Rusiyanın çətiri altında sığınmaq taktikası ilə Tehran rejimi hətta özünə regionda bəzi dövlətləri əlverişli müttəfiq kimi tərəfdaş seçmək strategiyası da yürüdür Rusiyanın çətiri altında sığınmaq taktikası ilə Tehran rejimi hətta özünə regionda bəzi dövlətləri əlverişli müttəfiq kimi tərəfdaş seçmək strategiyası da yürüdür

Tehranın Şimali Qafqazdan Ankaranı sıxışdırmaq taktikası

Rusiyanın çətiri altında sığınmaq taktikası ilə Tehran rejimi hətta özünə regionda bəzi dövlətləri əlverişli müttəfiq kimi tərəfdaş seçmək strategiyası da yürüdür

20-22 iyun 2019-cu il tarixdə İranın İsfəhan şəhərində “İran və Şimali Qafqaz: Tarix və əməkdaşlıq perspektivləri” seminarı keçirilib. Seminarın təşkilatçıları isə, İran Xarici İşlər Nazirliyi və Rusiya Federasiyası Şimali Qafqaz Məsələləri Nazirliyi olmuşdur. Belə bir toplantı ilk dəfə Şimali Osetiyanın paytaxtı Vladiqafqazda 2017-ci ildə keçirilmişdi. O zaman həmin toplantıya hər iki tərəfdən toplam 300 şirkətin təmsilçiləri qatılmışdı. İsfəhan seminarına 65 iri şirkəti təmsil edən 400-ə yaxın nümayəndənin iştirakı İranın Şimali Qafqaz regionları ilə biznes maraqlarının nə qədər ciddi olmasını bir daha təsdiq etdi. Seminarda İranın energetika naziri Rza Ərdakian və Rusiyanın Şimali Qafqaz naziri Sergey Çebotarevin iştirak etməsi məsələnin son dərəcə ciddi olmasına işarə idi.

Rusiya çətiri altında molla rejimi

2002-ci ilə qədər Yaxın Şərq ölkələrində bir sıra dini qrupalrın terrorizmlə bağlı dünyanı təhdid etməsi nəinki region dövlətlərini, bütün dünyanı lərzəyə salırdı. “Taliban”, “Əl Qaidə”, “Əl Qama əl İslamiyyə”, “Ənsar əl İslam”, “İxvan Müslimin”, “Həqqani”, “Ləşkəre Tayba”, “Ənsar əd Din”, “Əl Murabitun”, “Boko Haram”, “Əş Şabaab”, “Ənsar əl Şariyə”, “Ənsar Beyt Əl Məqdis”, “Cəbhət ən Nüsrə”, “Camaat Ənsərulla”, “Cəmaa İslamiyyə”, “Sələfulla”, “Camaat Təbliğ”, “Əbu Nidal Qrupu”, HƏMAS, “Əl Hərəkət əl İslamiyyə”, “Dekkan Mücahidin”, “Ənsərullah”, “Cəmiyyə əl İslah əl İcitimai”, “Cundullah”, “Cund əl Şam”, “Kətaib əl Houl”, “Ləşkəre Cəngi”, “Riyadus Salihin”, “Fəht əl İslam”, “Hərəkətül əl Mücahidin” və digər din pərdəsi altında onlarca radikal təşkilatlar Şimali Afrika, Yaxın Şərq, Orta Asiya, Qafqaz və Balkan yarımadasına qədər misli görünməyən terror təhdidləri sayəsində adı çəkilən regionların inkişafı üçün ciddi təhlükəyə çevrilmişlər. 2002-2017-ci illərdə Tunis, Əlcəzair, İraq, Liviya, Oman, Misir, Yəmən, Sudan, Qətər, Əfqanıstan, Pakistan, Bəhreyn və digər ölkələri təhdid edən və din pərdəsi altında radikal islam siyasəti tədricən durdurulmağa başladı. Bu məsələdə NATO və müttəfiqi olan dövlətlərin xüsusi rolu oldu. O da bəllidir ki, bu gün “ipə-sapa” yatmayan İranın siyasi kursu Qərb tərəfindən haqlı narazılığa səbəb olan amillərdən biridir. İran rejimi özünü qorumaq üçün Qərblə baş-başa gələn Çin və Rusiyanın sayəsində gözlənilən proseslərdən yayınmağa çalışır. Tehran rejiminin bu istiqamtədə atdığı addımlar isə bunlardan ibarətdir:

