Qlobal tədqiqat mərkəzlərindən olan “Karnegi Fondu” ABŞ prezidenti Cozef Baydenin təşəbbüsü ilə keçirilən virtual “demokratiya sammiti”ni təhlil edib Qlobal tədqiqat mərkəzlərindən olan “Karnegi Fondu” ABŞ prezidenti Cozef Baydenin təşəbbüsü ilə keçirilən virtual “demokratiya sammiti”ni təhlil edib

Baydenin “demokratiya sammiti”: şübhəli məqamlar, ABŞ-ın mənfəəti və geosiyasi maraqları

Qlobal tədqiqat mərkəzlərindən olan “Karnegi Fondu” ABŞ prezidenti Cozef Baydenin təşəbbüsü ilə keçirilən virtual “demokratiya sammiti”ni təhlil edib

Tədbirə dəvət alan dövlətlərdən hər birini araşdırıb, qeyri-adi görünən məqamların üzərində dayanıb. Fond tərəfindən hazırlanan və “Baydenin demokratiya sammitində kimlər var?” başlığı ilə təqdim edilən analitik məqalə ayrı-ayrı beynəlxalq təşkilatların sammiti barədə rəylərinin müqayisəli təhlili üzərində qurulub.

Bu sırada ilk olaraq “Freedom House” və onun 2021-ci il üzrə hesabatı diqqət çəkir. Bəlli olur ki, sammitə dəvət alan ölkələrdən 77-si “Freedom House” hesabatında “azad” (tam demokratik), 31-i “qismən azad” (yarım-demokratik), 3-ü isə “azad olmayan” (qeyri-demokratik) ölkələr kimi təsnif edilib.

Fondun eksperti Steven Feldstein yazır ki, “qismən azad”, yəni “yarım-demokratik” ölkələrin sammitə gəlişini anlamağa çalışır. Amma “azad olmayan”, yəni “qeyri-demokratik” ölkələrin “demokratiya sammitində” görünməsinə şərh verə bilmir. Məlumat üçün qeyd edək ki, “Freedom House” hesabatında “qeyri-demokratik” ölkə kimi təsnif edilən, amma Baydenin “demokratiya sammiti”nə dəvət alan ölkələr Anqola, Konqo Demokratik Respublikası və Zambiyadır.

“Varieties of Democracy” (V-Dem) hesabatında isə “demokratiya sammiti”nə dəvət almış “qeyri-demokratik” dövlətlərin siyahısı bir az da artırılır. Onların sayı 3-dən 7-yə qaldırılır. Bu sıraya Anqola, Konqo Demokratik Respublikası, Zambiya ilə yanaşı İraq, Keniya, Malayziya və Pakistanın da adları əlavə edilir. Paralel olaraq digər 4 ölkənin iştirakı mübahisələndirilir. Mübahisəli ölkələr sırasında Braziliya, Hindistan, Filippin və Polşanın adı çəkilir: “Son 3 ildə avtoritar idarəçiliyin artması səbəbindən bu ölkələrin sammitə qatılması anlaşılmaz görünür” - deyə, məqalədə qeyd olunur.

“Foreign Policy” dərgisinin təhlükəsizlik məsələləri üzrə eksperti Eymi Makinnonun “demokratiya sammiti” barədə yazısında göstərilir ki, “NATO daxilində demokratik durum baxımından Polşa, Macarıstan və Türkiyə təqribən eyni vəziyyətdədirlər. Bunlardan birinin-Polşanın sammitə dəvət alması, digər ikisinin-Türkiyə və Macarıstanın almaması qeyri-adi görünür”. Makinnonun sözlərindən nəticə çıxır ki, sammitə dəvət almaq üçün meyar heç də ölkələrdəki demokratik durum olmayıb.

“Harvard Kennedi Siyasət Məktəbi”nin (HKSM ) mövzuya yanaşması isə digərlərindən fərqlidir. O, “demokratiya sammiti”nə dəvət alan ölkələrin durumunu deyil, ABŞ-ın özündə olan vəziyyəti təhlil edir. Birləşmiş Ştatlarda demokratik durumu dəyərləndirmək üçün oktyabrın 26-dan noyabrın 8-dək təqribən 2109 nəfər gənc amerikalı ( 18-29 yaşlılar) arasında sorğu keçirib. Məlumat üçün qeyd edək ki, Harvard Kenedi Məktəbi ABŞ-ın iqtisadi-siyasi elitasına yaxın məktəbdir. Sorğuya siyasi-iqtisadi təmayüllü elmlər üzrə təhsil alan, ABŞ-ın bu sahədə gələcək elitasını formalaşdıracaq gəncləri cəlb edib.

