“Bizim məzarımız arif insanların könlündədir" “Bizim məzarımız arif insanların könlündədir"

Şəms Təbrizinin qəbri Təbrizdədir? - ARAŞDIRMA

“Bizim məzarımız arif insanların könlündədir"

AzNews.az Artkaspi.aza istinadən Məsiağa Məhəmmədinin "Şəms Təbrizinin qəbri haradadır?" adlı məqaləsini təqdim edir.

Bu günlərdə Təbriz şəhər şurasının sözçüsü Həbib Şiri Azər mətbuatın və informasiya agentliklərinin böyük diqqətinə səbəb olan açıqlama verib. O, bir qrup jurnalist qarşısında çıxış edərək bildirib ki, mövcud tarixi sənədlər və qaynaqlar əsasında aparılmış araş¬dırmalar nəticəsində Mövlana Cəlaləddin Ruminin piri və mürşidi Şəms Təbrizinin məzarının Təbrizin Gəcil rayonunda olduğu müəyyən edilib.

Azər həmçinin Şəmsin qəbrinin digər yerlərdə olması ilə bağlı iddiaları rədd edərək deyib: "Təəssüf ki, ötən illərdə məlumatsızlıq ucbatından, eləcə də mədəniyyət xadimləri və tarixçilərin susması, bu məsələ ilə bağlı dəqiq araşdırmaların aparılmaması nəticəsində Şəms Təbrizinin məzarının başqa şəhərlərdə və hətta ölkələrdə olması ilə bağlı çoxlu fikirlər irəli sürülüb, amma Təbriz şəhər şurası mötəbər sənədlər əsasında bu tarixi gerçəkliyi sübut etmək əzmindədir".

Sonda şəhər şurasının sözçüsü bəyan edib ki, tezliklə Təbriz bələdiyyəsi Şəmsin məqbərəsinin bərpası və yenidən qurulması işinə başlayacaq.

Bu arada Təbriz şəhər şurası mədəniyyət komissiyasının üzvü, tanınmış tədqiqatçı Behruz Xamaçı "Tehran emruz" ("Tehran bu gün") qəzetinin müxbiri ilə söhbətində deyib: "Təbrizdə üç tarixi qəbiristanlıq vardır ki, bunlardan birincisində 400 şairin məzarı yerləşir; həmin qəbiristanlıqda dəfn olunmuş ilk şair XII əsrdə yaşamış Əsədi Tusi, sonuncu isə ustad Şəhriyardır. İkinci qəbiristanlıq indiki Taleqani küçəsində yerləşir ki, orda əsasən vəzirlər və dövlət xadimləri dəfn edilib. Gəcil adı ilə tanınan və Təbrizin mərkəzində yerləşən üçüncü qəbiristanlıq isə sufilərin və alimlərin dəfn yeri olub".

O əlavə edib ki, müharibə dövründə sonuncu qəbiristanlıq üzərində xəstəxana tikilib, İraq rejiminin bombardmanları nəticəsində həmin xəstəxana dağıldıqdan sonra aparılan təmizləmə və qazıntı işləri zamanı Şəms Təbrizinin məzarının da yerləşdiyi bu qəbiristanlıq aşkara çıxıb.

Xamaçı onu da deyib ki, artıq memarlıq sahə¬sində oxuyan tələbələr arasında Şəmsin məqbərəsinin maketi üçün müsabiqə elan edilib və ən yaxşı maket seçilərək, onun əsasında Şəmsin məzarı üzərində məqbərə tikiləcək.

Etirazlar

Təbrizlilərin bu bəyanatına ilk etiraz edən görkəmli Azərbaycan alimi, Şəms Təbrizi irsinin tədqiqi və nəşri sahəsində misilsiz xidmətlər göstərmiş Məhəm¬mədəli Müvəhhid oldu. O qısa bir açıqlama ilə çıxış edib dedi: "Qətiyyətlə demək olar ki, Mövlana Cəlaləddinin pirinin qəbri Xoydadır. Ola bilsin, Təbrizdə tapılan Şəms adlı başqa bir şəxsin məzarıdır".