1. Çinlə neft-qaz və digər təbii resursların ticarətində münasibətləri qorumaq,

2. Rusiyanın Yaxın Şərqlə ticarət və iqtisadi əlaqələrini gücləndirməklə qarşılıqlı şəkildə iqtisadi baxımdan bazarını qoruyub saxlamaq.

Rusiyanın çətiri altında sığınmaq taktikası ilə Tehran rejimi hətta özünə regionda bəzi dövlətləri əlverişli müttəfiq kimi tərəfdaş seçmək strategiyası da yürüdür. Orta Asiyada Taciktstan və Cənubi Qafqazda isə Ermənistan bu baxımdan Tehran rejiminin ən strateji müttəfiqləri hesab olunurlar. Şimali Qafqaz regionlarının dotasiya şərtləri içində olması Rusiyanın başının ağrıdığı problemlərdən biridir. Ona görə də tədricən bölgənin azından aqrar sektor və müəyyən şərtlər altında sənaye müəssisələrinin bazarı məsələsində çıxış nöqtəsi kimi istifadə edilməsi məqbul siyasət hesab olunur. Faktiki olaraq, Rusiyanın çətiri altında son illərdə İran Həştərxan limanı və quru yolla Şimali Qafqaz regionları ilə ticarət əlaqələrini gücləndirməyə çalışır. Beləliklə, bölgənin bir sıra iqtisadi problemlərinin həlli istiqamətində yerli biznesin inkişafına ümid edilir.

İranın hansı ölkədə uzun müddətli strateji hədəfləri varsa, orada “Mədəniyyət Mərkəzi” açmaqla yerli kadrlardan ibarət özünün sosial şəbəkələrini, “hörümçək toru”nu qurmaq taktikası ilə hərəkət edir. Bunun ardınca isə, qarşılıqlı “memarandum” imzalamaqla bu hədəflərini həyata keçirir. 1991-ci ilin martında Tehranda imzalanan “İran - Azərbaycan memorandumu” buna nümunədir.Həmin anlaşmanın şərtlərinə görə, Tehran Azərbaycan Respublikasında televiziya və radio kanalları, məktəblər, mədrəsələr, qəzet və jurnallar, ictimai qurumlar, məscidlər, universitet, teatr, kitabxana və sair mərkəzlər qura bilmək hüququna malik idi. Memorandumun qaydalarına görə isə, qarşılıqlı olaraq bizlər də həmin təsisatları İranda qurmaq hüququna malik olsaq da, Azərbaycan dilində adi bir kitab mağazasının açılmasına imkan verilmədi. Bir sözlə “təkqütblü” siyasəti irəli sürməklə Tehran rejimi Azərbaycanda istədiyi ideoloji təbliğat imkanları qazandı. İndi də bu hədəflərini Gürcüstanda, xüsusən də Borçalıda həyata keçirir. Borçalı bu gün İranın hansısa bir əyalətini xatırladır.

İranın Rusiya ilə əməkdaşlığının nəticəsi kimi, bu gün Həştərxan vilayətində ayrıca “İran Mədəniyyət Mərkəzi”ni yaradılıb. İndi də həmin mərkəzin sayəsində Şimali Osetiyada və Dağıstanda ehtiyatlı şəkildə olsa da, yeni təsisatlarını qurmağa başlayıb. “Dağıstan Dövlət Universiteti”ndə “Hafiz Şirazi muzeyi”nin yaradılmasının ardından çox yaxında bu regionu ideoloji baxımdan işğal edəcəyi istisna olunmur. Çeçenistan, Adıgey, Kabarda-Balkar, Qaraçay-Çərkəz və İnquşetiya respublikalarında da bu prosesi inkişaf etdirəcəyi göz önündədir.

