Hələbdə Tehran – İrəvan əməkdaşlığı

Suriyadakı erməni hərbi birləşmələrinin komandanı Nubar Ozanyanın (1991-1992-ci illərdə Dağlıq Qarabağda “Suriya Erməni Könüllüləri” həbri birləşməsinin komandiri olub) rəhbərliyi altında türkman əhalisinə qarşı aparılan soyqırımların haqqında bu gün erməni tarixçiləri “qəhrəmanlıq salnaməsi” yazmağa başlayıblar

2012-ci ildə başlanılan “Suriya böhranı”nın səbəbkarlarından biri də İranın bu ölkədəki strateji maraqları oldu. Suriya demək olar ki, bu gün Tehran rejiminin “ölüm-qalım” məsələsinə çevrilibdir. Ona görə də başda Hələb şəhəri olmaqla ölkənin bir sıra strateji coğrafi məkanlarını nəzarətdə saxlayır. Bunun üçün “İslam İnqilabının Keşikçiləri Ordusu”nun nizami qüvvələri, “Fələstin Hizbullah Ordusu”, “Livan Hizbullah Könüllü Silahlı Qüvvələri”, “İraq Hizbullahçı Silahlı Birlikləri” toplam 120 minlik hərbi qüvvəsi ilə Suriya torpaqlarında yerləşir. Bununla yanaşı, ermənilərə məxsus silahlı birliklər də İranın Suriyadakı siyasətinə dəstək üçün Hələbdə yerləşiblər.

Xalq drujinaçıları” Hələbı necə nəzarətə alıblar?

“İran İslam İnqilabının Keşikçiləri Ordusu”nun orta və yüksək təbəqli zabitlərindən ibarət yaradılmış qərargahın dəstəyi ilə bu gün Suriyada, özəlliklə də Hələbdə 100 min nəfərlik “xalq drujinaçıları” silahlı qüvəvləri yaradılıb. Xalq arasında “şəbihə” adı ilə tanınan bu könüllülər fərqli qruplara bölünürlər:

1. Bəşər Əsəd rejimini müdafiə edən BƏƏS siyasətinə dəstək verənlər,

2. İranın ideoloji təsiri ilə bölgədə silahlı mübarizəyə könüllü qatılanlar,

3. Dözülməz ağır həyat tərzi və ailəsinin ehtiyaclarına görə bu prosesə qoşulanlar,

4. Erməni könüllü silahlı qüvvələri,

5. Fələstin, Livan, Yəmən, Oman, Sudan, İran, İraq, Pakistan, Küveyt, Əfqanıstan və başqa dövlətlərdən könüllü olaraq cihada qatılanlar.

Bu gün Hələb, Şeyx Miskin, Homs, Həma, Palmir, Hməym, Sanobar, Latakiyə, Şayrat, Mühəddəd, Huneyfəs, Əl Karyateyn, Təl ən Nəkrin, Ən Nəyrəb, Əl Həmdəniyyə, Əl Mədəniyyə, Hələ Hədəşəh, Cəbl Əzan, Şeyx Nəcər, Əl Kteyfə, Məərbə,
Şenşər, Rəs əl Məərə, Məəlul və digər bölgələrdə Tehran rejiminin vahid komandanlığı altında “Fatimiyyə Briqadası” (əfqanlar), “Zeynəbiyyun Briqadası” (pakistanlılar), “Pasdaran” (iranlılar), “Bədri”, “Sədri”, “Əbu Fədl əl Abbas”, “Əsaib Əql əl Həqq”, “Əl Qüds” , “Fələstin İslami Cihad”və digər silahlı birliklər fəaliyyətlərini davam etdirirlər. Bu hərbi birliklər sözdə Suriyanın ərazi bütövlüyü və mövcud rejimi qorumaq üçün mübarizə apardıqlarını elan etsələr də, əslində Tehran molla rejiminin maraqlarını qoruyurlar.

Suriyaya 15 milyard dollarlıq yardım nə üçün idi?

