“Hələlik razılıq əldə edilməyib” “Hələlik razılıq əldə edilməyib”

Söküləcəyi deyilən Nəsimi bazarından REPORTAJ - Qalmaqal var

“Hələlik razılıq əldə edilməyib”

“Müvəqqəti narahatlığa görə üzr istəyirik”.

Bu məşhur ifadə nəhayət ki, Bakının köhnə bazarlarından olan Nəsimi bazarını da əhatəyə aldı.

Bir neçə ildir, paytaxt Bakıda fəaliyyət göstərən Nəsimi bazarının söküləcəyi ilə bağlı söz-söhbətlər dolaşırdı. Amma bu dəfə söhbət bir qədər ciddidir. Belə ki, bazarın ərazisi “Pilot layihə”yə salınıb. Artıq obyektin yaxınlığında söküntü işlərinə start verilib və ilin sonunadək bazar tamamilə söküləcək.

Proseslə yaxından tanış olmaq üçün bazarın yerləşdiyi ünvanda olduq. Azadlıq prospektində yerləşən bazara daxil olmazdan əvvəl ətrafına göz gəzdirdik. Həqiqətən də ərazidə ciddi iş gedirdi. Ətrafdakı köhnə tikililərin bir qismi artıq uçurulub və onların yerində “OLYMPUS park” şirkəti tərəfindən eyni anda iki çoxmərtəbəli bina tikilməkdədir. Belə demək mümkünsə, bu ünvandakı “gecəqondular” artıq müasir görkəmli tikililərlə əvəzlənir.

Ətrafa nəzər saldıqdan sonra bazara daxil olduq. Səhər saatları olduğundan o qədər də izdiham yox idi. Amma satıcılar həmişəki kimi öz gündəlik işlərini görürdülər. Bir neçəsi ilə söhbət etmək imkanımız oldu. Maraqlıdır ki, onlarda bazarın söküləcəyi ilə bağlı hər hansı bir formada – müsbətə və ya mənfiyə doğru reaksiya yox idi. Sanki onları maraqlandırmırdı: bir növ biganəlik, bir növ inamsızlıq...

“Qardaş, neçə ildir, deyirlər ki, bazar söküləcək. Amma 18 ildir, buradayam heç bir söküntü olmayıb. Rəhbərlik nə qərar versə, o da olacaq. Hələlik bazarın söküləcəyi ilə bağlı bizə heç bir xəbərdarlıq olmayıb”.

Bunu Rüstəm adlı satıcı dedi. Digər satıcıların da bazarın söküləcəyi xəbərindən təsirlənmədiyi görünürdü. Heç kim bundan narahat deyildi. Hətta “Köhnə bazar olacaq təzə bazar. Söküb, yerində müasir mall tikəcəklər”, - deyə yarızarafat-yarıciddi replikalar da oldu. Bir sözlə, bazarın söküləcəyi barədə heç bir satıcıda dolğun məlumat yox idi.

Bir az da dolaşdıqdan sonra satıcıların birindən kiçik bir informasiya ala bildik: “Deyiblər ki, gələn ilin mayına qədər çıxın”.

Kim deyib, necə deyib - bunu “bilmirlər”.

Bazara cavabdeh olan şəxslərdən kimisə tapmadığımıza görə, “Nəsimi Bazarı” ASC-nin nümayəndəsi Vaqif Adıgözəlovun bu gün mətbuata verdiyi məlumata diqqət edək: “OLYMPUS park” şirkəti ilə hələlik razılıq əldə edilməyib. Bəli, bazar artıq "Pilot layihə”yə salınıb. Amma sökülməsi ilə bağlı konkret qərar yoxdur. "OLYMPUS park” şirkətindən çox söz deyə bilərlər. Amma deyən oğlan əvvəl buranı alır, sonra tikinti qərarı verir. Əvvəla bizimlə razılaşdırılmadan orada necə tikintiyə başlaya bilərlər? Buranın da yiyəsi var. Sahibi Mirhacıyev Sabit Sənan oğludur. Danışıqlar gedir. Hələlik danışıqların detalları açıqlanmır. Açıqlanmasa belə, deyə bilərəm ki, hələlik razılıq əldə edilməyib”.

Göründüyü kimi, ərazinin sökülməsi ilə bağlı hələlik rəsmi bir razılaşma yoxdur. Odur ki, bazardan çıxıb “OLYMPUS park” şirkətinin satış ofisinə üz tutduq. Ofisin əməkdaşları məsələni təsdiq etdilər. Dedilər ki, bazar sökülməyinə söküləcək, amma hara isə köçürülüb-köçürülməyəcəyini bilmirlər. Detalları rəhbərlik bilir.

Ofisdən şirkət rəhbərliyi ilə əlaqəni təmin etməsələr də, özləri danışıb bizə bildirdilər ki, bu məsələ ilə bağlı sabah bir konfrans keçiriləcək və ictimaiyyətə ətraflı məlumat veriləcək. Onu da əlavə etdilər ki, şirkətin əsas məqsədi bu cür layihələrlə istismar müddəti çoxdan bitmiş nimdaş tikililərin yerində müasir binalar tikməklə şəhərin ümumi gözəlliyinə töhfə verməkdir.

Məsələ ilə bağlı Nəsimi rayon İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, alınmadı.

Qeyd edək ki, sözügedən ərazidə pilot layihə üzrə 4 çoxmənzilli bina tikiləcək. Onlardan ikisi hazırda tikilmək üzrədir. “OLYMPUS park” şirkəti artıq yeni binaların alıcılarını axtarır. Bunun üçün müştərilərini əmin edir ki, bu ilin sonunadək bazar söküləcək və yerində sözügedən yaşayış binaları tikiləcək.

Elgün MƏNSİMOV
AzNews.az
(Fotolar müəllifindir)

image description image description image description image description image description image description image description image description image description image description image description