İranın Şimali Qafqaza maraq göstərməsinin əsil səbəbi uzun illərdir Rusiyadakı təhsil siyasətində axtarılmalıdır. Şimali Qafqaz xalqlarının tarixinə yanaşılan metodların yanlış olması, regionda Çar Rusiyasından öncəki mövcud dövlətlərin əleyhində təbliğatların dərsliklərə salınması və elmi tədqiqatlarda rol oynayan yanaşım tərzi Tehran rejiminin asanlıqla qol-qanad açmasına səbəb olub. Çünki bu təbliğatların arxasında duran əsas meyar “antitürk” siyasətidir. Tarixdə mövcud olmuş Kuban, Saka (Skif, İskit), Xəzər, Hun, Avar, Alan, Teymurilər, Peçenek, Qızıl Orda, Bulqar, İdil-Ural, Noqay Orda, Osmanlı türk dövlətlərinin Şimali Qafqazı bir araya gətirməsinin sayəsində min illərlə formalaşmış etnokulturoloji nizamı dəyişmək kimi strateji hədəflər mövcuddur. Çünki Türkiyədə yaşayan və çoxmilyonluq Şimali Qafqaz mənşəli icma vardır. “Soyuq müharibə” bitdikdən sonra, bu xalqların milli diaspor təşkilatları öz tarixi vətənləri ilə sadəcə bir toplum kimi deyil, iqtisadi, mədəni və sosial əlaqələrin inkişafına çalışırdılar. Qafqaz xalqlarının etnomədəni strukturu ilə eyni dəyərləri daşıması Türkiyə-Rusiya münasibətlərinin inkişafına böyük təkan verə bilərdi. Prosesin belə bir məcrada inkişafı “Qarabağ düyünü”nün tamamilə həll üçün əlverişli faktorlardan biri idi. Təəssüflər olsun ki, Rusiyadakı erməni diasporu Şimali Qafqaz xalqlarını ənənəvi “antitürk” məcrasına yönəldə bildilər. Bütün bunları diqqətlə təqib edən Tehran rejimi “İran Qafqaz Araşdırmalar Mərkəzi”ni qurdu. İndi bu mərkəzin hesabatları sayəsində Şimali Qafqazı fəth edir.

İsfəhan seminarında nələr gündəmə gətirildi

2002-2017-ci illərdə Yaxın Şərq ölkələrində baş verən təlatümlərin nəticəsində indi ən çox ehtiyac problemi qida çatışmazlığıdır. Buna görə də ət, süd, buğda, meyvə və digər məhsulları əldə etmək üçün, İran şirkətləri Rusiyaya üz tutublar. “Halal ət” axtarışı bəhanə edən şirkətlər nəinki İranın, bütün Yaxın Şərq ölkələrinin ərzaq bazarını inhisara almaq üçün qarış-qarış Şimali Qafqazı gəzib dolaşırlar. Təbii olaraq, Şimali Qafqaz regionunda turizmin inkişafında Rusiyanın çox böyük maraqları var. İran, İraq, Yəmən, İordaniya, Misir, Oman, Əlcəzair, Tunis, Qətər, Bəhreyn və digər Yaxın Şərq ölkələrinin turistlərinin Şimali Qafqaza cəlb ediıməsi milyardlarla dollar gəlir deməkdir. İran indiki məqamda bu işin öhdəsindən gələ biləcəyi vədlərini verir. Hətta Xəzər dənizi vasitəsilə turizm gəmiçiliyi ideyasını müdafiə edir. Beynəlxalq kruiz layneri kimi tanınan və beşulduzlu “Böyük Pyotr” laynerinin son tamamlama işləri gedir. İran bununla yanaşı, Mahaçqala, Həştərxan, Qroznı, Vladiqafqaz, Maykop, Nalçik, Minvod, Rostov kimi Şimali Qafqazın iri şəhərlərinə öz təyyarələrinin uçuşunu da təklif edibdir. Yaxın Şərq ölkələrinin Rusiya ilə Tehran üzərindən təmaslar qurması ən sərfəli perspektiv kimi təqdim edilir. İran Şimali Qafqazda hər il keçirilən “Qafqaz oyunları” idman və mədəniyyət festivalında təmsil olunmaq təklifini irəli sürüb. Bundan əlavə “Minvod-Ekspo” Qafqaz iqtisadi Forumunun daimi iştirakçısı olmaq ideyasını müdafiə edir. Tehran rejimi “İran Ticarət-Sənaye Palatası”nın nümayəndəliyini sadəcə Moskvada deyil, Həştərxan, Rostov, Mahaçqala, Qroznı, Vladiqafqaz, Nalçik, Maqas, Maykop, Soçi, Novorossiysk, Stavropol, Krasnodar şəhərlərində açmaq fikrindədir. İsfəhan seminarında Rusiya tərəfi Şimali Qafqazda heyvandarlığın inkişafı üçün İran şirkətlərinə 20 min hektar ərazinin ayrılması təklifini müdaifə edib. Həmin kompleks İranı “halal ət” məhsulları ilə təmin edəcək. Seminarda Rusiyanın uzun illərdir irəli sürdüyü “Şimal-Cənub dəhlizi” ideyası gündəmə gətirildi. Rusiya-Azərbaycan-İran dəmir yolları və avtomobil yollarının işə salınması təkliflərinin nə qədər vacib olduğu vurğulandı. İran tərəfi 800 çeşiddə məhsullara güzşətlərin olması kimi təkliflərin rəsmi status almasını irəli sürdü.

