“Abadliq.az”dan yazı müsabiqəsi - Mükafat fondu 4000 manatdır

Məlum olduğu kimi, Bakı Abadlıq Xidməti “Zəfərdən sonra...” mövzusu ilə bağlı yazı müsabiqəsi elan edib. Xidmətin Qarabağda və Şərqi Zəngəzurda görülən fəaliyyətlə əlaqədar jurnalistlər üçün elan etdiyi yazı müsabiqəsi sözügedən ərazilərdəki dəyişikliklərlə bağlı fərqli müəllif yanaşmaları, orijinal baxış bucağı axtarışındadır.

Müsabiqəyə olan marağı nəzərə alaraq bu haqda Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva ilə söhbətləşdik. Qurum rəsmisi müsabiqənin əsas məqsədi, nəticələrlə bağlı perspektivlər haqda danışdı:

- Abadliq.az saytında elan edilmiş yazı müsabiqəsinin detallarını açıqlaya bilərsinizmi?

- Bildiyiniz kimi, Qarabağın işğaldan azad edilmiş ərazilərində quruculuq işləri çox böyük sürətlə davam edir. Amma bir məkanın dirçəlməsi üçün sadəcə, zahirini abadlaşdırmaq yetməz. Qarabağda hər şəhərin, qəsəbənin, kəndin öz tarixi, ənənəsi – fərqli siması olub. Elan etdiyimiz yazı müsabiqəsinin məqsədi budur ki, qələm adamları – jurnalistlər, yazıçılar, tarixçilər 32 il işğal səbəbindən boş qalmış yurdun gələcəyi ilə bağlı öz fikirlərini, təkliflərini paylaşsınlar. Bəlkə də bu ideyalar quruculuq prosesində hansısa yeni layihələrə təkan verəcək.

- Bu o deməkdirmi ki, yazılar bədii dəyərinə görə deyil, məhz ideyasına görə seçilib dəyərləndiriləcək?

- Məncə, istənilən halda, təqdimatdan çox şey asılıdır. Bu mənada həmkarlarımdan həm maraqlı fikirlər, həm də gözəl yazı nümunələri gözləyirik.

- Konkret olaraq, gözləntiniz nədir?

- Bildiyiniz kimi, Bakı kəndlərində abadlıq işləri aparılarkən, yerli adətlərin müasir zamana uyğun canlanması üçün xeyli işlər görüldü. Sakinlər arasından istedadlar seçildi– rəssamlar, metal üzərində bədii döymə sənəti ustaları öz kəndlərinin tərtibatında iştirak etdilər. Qədim duluzçuluq, xalçaçılıq ənənələri Balaxanıda “Gilabi”, “İslimi” kimi brendlərin yaranmasına səbəb oldu. Qarabağda da eyni niyyətlə müxtəlif mərkəzlər, hamının ürəyincə olan özəl məkanlar qurula bilər. Böyük şəxsiyyətlərin açdıqları yolun davamı gəlməlidir – yeni təşəbbüslər tarixiliklə müasirliyin sintezindən doğulur. Yəni hətta bu gün üçün fantastik görünən təklifləri ortaya qoymağın ən yaxşı yolu - essedir. Xəyali quruculuq - qələm əhlinin əlindən gələn bir işdir. Məşhur əsərdə deyildiyi kimi, əlyazmalar heç vaxt yanmır.

- Adətən müsabiqələrdə əsas narahatlıq - mükafatlandırmanın obyektivliyinə bağlıdır. Seçimin şəffaflığını necə təmin edəcəksiniz?

- Abadliq.az saytında qeyd edilən mail ünvanına göndərilən bütün yazılar jüriyə imzasız təqdim ediləcək. Münsiflərin balları əsasında önə keçən nümunələr oxucuların da mühakiməsinə veriləcək. Bircə bunu qeyd edim ki, yenidən qurulan Qarabağın yeni tarixinə mədəni, sosial, mənəvi qatqısı olan ideyaları dəyərləndirənlər yalnız jurnalistlər deyil, quruculuq prosesində işrtirak edən müxtəlif sahələrin təmsilçiləri olacaq.

- Müasir dünyada yeni ideyanın qiyməti çox yüksəkdir. Müsabiqənin birinci mükafatı isə cəmi 1500 azn. Az deyil ki?

- Bu, əlbəttə ki, simvolik məbləğdir. Amma ideyanın gerçəyə döndüyünü görməyin özü də bir mükafat deyilmi? Həm də Qarabağda.. Əminəm ki, müsabiqə bir çox yaradıcı insanlar arasında körpü yaradacaq, maraqlı müzakirələr üçün zəmin olacaq. Yazarlarla layihə işləyən mümarlar, rəssamlar, böyük quruculuğu həyata keçirən qurumlar arasında ünsiyyət produktiv nəticələrini verəcək. “Zəfərdən sonra” ehtiyacımız birliyədir.