HKSM təhlilçilərinin keçirilmiş sorğudan əldə etdikləri nəticələr maraqlıdır. Respondentlərin 52 faizi bildirir ki, “ABŞ öz daxilində demokratiya problemi ilə üzləşib. Bu sahədə hakimiyyətin siyasəti uğursuzdur”. Sorğuya qatılmış gənclərdən 35 faizi ABŞ-da cəmiyyətin qütbləşməsindən narahatdır. Hesab edirlər ki, “ABŞ-da ikinci vətəndaş müharibəsinin başlandığını görə biləcəklər”. Gənclərdən 25 faizi inanır ki, “indiki gedişatla ölkə ən azı 2 yerə parçalanacaq, ABŞ ərazisində yeni bir dövlət müstəqilliyini elan edəcək”.

Ən qəribəsi budur ki, sorğu iştirakçısı olan gənclərin 80 faizi Cozef Baydeni bəyənməyiblər, onun demokratiyaya sadiqliyini şübhəyə alıblar .

Sorğunun nəticələrinə istinad etsək, Bayden komandasının demokratik model kimi çıxış etməsi mənəvi baxımdan mübahisələndirilir. Mübahisəyə yol açan əsas məqam isə ABŞ-da keçirilən son prezident seçkisi olub. Hansı ki, o seçkidə Bayden prezident seçilib. Son seçkidə səsvermənin nəticələrini dəyişdirmək üçün kifayət qədər saxtakarlıq edildi, yüz minlərlə seçici saxtakarlıq haqqında fikirlərini paylaşdı. Seçkidə saxtakarlıq olduğunu bəyan edən sabiq prezidentin-Donald Trampın mediaya çıxış imkanları məhdudlaşdırıldı, sosial media hesabları qapadıldı. Saxtakarlıq hallarını əks etdirən videogörüntülər isə bloklandı. İmpiçment olmayan, legitim prezidentin həm şəxsi, həm də adminstrasiyasına məxsus sosial media hesabları məhkəmə qərarı olmadan bəziləri iki həftəlik, bəziləri isə həmişəlik bağlandı. Kapitolidə bütün bunlara etiraz edən kütləyə silah açıldı, bir neçə nəfər etirazçı öldürüldü.

“Demokratiya sammiti”nin təftişinə həsr edilmiş təhlillərin sayı çoxdur. Əldə edilən nəticə isə birdir: hər kəs düşünür ki, Cozef Baydenin təşəbbüsü ilə keçirilən “demokratiya sammiti” bir məzhəkədir. Mövzu olaraq demokratiya önə çəkilir, mahiyyətdə isə ABŞ-ın strateji maraqlarının təmin edilməsi üçün yollar axtarılır. “Foreign Policy” dərgisinin eksperti Eymi Makinnon məqaləsində qeyd edir ki, “virtual demokratiya sammitinin keçirilməsində əsas məqsəd Çin və Rusiyanın təsir gücünə balans yaratmaqdır”. Müəllif fikrini isbatlamaq üçün Filippini misal göstərir. Qeyd edir ki, “Filippin prezidenti Rodriqo Duterte öz ölkəsində ədaləti yox edən, regionda Çinin aqressiv ekspansiyasına şərait yaradan liderdir. Hətta jurnalist Mariya Ressa Filippində hakimiyyətin zorakılığını ifşa etdiyinə görə Nobel Sülh Mükafatına layiq görülüb”. Belə bir ölkə liderini demokratiya sammitinə dəvət etmək o anlama gəlir ki, ABŞ Flippini öz orbitində tutmaq istəyir. Filippin Çini cilovlamaq kontekstində ABŞ üçün strateji müttəfiq rolunu oynaya bilər.

