qadınlarının VI Qurultayında iştirak etdiniz. Əvvəla qurultay haqda təəssüratlarınızı bilmək istərdik.

- Qurultay çox yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan cəmiyyətinin bütün təbəqələrində fəaliyyət göstərən qadınların iştirakı ilə keçirilmişdi. Ümumilikdə təkcə Azərbaycan cəmiyyətinin deyil, digər yerli səfirliklərin, hökumət nümayəndələrinin, millət vəkillərinin, əlavə olaraq diplomatik korpus nümayəndələrinin iştirakı ilə həyata keçdi. Yerli səviyyədə keçirilməsinə baxmayaraq Qadınların Qurultayına beynəlxalq təşkilatlar, diplomatik korpuslarla yanaşı Türkiyə, Tacikistanın ailə, qadın, uşaq komitələrindən aidiyyatı şəxslər də qoşulmuşdu. Mənim qurultayla bağlı təəssüratlarım çox xoşdu, bayram ab-havalı, eyni zamanda daha ciddi problemlərin müzakirəsi ilə keçən qadınlar üçün faydalı bir tədbir oldu.

- Qurultay harada keçirildi və təşkilatçıları kimlər idi ?

- Qurultay Gülüstan sarayında keçirilirdi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutdu. Azərbaycanda sadəcə hökümət nümayəndələrinin deyil, cəmiyyətin aparıcı simalarının iştirakı ilə həyata keçdi. Tədbir Azərbaycan cəmiyyətinin bütün təbəqəsinin təmsilçiliyi ilə davam etdi. Bu da özünün faydalılığını göstərdi, müxtəlif fikirlər səsləndi, ancaq hər kəsi birləşdirən dəyərlər bir daha təsdiqləndi. Qurultay Ulu Öndərin anılması, onun Azərbaycan qadınlarına münasibəti haqda sitatları və geniş filmin təqdimatı ilə davam etdi.

- Azərbaycanda Qadınların Qurultayı illərdir keçirilməkdə davam edir. Sizcə, bu qurultayın nəticəsi necə olacaq?

- Qurultay sözünün tərcüməsi təmsilçilikdir, yəni Azərbaycan cəmiyyətindəki qadınların təmsili, onların səslərinin müəyyən yerlərə çatdırılmasıdır. Qurultay qısa müddətli fəailiyyət planı olan ictimai-siyasi xarakter daşıyan bir yığıncaqdır. Qurultay 5 ildən bir keçirilir, bu il isə 6-cısı keçirildi. Qurultayın təmsilçilik tədbiri olduğunu nəzərə alsaq, nəticəsinin qadınlarımızın öz iradələrini göstərməsi olduğunu deyə bilərik. Azərbaycan cəmiyyətində bu mövzuda bütün iştirakçıların bir fikri var: Qadınların rolu daha da möhkəmlənməlidir.

- Bildiyiniz kimi, bu qurultay Azərbaycanın ərazi bütövlüyünü təmin etdikdən sonra ilk dəfə keçirilir. Bununla bağlı düşüncələriniz necədir?

- Bizim torpaqlarımızın işğaldan azad olunması ilə biz torpaqlarımızın bütövlüyünü təmin etdik. Düşünürəm ki, biz bu uğurda qadınlarımıza borcluyuq. Çünki torpaqlarımızı işğaldan azad edən qəhrəman oğullarımız qadınlarımızın aşıladığı dəyərlər sayəsində qələbə əldə etdilər. Bu, hər bir azərbaycanlının fəxarət hissi keçirdiyi bir qurultay idi. Hər iştirakçının ikinci sözü "Şükür bu günə" olurdu. Doğrudan da, bu günə şükürlər olsun ki, belə bir həssas coğrafiyada mövcudluğumuzu möhkəmləndirdik. İndi qadınların cəmiyyətin saflaşması, inkişafı üçün yeni vəzifələri formalaşdı.

- Sizcə, ölkəmizdə gender bərabərliyi təmin olunur?

- Gender bərabərliyi çox ciddi məsələdir. Azərbaycan cəmiyyətində gender məsələsi bəzən qadının xeyrinədir, bəzən isə yox. Gender məsələsi qadınlar üçün iqtisadi anlamda müstəqilliyini təmin etməkdir. Təbii ki, qadının cəmiyyətdə rolu nə qədər çox olacaqsa, bu cəmiyyət üçün daha faydalı olacaq. Gender bərabərliyi tamamilə qadınların xeyrinədir. Düşünürəm ki, Azərbaycanda gender məsələlərinin də həll etməli olduğu məsələlər var. Qadınların müxtəlif sahələrdə daha geniş təmsilçiliyinə ehtiyac var. Məsələn, ölkənin Birinci xanımı vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti qadınların siyasətdə rolunun önəmini göstərir. Müəyyən sahələr var ki, orada qadınların olması həmin sahənin inkişafına yol açıb. Bu, danılmaz bir faktdır.

- Hazırkı dövrdə, ölkənin ictimai-siyasi mühitində qadınlarımızın rolu sizi qane edirmi?

- Mən inanıram ki, ictimai-siyasi fəaliyyət insanın fərdi qabiliyyətlərinin üzərində həyata keçirilməlidir. Çoxluqdan fərqli olaraq, insanların genderin xüsusiyyəti üzərindən müstəsna münasibəti olmasını şəxsən mən qəbul etmirəm. Əgər bir sahənin mütəxəssisi daha uğurlu kişi olarsa, gender bərabərliyini təmin etmək lazımdır deyə ora qadın təyin etmək doğru deyil. Hesab edirəm ki, bu tip yanaşmalar rəqabət qaydalarını pozur. Bu qaydaların pozulmasında birinci əziyyəti çəkən elə qadın olur. Mənim fikrimcə, qadınlar etmək istədiklərini edə biləcəkləri cəmiyyətdə yaşamalıdırlar. Bu, təkcə qadınlar deyil, həm də kişilər üçün keçərlidir. Cəmiyyətdə qadının rolunu təbii seçimə buraxmaq lazımdır. Əlbəttə, arzu ediləndir ki, qadınlar daha aktiv olsunlar, gələn nəsillər üçün nümunə kimi göstərilsinlər.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması sahəsi üzrə hazırlanmışdır.