Qeyd edək ki, M.Müvəhhid Şəmsin məzarının Xoy-da olması fikrini özünün "Şəms Təbrizi" adlı kitabında (birinci nəşri – 1996-cı il) geniş şəkildə əsaslandırıb və biz də ötən il yazdığımız bir məqalədə dəyərli tədqiqatçının mövqeyinə şərik olduğumuzu bildirmişik. Bu barədə ətraflı bir qədər sonra.

Müvəhhidin ardınca sufizmin və Mövlana yaradıcılığının başqa bir görkəmli tədqiqatçısı Tofiq Sübhani Təbriz şəhər şurasının məlumatına münasibətini bildirib. O, həmin qurumu haqqında danışdığı sənəd və qaynaqları nəşr etməyə çağırıb, öz mövqeyini də konkret mənbələr əsasında açıqlayıb: "Təbrizin tarixini Hafiz Hüseyn Kərbəlayi yazmış və onun əsərini Azərbaycan tarixini ən yaxşı bilən şəxslərdən biri, yəni mərhum Cəfər Sultanül-Qürrayi redaktə və nəşr etmişdir. Orada Şəmsin qəbrinin Təbrizdə olmasına dair bir söz deyilməyib".

Sübhani əlavə edib ki, Gəcil qəbiristanlığı XII əsrdən bəri böyük şəxsiyyətlərin basdırıldığı yer olub, amma Azərbaycanın görkəmli elm və sənət xadimlərindən bəhs edən qaynaqların heç birində Şəms Təbrizinin məzarının bu qəbiristanlıqda yerləşməsinə dair bilgi verilmir. Beləliklə, mövcud məxəzlər əsasında Şəmsin qəbrinin Təbrizdə olmasını sübut etmək mümkün deyil; bunun üçün qəbir daşı və ya ona bərabər əhəmiyyətə malik bir şey ortaya qoyulmalıdır.

Sübhani həmçinin Şəmsin Konyadakı məzarının ona məxsus olmadığını vurğulayaraq deyib: "Mənim dostum olmuş Gölpınarlı kimi bir mövlanaşünas həmin məzarın Şəmsə məxsusluğunu təkzib etmiş, amma o zamankı Türkiyə hökumətinin təzyiqi nəticəsində susmalı olmuşdu".

Mövlana divanının naşiri olan alim maraqlı bir fakta – Şəmsin məzarının Xoyda olması barədə XVI əsr fransız səyyahının verdiyi məlumata və çəkdiyi şəklə də diqqəti cəlb edib: "Bu avropalı səyyahın çəkdiyi şəkil təqribən yetmiş il bundan qabaq Türkiyədə çap olunub. Orada şəhərin ümumi mənzərəsi fonunda Şəms minarəsi təsvir edilib və Şəmsin qəbrinin onun böyründə olduğu göstərilib".

Nəhayət, Sübhani əslən xoylu olan tanınmış tədqiqatçı Məhəmməd Əmin Riyahinin Xoy tarixinə və Şəmsin məqbərəsinin bu şəhərdə olmasına dair araşdırmalarını nəzərdən qaçırmamağı məsləhət görüb.