2013-cü ildə İran dövlətinin rəsmi qərarı ilə Suriyaya 15 milyard dollar kredit ayrıldı. Halbuki, vətəndaş müharibəsinin getdiyi bir vaxt iqtisadi strukturların darmadağın olduğu bir ölkəyə dünyanın heç bir dövlət və ya beynəlxalq maliyyə strukturu bu qədər həcmdə kredit ayırmağı ağlına gətirməz. Diktator Bəşər Əsəd bu vəsaiti onu müdafiə edən hərbi qüvvələrin maliyyəlışdirilməsinə yönləndirdi. Suriyanın şimal-qərb bölgələri üzrə Bəşər Əsədə tabe olan qüvvələr, ölkənin cənub-qərb və cənub-şərq regionları üzrə İrana bağlı hərbi birləşmələr beynəlxalq birlik qarşısında güc nümayiş etdirə bildilər
(mənbə: https://ruposters.ru/news/08-02-2016/iran-syria). O da bəllidir ki, 2003-2011-ci illərdə İraqda yaşanılan vətəndaş müharibəsi, eləcə də “Körfəz böhranı” nəticəsində ən çox gəlir əldə edən Tehran molla rejimi oldu. Ona görə də 2012-ci ildə “Suriya böhranı” gündəmə gələn kimi, bu ölkədəki diktatura rejiminin qorunmasına hər il milyardlarla dollar yardım etməyə başladı. Bir yandan maddi yardəm, digər yandan isə, könüllü döyüşçülər göndərilirdi. 2012-2019-cu illər aralığında Tehrandakı KİV-ləri diqqətlə incələsək dövlətin bu siyasətə nə qədər dəstək verdiyini əyani şahidi oluruq.

Tehran rejiminin yardımlarından ən çox faydalanan ermənilər oldu

Türkiyə sərhəd bölgəsindəki Kasab rayonunda qardaş ölkəyə qarşı terror qruplarının fəaliyyətlərində ermənilərə məxsus silahlı qruplar da yer alırlar. Onlar utanmadan açıq şəkildə bildirirlər ki, guya Türkiyə Suriyanı işğal siyasəti yürüdür və buna görə də belə bir addım atmaq məcburiyyətindədirlər. Halbuki Kasab bölgəsində PYD, PKK tipli terror qrupları Türkiyənin daxili işlərinə müdaxilə siyasətini yürüdürlər. Bu faktı ermənilərə məxsus KİV-lər də etiraf edirlər ( www.voskanapat.info/?p=7068 və https://hayeli.am). Ermənilərdən ibarət “könüllü hərbi birləşmələr” Suriyanın Hələb, Əl Həsək, Əl Rakka, Laziqiyyə, Qamışlu, Homs, Əl Xalidiyə, Əl Əziz, Süleymaniyyə və digər bölgələrində əldə silah Tehran rejiminin dəstəyi ilə yerli türkman əhalisini “Türkiyənin cəsusu” adı altında terror edir (mənbə: https://blognews.am/rus/news/302520/).

Bu faktı “Suriya Türkman Milli Cəbhəsi” dəfələrlə gündəmə gətirib və Türkiyədən dəstək istəməyə məcbur qaldığını bildiribdir. O da bəllidir ki, diktator Bəşər Əsədə tabe olan Suriya Ordusunun 106 saylı briqadası tamamilə ermənilərdən təşkil olunub. Rəsmi təbliğatlarda ermənilər qeyd edirlər ki, guya “İŞID”, “Əl Qaidə” və digər radikal terrorçu birləşmələrə qarşı silahlı mübarizə aparmaq məcburiyyətindədirlər. Ermənilərin Suriyada dünyadan gizlədilən və heç yerdə qeyd olunmayan soyqrım siyasətini apardıqları göz önündədir. Bu, mənşə baxımından daha çox azərbaycanlıların bir parçası olan və türkman adı ilə tanınan bir toplumun yaşadığı acı facilərdən ibarətdir. Xüsusilə Suriyanın ikinci böyük şəhəri olan, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məzarının olduğu Hələb şəhərində daha sərt şəkildə soyqırım siyasəti yürüdülüb ( mgfedayi.info/3/3/110/, mgfedayi.info/3/1/111/, www.liveinternet.ru/users/ 4706758/post377478283/).

Suriyadakı erməni hərbi birləşmələrinin komandanı Nubar Ozanyanın (1991-1992-ci illərdə Dağlıq Qarabağda “Suriya Erməni Könüllüləri” həbri birləşməsinin komandiri olub) rəhbərliyi altında türkman əhalisinə qarşı aparılan soyqırımların haqqında bu gün erməni tarixçiləri “qəhrəmanlıq salnaməsi” yazmağa başlayıblar. 2015-ci ildə döyüşlərin birində ölən bu erməni terrorçusunu hətta “milli qəhrəman” səviyyəsinə qaldırmağa çalışırlar (http://www.yerkramas.org/article/152928/v-sirii-sformirovana-armyanskaya-nacionalnaya-voennaya-brigada).