Ankara üçün “strateji dərinlikdəki böhran”

“İsfəhan seminarı”nda İran tərəfi incə şəkildə Türkiyənin NATO üzvü kimi istənilən an mövqelərini dəyişə biləcəyini, Rusiya-İran əməkdaşlığının etibarlı strateji dəyər daşıdğını vurğuladılar. Türkiyənin iqtisadi və ticarət baxımından təklif etdiyi “Yaşıl dəhliz” xəritəsinin “siyasi xarakter” daşıdığını dönə-dönə vurğulayan iranlı mütəxəssislər Xəzər dənizi vasitəsilə Həştərxan-Ənzəli, Həştərxan-Bəndər Abbas marşrutunu müdafiə etdilər. Halbuki Türkiyənin İrandan fərqli olaraq, Şimali Qafqazda bir sıra şirkətləri regionda işsizliyin ləğvi və fabrik-zavodların açılması üçün milyonlarla dollarlıq yatırımlar qoyub. “IBC” yağlı boya zavodu, “Çaykur” fabriki, “Ozka Lastik & Kaucuk” kənd təsərrüfatı müəssisəsi, “Şahin Metal İmalat Sanayi” metal konstruksiya zavodu, “GencGursan” texnoloji avadanlıqlar müəssisəsi, “OSC Tarim Gida” istixanası, “Egeser” təkraremal zavodu, “Compak” və “Yeshim Tekstil” şirkətlərinin emal müəssiəsi, “Kara Deniz Prefabrik Makina”, “Taşyapı İnşaat Taahhüt”, “Gentes”, “Akin Özay” və digər şirkətlər Şimali Qafqazın simasını dəyişiblər. İran Rusiya ilə münasibətlərində apardığı siyasi kursu “antitürk” məcrasına yönəltmək taktikası ilə hərəkət edir. Ona görə də, Türkiyə-Rusiya münasibətlərinə mümkün qədər kölgə salmağa çalışır. O da bəllidir ki, Tehran rejiminin Türkiyəyə olan münasibəti dolayı yolla Azərbaycana zərbə deməkdir. “İsfəhan seminarı”nda bu yöndə atılan addımların mənası iqtisadi olmaqdan daha çox “siyasi xarakter” daşıyır. Şimali Qafqazı “üzük qaşı” kimi mühasirəyə almaqla Tehran rejiminin hədəflərindən biri də Cənubi Qafqazı öz təsiri altında saxlamaqdır.

Ə. Yusifoğlu