Şəms minarəsi

Şəms Təbrizinin məzarının Xoydakı məşhur Şəms minarəsi yaxınlığında olduğunu ilk dəfə elmi şəkildə əsaslandıran şəxs qiymətli "Xoy tarixi" adlı kitabın müəllifi Məhəmməd Əmin Riyahi olmuşdur. Doğma şəhərini hədsiz məhəbbətlə sevən alim özü bu barədə yazır: "Hər dəfə Şəms Təbrizi minarəsinin yanına gələndə, atamın bütün xəbərdarlıq və qadağalarını unudub xüsusi şövq və sevinclə dar və qaranlıq dəhlizdən keçərək, sınıq-salxaq pillələrlə tövşüyə-tövşüyə yuxarı qalxırdım ki, minarənin başından Xoy düzənliyinə, şəhərin gil və kərpic evlərinə tamaşa edim. Bu məqsədə çatanda uşaq qüruru bütün vücudumu bürüyürdü. Evə qayıdanda isə atam bu minarəyə aid rəvayətləri nəql edirdi. Bunlardan ən şirini Mövlana ilə Şəmsin qeyri-adi görüşü barədəydi: Mövlana Şəmsi axtara-axtara gəlib bu minarənin yanına çıxır. Görür ki, Şəms minarənin başında dayanıb. Pillələrlə yuxarı qalxır. Amma ora çatanda Şəmsin minarənin ayağında durduğunu görür. Tələsik aşağı enir. Yenidən Şəmsin minarənin üstündə durduğunun şahidi olur. Bu hadisə bir neçə dəfə təkrarlanır və Mövlananın əli Şəmsə çatmır ki, çatmır..."

Bu cür xatirələrlə tədqiqatçı kimi fəaliyyətə başlayan, uzun illər Türkiyədə çalışan M.Ə.Riyahi məsələnin araşdırılmasına girişir və gəldiyi nəticələri 1996-cı ildə "Kilk" ("Qələm") dərgisində nəşr etdirdiyi məqaləsində açıqlayır. Məlum olur ki, Şəmsin qəbrinin Xoyda olduğunu bildirən ən qədim mənbə 1442-ci ildə yazılmış "Mücməli-Fəsihi" əsəridir. Onun müəllifi Fəsihi Herəvi hicri 672-ci (1272/73-cü) ilin hadisələrindən bəhs edərkən yazır: "Xoyda dəfn olunmuş Mövlana Şəmsəddin Təbrizinin vəfatı – Mövlanayi-Rum adı ilə məşhur olan Mövlana Cəlaləddin Bəlxi öz divanını onun adına bağlayıb".

Şəmsin Xoyda dəfn olunduğunu Fəsihi hicri 698-ci (1299-cu) ilin hadisələrindən bəhs edərkən bir daha vurğulayır.

Qeyd edək ki, "Mücməli-Fəsihi" elm aləmində kifayət qədər mötəbər mənbə sayılır və müəllif bu əsərini yazarkən, daha qədim yazılı qaynaqlardan istifadə edib. Ondan bir müddət sonra (1487-ci ildə) yazılmış məşhur "Təzkirətüş-şüəra"da isə Şəmsi tapmaq ümidi ilə Mövlananın Təbrizə səfər etməsindən bəhs olunur.

Riyahinin əsaslandığı digər bir mənbə Firudin bəyin "Münşəatüs-səlatin" əsəridir. Orada deyilir ki, Osmanlı hökmdarı I Süleyman 1526-cı ilin yayında Təbrizə növbəti yürüşdən qayıdarkən üç gün Xoyda qaldı və "rəbiül-əvvəl ayının 4-də cümə axşamı günü qoşunun komandanı İbrahim Paşa ilə birlikdə Həzrət Şəms Təbrizinin mübarək məzarını ziyarət etmək şərəfinə nail oldu".