Sülh çağında ermənilərə xidmət taktikası

Bu gün beynəlxalq birliyin təzyiqləri nəticəsində Suriyada vətəndaş müharibəsi bir qədər səngimişdir. Bunun əsas səbəblərindən biri də, İranın iqtisadi baxımdan embarqolarla üz-üzə qalmasıdır. Fürsətdən istifadə edərək ermənilər Hələb şəhərində xristian kilsə və abidələrini bərpa etməklə bölgədə üstünlüyü ələ almaq taktikasını seçiblər. Bu, iqtisadi və ticarət sektorunda monopoliyanı ələ keçirmək deməkdir. “Qırx şəhid” adı ilə bilinən “Karasun Mangants” kilsəsinin Tehran rejiminin dəstəyi ilə təmir olunaraq dindarların istifadəsinə verilməsi 1 aprel 2019-cu il tarixində bu məqsədlə böyük bir mərasim keçirildi. 2016-cı ildə vətəndaş müharibəsinin nəticəsində dağıdılan bu kilsə ilə bağlı ermənilər bütün dünyaya bölgədə “söz sahibi” olduqlarını mesajını verməyə başladılar. Beyrut erməni kilsəsinin ruhani lideri Aram Keşişyan törənə qatılaraq, İranın yardımlarına görə erməni xalqının adından təşəkkürlərini elan etdi. Suriya parlamentinin erməni deputatı Jirayr Rəisyan isə qeyd edib ki, ən azından Hələb şəhərinin əhalisinin 10 faizini təşkil etmək strategiyasını rəsmiləşdirməyə çalışmalıyıq.
Qeyd edək ki, 2011-ci ilə kimi Suriyada toplam 250 min nəfər erməni yaşayırdı. Ölkədə vətəndaş müharibəsi başlayan kimi, onlar Livan, İran, Ermənistan, Aregntina, İspaniya, İtaliya, Rusiya, Ukrayna və digər ölkələrə köçmüşdülər. Ermənistan, İran və Livanda qaçqın erməni gəncləri üçün hərbi düşərgələr yaradılmışdı. Onlar burada hərbi hazırlıq kurslarını keçdikdən sonra Suriyada İranın nəzarəti altında olan bölgələrdə müharibəyə cəlb olunmuşdular (mənbə: http://www.agos.com.tr/tr/yazi/22250/halep-te-ic-savasta-yikilan-ermeni-kilisesinde-yillar-sonra-ayin).

Hələbin strateji əhəmiyyəti

Ermənilərin Suriyada türkman əhalisinin ən sıx yaşadığı bölgə kimi tanınan və ölkənin ikinci böyük şəhəri sayılan Hələbə olan maraqlarının strateji əhəmiyyəti vardır. Belə ki, Hələb coğrafi və hərbi baxımdan strateji yerdə yerləşir.

1. Hələb Türkiyə ilə sərhədlərə çox yaxın bir bölgədir.

2. Hələb Aralıq dənizinə çıxış deməkdir.

3. Hələb dini və təriqət baxımından İranın Yaxın Şərqdə gücünün ən üstün səviyyəyə qalxması deməkdir,

4. Hələb Yaxın Şərqdə türkman əhalisinə görə Türkiyənin mövqelərinin gücü mənasını daşıyır,

5. Hələb İordaniya, Livan, İraq və İsrail kimi Yaxın Şərqin güclü dövlətləri ilə əlaqələrin inkişafı deməkdir,

6. Hələb Yaxın Şərqdə rəsmi və qeyri rəsmi bazarların, iqtisadi münasibətlərin uzlaşdığı nöqtə deməkdir,

7. Hələb Yaxın Şərqdə mədəniyyətlərin və dinlərin uzlaşdığı urbanziasiya məkanıdır,

8. Hələb Yaxın Şərqdə 420 kvdarat kilometr əraziyə malik olan nadir qədim şəhərlərdən biridir,

9. Hələb Azərbaycan üçün mənəvi-mədəni və sosial-iqtisadi münasibələr baxımdan tarixi önəm daşıyan Yaxın Şərqin ən gözəl bölgəsidir.

Bu gün ermənilərin Tehran rejiminin dəstəyi ilə tarixi kökləri Azərbaycanla sıx bağlı olan bu qədim şəhəri dolayı yolla ələ keçirmək siyasəti nə qədər üzücü olsa da, bir qədər də bizimlə qonşuluq siyasətində kürəyimizə saplanmış xəncər siyasətinin uzantılarını əsla unutmamalıyıq.

Ə. Yusifoğlu