ABŞ-ın strateji hədəfləri: sammit üzərindən yürüdülən siyasət

“Karnegi Fondu”nun “demokratiya sammiti”nin hədəfləri barədə qənaəti Foreign Policy” dərgisinin rəyi ilə uyğundur. Fondun hazırladığı analitik məqalədə açıq tekstlə bildirilir ki, “sammitə dəvətlilərin seçilib müəyyənləşdirilməsində əsas meyar ABŞ-ın strateji maraqları olub. “Filippin, Ukrayna, Pakistan kimi ölkələrdə korrupsiya, qanunun aliliyinin pozulması ilə müşaiyət olunan qüsurlu demokratiyalar var. Bununla belə, onlar ABŞ-ın strateji hədəfləri üçün önəmlidirlər. Çinin təsirini tarazlaşdırmaq üçün Filippin, Rusiyaya qarşı durmaq üçün Ukrayna, terrorizmlə mübarizə prosesində isə Pakistan ABŞ-a lazımdır.

Dövlət Departamentinin müvafiq regional büroları sammitin tərkibini müəyyənləşdirərkən bu amilləri nəzərə alıblar”-deyir “Karnegi Fondu” nun təhlilçisi Steven Feldstein.

Onun qənaətincə, Macarıstan və Türkiyənin tədbirə dəvət almaması sadəcə Baydenin bu ölkələrin rəhbərlərinə qarşı olan şəxsi münasibəti ilə bağlıdır: “Bayden Macarıstanın baş naziri Viktor Orbanın və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdan gələn seçkilərdə yenidən seçilmək şanslarına zərbə vurmaq istəyir. Macarıstanda seçkilər 2022-ci ildə, Türkiyədə isə 2023-cü ildə keçiriləcək. Bu mənada onlara dəvət göndərmədi. Həmçinin, Filippin və Keniyada 2022-ci ildə milli seçkilər olacaq. Baydenin texnoloqları bu iki ölkənin mövcud liderlərini təşviq etmək məqsədilə Filippin və Keniyaya sammitdə yer ayırdılar”.

Afrika nə üçün önəmlidir?

Qeyd edilən analitik materiallarında diqqət çəkən bir nüans da var. Avropa, Asiya, Latın Amerikası ölkələrinin sammitə dəvət səbəbləri detallı şəkildə incələnsə də, Afrikanın üzərində sükutla keçilir.

Hansı ki, qonaqlar siyahısında ən ziddiyyətli görünənlər məhz bu qitədən olanlardır. Düzdür, “Karnegi Fondu” öz məqaləsində Afrikanın sammitə daha çox liderlə (19 dövlətin rəhbəri) qatılmasını xüsusi qabardır və şübhəli göstərici kimi təqdim edir. Bu qitədən “demokratiya sammiti”nə qatılanların seçilib müəyyənləşdirilmə meyarlarını tapmağa çalışır. Amma qaneedici səbəb göstərmir, etimadlı izahat vermir. Konqo, Keniya, Zambiya...sırada olan 19 dövlətin ABŞ üçün nə önəmi var? Nə üçün “Karnegi Fondu”, “Foreign Policy”... bütün qitələrdən olan dövlətləri detallı incələyir, amma Afrika üzərindən yarımçıq keçir?

Cavab tapmaq üçün istiqaməti ABŞ-ın peyk təşkilatlarından olan “Amnesty İnternational” verir. “Azadlıqların müdafiəçisi” rolunda ixtisaslaşmış “Amnesty İnternational” 2019-cu ildə “azyaşlıların əməyinin istismarı” üzrə hesabat yayıb. Hesabatda hədəf olaraq Afrika ölkələri görünür. Onlar yüz minlərlə azyaşlının əməyini istismar etməkdə qınanırlar. Amma Afrikada 54 dövlət mövcud olsa da, “Amnesty İnternational” sıradan yalnız 30 dövləti seçib fərqləndirir. Həmin 30 dövlət arasından isə daha çox Konqo Demokratik Respublikasının üzərində dayanır. 30 dövləti digərlərindən fərqləndirib “Amnesty İnternational” ın hədəfinə çevirən səbəb onların mədən sənayesinə malik olmalarıdır.

