Azərbaycanda ötən il ərzaq alışı ilə bağlı sifariş yerləşdirmiş dövlət qurumlarının sayı açıqlanıb

2025-ci il mövsümündə 117 dövlət təşkilatı ərzaq alışı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin tedaruk.az saytında sifariş yerləşdirib.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, 2026-cı il mövsümü üçün saytda təklif yerləşdirmək üçün 261 növ ərzaq və qida məhsulu nəzərdə tutulub. Heç bir məhsul növünə əlavə üstünlük verilməyib, məhsullar dövlət satınalan təşkilatların təlabatı əsasında müəyyənləşdirilir. Bütün kiçik və orta fermerlər portalda qeydiyyatdan keçib öz təkliflərini yerləşdirə bilərlər. Bütün proseslər elektron formada həyata keçirildiyi üçün internete çıxış vacibdir. Regionlarda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) dəstəyindən yararlanmaq olar. Məhsullar üçün maksimum satış qiymət həddi müəyyən olunub, bu çərçivədə qiymət sərbəstdir, satıcı və fermer aşağı qiymət verməkdə sərbəstdir. Qiymətlər Dövlət Statistika Komitəsinin təqdim etdiyi qiymətlərə əsasən müəyyən olunur, yəni Komitənın əvvəlcədən təyin etdiyi maksimum qiymətlər nəzərə alınır. Bu qiymətdən yüksək təklif vermək mümkün olmur, aşağı təklif vermək isə fermerin öz seçimidir.

Ötən il 306 fermer, istehsalçı və satıcı qeydiyyatdan keçib, təklif yerləşdirmiş fermer, istehsalçı və satıcının əksəriyyəti ilə müqavilə bağlanılıb. Sifariş və təklif bütün respublika üzrə qeydə alınır. Məhsulun keyfiyyəti və vaxtında çatdırılması dövlət satınalan təşkilatlar üçün ən çox diqqət edilən amillərdəndir. Cari ildə portalda qeydiyyatı olan iştirakçıların təxmini 80 %-i növbəti il üçün təkrar qeydiyyatdan keçirlər.

Tedaruk.az portalı Azərbaycanda dövlət qurumlarının və müəssisələrinin ərzaq məhsullarına dair tələbatlarını vahid elektron sistem üzərindən bəyan etməsinə, eləcə də bu tələbatların yerli təchizatçılar, istehsalçı və fermerlər tərəfindən qarşılanmasına şərait yaradan innovativ platformadır. Portal satınalmaların şəffaflığı, hesabatlılığı və effektivliyini artırmaq məqsədi daşıyır. Ötən il tedaruk.az portalında aparılan əməliyyatlarda ümumi dövriyyə zamanı dövlət vəsaitinə 7,1 % qənaət edilib.

Sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan təşkilatların 2026-cı il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.

Məlumata görə, elektron portal vasitəsilə ərzaq məhsullarını satmaqda maraqlı olan istehsalçılar, fermerlər və satıcılar sistemə “ASAN LOGIN” üzərindən "ASAN İmza" vasitəsilə daxil ola bilərlər. "ASAN İmza" yalnız VÖEN hesabına bağlı olduğu halda keçərlidir.

AzNews.az