Həmsöhbətimiz “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevdir Həmsöhbətimiz “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevdir

Ayaz Mirzəyev: "Stadionda duyğu dolu, gözəl hisslər yaşandı" - MÜSAHİBƏ

Həmsöhbətimiz “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevdir

- Ayaz bəy, əvvəlcə Xankəndi səfərinizlə bağlı təəssüratlarınızı öyrənmək istərdik.

- Biz bir daha qədim Azərbaycan şəhəri olan Xankəndinin gözəlliyini gördük. O gündən ki doğma torpağımızı qaytarmışıq bu gözəllik iki qat daha da artıb. Xankəndidə bu gün həm də tarixi ana şahidlik etdik. Bu futbol oyunu çox rəmzi xarakter daşıyırdı. Xankəndidə biz çox rəmzi hadisələrin şahidi olduq. Prezident İlham Əliyev meydana toplaşan insanlardan şəhid övladlarını alqışlamağı və onları qarşılamağı xahiş etdi. Əlbəttə, biz torpaqlarımızın azad olunmasında əməyi olan şəhidlərimizi unutmuruq. Onların xatirəsi bizim üçün hər zaman çox əzizdir. Cənab Prezident İlham Əliyev və Mehriban xanım şəhid övladlarını çox sevinclə qarşıladılar. Oyunun sonuna kimi uşaqlarla birgə futbolu izlədilər. Bu oradakı insanlar, azərkeşlər tərəfindən çox şövqlə qarşılandı. Şəxsən mən də bu görüntülərdən çox təsirləndim. Ali Baş Komandanımızın timsalında hər birimiz bunu etməliyik. Cənab Prezident və xanımı bu addımları ilə həm də hər kəsə örnək oldular. Bizlərə şəhid övladları, şəhid ailələri ilə necə rəftar etməli olduğumuzu bir daha göstərdilər.

- Sizcə, Qarabağın ilk oyunda Mərkəzi Ordu İdman Klubu (MOİK) ilə qarşılaşması rəmzi xarakter daşıyır?

- "Qarabağ" klubu əvvəllər işğal altında olan, sonra isə azad olunan Ağdamın klubudur. Digər klub isə torpaqlarımızın işğaldan azad olunma prosesini həyata keçirən Müdafiə Nazirliyinin klubudur. Çox rəmzi bir xarakter daşıyır. Bu əslində dostluq yarışı idi, rəqabətdən heç bir söz getmirdi. Bu gün Xankəndidə Azərbaycan kuboku uğrunda mübarizə aparırdılar. Bu 30 il sonra ilk dəfə keçirilən futbol oyunudur.

- Xankəndindəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur. Oyun zamanı hansı hissləri keçirdiniz?

- Oyun zamanı mənə ən çox təsir edən cənab Prezidentin Mehriban xanımla bərabər şəhid övladlarını qucaqlaması, onları yanında oturtması və oyunun sonuna kimi şəhid övladları ilə birgə izləməsidir. Sonra isə cənab Prezidentlə xanımının qazilərlə, əsgərlə görüşməsi çox gözəl görüntülər idi. Düşünürəm ki, bu görüntülər həmin günün əhəmiyyətini iki qat artırdı. Mən və mənim kimi Xankəndində olan insanlar bunun canlı şahidi oldular.

- Prezident İlham Əliyev bu futbol matçının Xankəndində keçirilməsinin çox böyük mənası olduğunu dedi. Sizcə, bu hadisə Azərbaycan futbolu üçün nə qədər əhəmiyyətlidir?

- Xankəndi tarixi Azərbaycan torpağıdır. Nəinki burada bizim kubok oyunları, millimiz də oynayacaq. Ola bilsin ki, nə vaxtsa Azərbaycan-Türkiyə oyunları və ya digər başqa dövlətlərin komandaları ilə oyunlar keçiriləcək. Burada futbol və digər beynəlxalq yarışların keçirilməsi zamanla bizim üçün adi bir prosesə çevriləcəkdir. Bu da bütün dünyaya bir mesajdır ki, Xankəndi əzəli Azərbaycan torpağıdır. Şükürlər olsun, əzəli sahibi Azərbaycan torpaqlarını geri qaytardı və indi də burada belə bir yarışın keçirilməsi gələcək üçün güclü bir mesajdır. Azərbaycan yaradıcı xalqdır.

- Oyundan öncə komandalar meydana şəhid övladları ilə birlikdə çıxdılar. Bu görüntü sizə və həmçinin stadiondakı insanlara hansı duyğuları yaşatdı?

- Biz ömrümüzün sonuna kimi həmin şəhid övladlarının valideynlərinə borcluyuq. Qeyd etmək istəyirəm ki, şəhid övladlarının meydana gətirilməsində “YAŞAT” Fondunun böyük əməyi var. Bu sahədə çoxlu sayda böyük layihələri həyata keçirən “YAŞAT” Fondu lokal xarakterli anti-terror əməliyyatları zamanı şəhid olan qəhrəmanlarımızın övladlarının futbolçularla birgə meydana çıxarılmasına nail oldu. Fürsətdən istifadə edərək “YAŞAT” Fondunun rəhbərliyinə də həmçinin nümayəndələrinə minnətdarlığımı bildirirəm. Onlar bugünkü tarixi daha da əlamətdar etdilər. Stadionda duyğu dolu, gözəl hisslər yaşandı.

- Maraqlıdır, Xankəndində heç erməni ilə qarşılaşdınızmı?

- Açığı Xankəndini çox gəzmək şansım olmadı. Birbaşa stadiona getdim və oradan da avtobuslarla Bakıya qayıtdıq. Təəssüf ki, şəhəri gəzmək və görmək imkanım çox olmadı.

- Oyun sonunda “Qarabağ”ın qalib gəlməsi ilə stadionda ümumi ab-hava necə idi?

- Oyunda kimin qalib gəlməsindən asılı olmayaraq Azərbaycan xalqı bu gün qalibdir. Bu oyunun Xankəndidə keçirilməsi, insanların buraya gəlməsi bizim qələbəmizdir. Həmçinin əzəli Azərbaycan torpağı olan Xankəndi və digər ərazilərinin bizim nəzarətimizdə olması özü qələbədir. Polislərimiz, əsgərlərimiz buradadırlar. Bunlar hər biri futbol matçındakı qələbədən də daha böyük qələbələrdir. Futbol matçı sadəcə formal xarakter daşıyırdı. Oyundan sonra da çox gözəl görüntü ilə qarşılaşdım. Hər iki tərəfin oyunçuları bu gün münasibətli ilə bir-birlərini təbrik etdilər. Gün özü tarixi və əlamətdar gün idi. Əhval hesabın neçə olub-olmamasından asılı olmayacaqdı. Önəmli olan əlamətdar günün baş tutmasıdır.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Müsahibə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” sahəsi üzrə hazırlanmışdır.