Konqo Demokratik Respublikası isə bu mənada daha önəmlidir. Aydınlıq üçün deyək ki, planetimizdə kobalt ehtiyatının tam yarısı Kongo dövlətinin payına düşür. 2000-ci illərə qədər bərk mineral maddə kimi müxtəlif sənaye, elm, tibb sahəsində geniş istifadə olunan kobalt, sonrakı dövrdə cib telefonları, noutbuk və digər smart qurğular, yüksək texnologiyalar üçün vacib materiala çevrilib. Hazırda kobalt elektro-mobillər üçün də vazkeçilməz elementdir. G-20 dövlətlərinin qərarına əsasən, dünya 2020-ci illərin ikinci yarısından etibarən ənənəvi mobillərdən - daxili yanma mühərriklərindən imtina edəcək, elektro-mobillər erası başlayacaq. Yeni nəsil avtomobillərin batareyası üçün kobalt istifadə olunacaq.

Bir sözlə, kobalt 21-ci əsrin ən strateji məhsulları sırasındadır. “Amnesty İnternational” isə azyaşlıları deyil, ABŞ-ın maraqlarını müdafiə edir. Təşkilat “Azyaşlıların əməyinin mədən sənayesində istismarı”nı şüar edib, Konqo Demokratik Respublikasını hədəfə çevirir, ABŞ-ın maraqlarına boyun əymək üçün ona təzyiq göstərir. Hesabatda deyilir ki, Konqoda hər il 40 mindən çox uşaq mədən sənayesində çalışır, istismar olunur. “Amnesty İnternational”ın bu hesabatı UNİCEF-in indeksinə daxil edilib, Konqo uşaq əməyinin istismarı üzrə “dünya lideri” kimi təqdim edilib, qlobal ictimai rəyin hədəfinə çevrilib. Uşaq əməyinin istismarı bütün Afrika dövlətləri üçün xarakterikdir. Amma hesabatda vurğu Kongonun üzərinə qoyulub. Təcrid siyasəti Konqonu əzib- sındırır. Kredit məhrumiyyəti, maliyyə sıxıntıları, risklər çoxalır. Nəticədə Kongo öz siyasətində korrektələr etməyə, daha doğrusu, ABŞ-a münasibətini dəyişməyə məcbur olur. Konqo ABŞ-ın çətiri altına keçir. Ölkənin mədən sənayesi transmilli şirkətlər üçün açıq elan edilir. ABŞ-a məxsus şirkətlər 21-ci əsrin strateji məhsulu- kobaltın istehsalı üzərində pay sahibinə çevrilir. 2019-cu ildə ABŞ-ın peyk təşkilatları tərəfindən ən sərt ittihamla qınanılan, əzilib sındırılan Konqo 2021-ci ildə ABŞ prezidentinin təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alır.

Analitik materialları izlədikcə bəlli olur ki, Cozef Baydenin Afrikadan “demokratiya sammiti”nə dəvət etdiyi digər 18 dövlətin hər birində ABŞ-ın kəsişən maraqları var.

Çinin Cibuti və Keniyada hərbi iştirakını genişləndirməsi aranı qatıb

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun ( SIPRI) hesabatlarında göstərilir ki, Çin son 10 il müddətində Afrika dövlətlərinin müdafiə sisteminə daxil olub, Afrika üçün əsas silah ixracatçılarından birinə çevrilib. Hazırda qitə dövlətlərinin silahlı qüvvələrinin 2/3-i Pekinin istehsal etdiyi hərbi texnikadan istifadə edir. Bu sırada piyadaların döyüş maşınları, hərbi təyyarələr, gəmilər və atıcı silahlar üstünlük təşkil edir. SIPRI qeyd edir ki, Afrikanın silah bazarında Çinin payı on il əvvəl 12 faiz idisə, 2020-ci ildə iki dəfə artaraq 26 faizə çatıb.

İndi Çin ABŞ-dan sonra qitə dövlətləri üçün ikinci silah ixracatçısıdır. Uqanda, Keniya və Cənubi Sudan Afrika qitəsində Çindən ən çox silah alan dövlətlərdir. Afrika müdafiə bazarı Çinin son beş ildə silah ixracatının təxminən 25 faizini təşkil edir. Bu baxımdan qitə Çin üçün vacib məkandır.

Cibuti Afrikanın vacib dövlətlərindən sayılır. Çünki planetin marşrut damarlarından biri hesab edilən Süveyş kanalı yaxından keçir. Xammal mənbələrindən kasad olan Cibuti məhz strateji-coğrafi mövqeyindən istifadə edərək önəmini artırır.