Qeyd olunduğu kimi, Riyahi uzun illər Türkiyədə (İstanbul və Ankara universitetlərində) çalışıb, o cümlədən, İranın Türkiyədəki Mədəniyyət Mərkəzinin bünövrəsini qoyub. Türkiyədə Mövlana irsinin ən böyük tədqiqatçısı mərhum Əbdülbaqi Gölpınarlı ilə yaxın dost olan Riyahi onunla bağlı bir xatirəsini də qeyd edir: "1966-cı ildə o mərhum (Gölpınarlı – M.M.) Konyada Mövlana məqbərəsi kitabxanasındakı əlyazmaların araşdırılması və onların kataloqunun çapa hazırlanması ilə məşğul idi. O bilikli və mələk xislətli insanla xoş günlər keçirirdik. Bir gün ondan xahiş etdim ki, məni Şəmsin məzarının ziyarətinə və yenicə tapılmış o quyuya (söhbət Şəmsin guya öldürülərək atıldığı quyudan gedir – M.M.) baxmağa aparsın. Onun buna meylsizli-yini görüb Əflakinin rəvayətlərinin saxtalığı və Şəmsin məzarının Konyada olmasının əsassızlığı barədə şüb¬hələrimi ona açdım. Dedim: "Sizin yazdıqlarınızdan belə çıxır ki, özünüz də Şəmsin Konyada dəfn olunduğuna əmin deyilsiniz".

Şirin, mənalı və arifanə bir təbəssümlə dedi: "Nə işinə qalıb? Gənc araşdırıcılar belə bir ehtimal irəli sürdülər, mən də ürəklərini qırmaq istəmədim. Bu ehtimal Şəmsin məqamından heç nə əskiltmir, amma Mövlana məqbərəsinin əzəmət və cəlalını qat-qat artırır".

Şəmsin öldürülməsi barədə əfsanə

Şəms Təbrizinin Konyada uyuması barədə fikirlər onun bu şəhərdə qətlə yetirildiyinə dair rəvayətlərə söykənir. Təbii ki, bu şəhərdə öldürülübsə, burada da dəfn olunmalı idi, onun üçün məzar da tapılmalıydı. Amma doğrudanmı?

Məhəmmədəli Müvəhhid yuxarıda adı keçən monoqrafiyasında ilk növbədə Şəmsin öldürülməsi versiyasının haradan qaynaqlandığını araşdırır. Məlum olur ki, Şəmsin qəfildən yoxa çıxmasının bilavasitə şahidləri olan Sultan Vələdin (Mövlananın oğlu) və Sepəhsaların yazdıqlarında onun öldürülməsinə azacıq işarə belə yoxdur. Üstəlik Şəms məhz bu şəkildə – xəbər-ətərsiz yoxa çıxacağını qabaqcadan onlara söyləyibmiş: "Bu dəfə elə getmək istəyirəm ki, mənim harada olduğumu kimsə bilməsin" (Sultan Vələd); "Bu dəfə elə yoxa çıxacağam ki, bir məxluq da mənim izimi-tozumu tapa bilməyəcək" (Sepəhsalar).

Elə də olur. 1248-ci ilin cümə axşamı günlərinin birində (ay göstərilmir – M.M.) səhər "Mövlana mədrəsədə pirin yanına gedir və onun evdə olmadığını görür". Bu olay barədə sözügedən şəxslər belə məlumat verirlər: "Qəflətən hamının arasından itdi" (Sultan Vələd); "Birdən qeybə çəkildi" (Sepəhsalar).

Sonuncu onu da əlavə edir ki, həmin hadisədən sonra Mövlana "bulud kimi doldu", amma Şəmsin bu dəfə də Şama getdiyini zənn elədi. Buna görə də o diyardan gələnlərdən onun sorağını alırdı, özü də bir neçə dəfə Şəmsi tapmaq ümidi ilə Şama yollanmışdı.