Çin Afrikanın bu vacib ölkəsində hərbi bazaya malikdir. Düzdür, qeyd edilən baza birgə təlimlər, xaricdə işləyən Çin vətəndaşlarının təxliyəsi, fövqəladə xilasetmə əməliyyatları, strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi sahəsində töhfə vermək missiyası daşıyır. “Digər ölkələrin hərbi bazaları Afrikaya sadəcə qoşun yeridir, hərbi təlimlər keçirlərsə, Çinin hərbi bazası onlardan fərqli olaraq logistika funksiyalarını yerinə yetirir”-deyir Çin analitikləri.

Amma istənilən halda ABŞ məsələyə fərqli kontekstdən yanaşır, qitədə şəriksiz lider olmaq istəyir. Çin Afrikanın digər strateji ölkəsində- quru, su, hava yollarına malik olan Keniyada da baza yaratmaq istəyir. Onun bu istəyi ortaya çıxandan sonra ara qarışıb, ABŞ ciddi narahatlıq keçirib. Rəsmi Pekin Keniyada planlaşdırdığı bazanı logistik obyekt kimi təsvir etsə də, ABŞ fərqli düşünür. Keniya bazası Çinin Afrikada ilk dəniz hərbi obyekti funksiyasını icra edəcək, ABŞ daxil olmaqla super güclərə qarşı durmaq üçün hərbi logistika rolunu oynayacaq. Çin Afrikanı həm də öz iqtisadiyyatını genişləndirmək üçün xammal mənbəyi qismində görür.

ABŞ Çinin Keniyada hərbi baza yaratmaq, əlavə olaraq iqtisadi və investisiya əlaqələrini genişləndirmək iddiası ilə bağlı həyəcan təbili çalır. ABŞ strateqləri deyirlər ki, Amerikanın qlobal seçimlərini məhdudlaşdırmaq üçün Çin özünün bazalarını artırır. İndi Çin özünün qlobal logistika şəbəkəsi və hərbi obyektləri ilə ABŞ-ın maraq məntəqələrinə müdaxilə edə, bu istiqamətdə əməliyyatları dəstəkləyə bilər.

Sonra nələr olacaq?

Analitiklər qeyd edirlər ki, Çinin qlobal güc mərkəzi olaraq nüfuzunun artması, təsir imkanlarının genişlənməsi, Rusiyanın qlobal oyunçu qismində yeni rıçaqlara sahiblənməsi, Türkiyənin əlahiddə güc mərkəzi formalaşdırması dünya düzənini dəyişir. Proses ABŞ-ın əleyhinə işləyir. O, nəinki dünyanın super gücü olmaq statusunu itirir, ümumiyyətlə, perspektivi şübhə altına düşür. ABŞ müqavimət göstərir, prosesi durdurmağa, geri çevirməyə çalışır. Müttəfiqlərini saf-çürük edir. Prinsipial olanları ətrafında sıx birləşdirir. Tərəddüdlü olanlara qarşı təzyiqləri artırır. “Demokratiya sammiti” onun siyasətinə boyun əyənlərin toplantısıdır. Boyun əyməyənləri isə hədələyir, şantaj edir.

“Reuters” xəbər verir ki, Ağ Ev bir sıra dövlətlər və siyasətçilərə qarşı yeni sanksiyalar proqramı hazırlayıb. Rəqiblərinə təzyiq elementi kimi bu sanksiyaları geniş çevrədə tətbiq edəcək. Qeyd olunur ki, Cozef Bayden qarşıdan gələn sammit çərçivəsində iştirakçı dövlətləri yeni sanksiyalara qoşulmağa razı salacağına ümid edir. Rəqiblər bu təhdidlərə duruş gətirə biləcəklərmi?

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin dekabrın 1-də keçirdiyi brifinqdə deyib: “Demokratiya sammiti dünyanı yenidən iki düşərgəyə bölmək üçün quraşdırılmış təhlükəli oyundur. Demokratiya sammiti ölkələr arasında birliyə və əməkdaşlığa töhfə vermir, sülh və sabitliyə yol açmır. Əksinə, dünyada parçalanma və qarşıdurmaya səbəb olan açıq təfriqə, qarşıdurma yaradır”.

Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Yeganə Hacıyeva, politoloq