Şəmsin qətlə yetirilməsi barədə versiya ilk dəfə onilliklər sonra "əl-Kəvakib əl-müzyiə" ("Parlaq ulduzlar") adlı əsərdə öz əksini tapıb. Diqqət yetirin ki, müəllif bu versiyanı kifayət qədər ehtiyatla qələmə alır: "Şəms Təbrizi yoxa çıxdı və onun hara getdiyi bilinmədi. Deyilənə görə, Mövlana Cəlaləddinin ətrafındakılar onun canına qəsd edib və qəflətən onu öldürüblər. Amma doğrusunu Allah bilir!" Ardınca Əhməd Əflakinin bu barədə ziddiyyətli rəvayətləri gəlir. 1318-1358-ci illərdə yazdığı "Mənaqibül-arifin" əsərində əvvəlcə o, Şəmslə Mövlananın ikilikdə söhbət etdikləri zaman bir nəfərin gəlib Şəmsi bayıra çağırması və orada gözləyən yeddi əleyhdarının onu öldürməsi barədə məşhur əhvalatı verir. Başqa bir yerdə isə Sultan Vələdin arvadı Fatimə xatunun (!) dilindən nəql edir ki, bir gecə Şəms Sultan Vələdin yuxusuna girib onu öldürərək filan quyuya atdıqlarını deyir. Sultan Vələd gecə yarısı məhrəm dostları ilə gedib onun meyitini quyudan çıxarır, gülab və müşklə yuyub Mövlana mədrəsəsinin banisi Bədrəddin Gövhərtaşın böyründə basdırır.

Halbuki tarixi qaynaqlara əsasən, sözügedən əmir Şəmsin yoxa çıxmasından sonra 15 il həyatda olmuşdur. Mərhum Gölpınarlı bu ziddiyyəti həll etmək üçün "Şəmsin Gövhərtaşın böyründə deyil, Gövhərtaşın Şəmsin böyründə basdırıldığını" yazırdı. Amma elə Gölpınarlının özünün araşdırmaları deyilən yerdə yalnız bir məzarın (Gövhərtaşın məzarının) olduğunu aşkara çıxarmışdı.

M.Müvəhhid Mövlana divanındakı çoxsaylı nümunələrin təhlili əsasında onun Şəmsin doğma şəhəri Təbrizə qayıtması ehtimalına da inandığını sübuta yetirir. Və özü də bu variant üzərində dayanıb yazır ki, Şəms Konyadan çıxıb Təbrizə yollanarkən Xoyda vəfat edib və orada dəfn olunub. Tədqiqatçının fikrincə, bu hadisə Şəmsin Konyanı tərk etməsindən 1-2 ay sonra baş verib. Buna görə də o, "Şahidi-sadiq" müəllifinin Şəms Təbrizinin 1248-ci ildə vəfat etməsi barədə məlumatını ağlabatan sayaraq qəbul edir (Fəsihi Herəvinin göstərdiyi 1273-cü ili isə inandırıcı bilmir, hərçənd Riyahi Mövlananın da vəfat ili olan həmin tarixin araşdırılmalı olduğunu göstərir).

Qeyd edək ki, mütəxəssislərin fikrincə, Xoydakı minarə Səlcuqlar (ən azı erkən monqol) dövrünə aid bir abidədir. Səfəvilər dönəmində yenidən qurulan bu minarənin XV yüzillikdən etibarən Şəmsin adı ilə əlaqələndirildiyi dəqiq məlumdur. Bütün bunları nəzərə almaqla, 2007-ci ilin sonlarında Mövlananın 800 illiyi çərçivəsində Xoyda İran parlamenti sədrinin də iştirak etdiyi böyük tədbir keçirildi. Şəmsin məzar daşı yeniləndi, büstü qoyuldu, ərazidə qazıntı işləri aparılmağa başladı.

Belə düşünmək olardı ki, ən azı İranda Şəmsin harada dəfn olunması barədə mübahisələrə son qoyulub. Amma Təbrizdən səslənən bəyanat bunun belə olmadığını göstərdi. Hərçənd bu cür məsələlərə Şəms Təbrizi tipli şəxsiyyətlərin öz yanaşması vardı. Onlardan biri deyirdi: "Vəfatımızdan sonra bizim qəbrimizi dünyada axtarma, çünki bizim məzarımız arif insanların könlündədir".

Kim bilir, bəlkə də ən düzgün yanaşma elə budur...