Azərbaycan-Yaponiya enerji əməkdaşlığından rəqəmsal və innovativ sahələrə genişlənən perspektivlər - ŞƏRH

Azərbaycan və Yaponiya arasında keçirilən iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası, eləcə də Yaponiya–Azərbaycan İqtisadi Komitəsinin görüşü iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. SOCAR prezidenti Rövşən Nəcəf və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada tərəfindən imzalanan protokollar həm dövlət, həm də özəl sektor nümayəndələrinin iştirakı ilə geniş əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyini nümayiş etdirdi. İclasda ikitərəfli münasibətlərin 33 illik tarixi fonunda əldə olunmuş nəticələr vurğulandı və yeni istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edildi.

Azərbaycan və Yaponiyanın iqtisadi əlaqələrinin təhlili göstərir ki, bu tərəfdaşlıq əsasən enerji sektoru üzərində qurulub. Yaponiya şirkətləri uzun illərdir “Azəri–Çıraq–Günəşli” yataqlarında və Bakı–Tbilisi–Ceyhan boru kəməri layihəsində mühüm iştirakçıdır. Bu, Yaponiya üçün enerji təhlükəsizliyinin diversifikasiyası, Azərbaycan üçün isə stabil xarici investorların cəlb olunması baxımından strateji əhəmiyyət daşıyır. İclas zamanı bərpaolunan enerji və dekarbonizasiya istiqamətlərində əməkdaşlığa diqqət ayrılması qlobal trendlərə tam uyğundur. Çünki dünyanın ən böyük sənaye dövlətlərindən biri olan Yaponiya “yaşıl keçid”i prioritet kimi görür və bu sahədə qabaqcıl texnologiyalara sahibdir. Azərbaycanın günəş və külək enerjisi potensialı ilə Yaponiyanın texnologiya imkanlarının birləşməsi yeni sinerji yarada bilər.

Tranzit imkanları da danışıqlarda xüsusi vurğulandı. Azərbaycanın Orta Dəhlizdə artan rolu, Ələt Beynəlxalq Ticarət Limanı, dəmir yolu xətləri və hava limanları ilə dəstəklənən logistika infrastrukturunun inkişafı Yaponiya şirkətlərinə Avrasiya bazarlarına çıxışda yeni yollar açır. Bu, xüsusilə Yaponiyanın “Asiyadan Avropaya” strateji nəqliyyat siyasəti ilə üst-üstə düşür. Qlobal bazarda təchizat zəncirlərinin qırılma riskləri artdığı üçün etibarlı tranzit körpülərinə tələbat daha da yüksəlib və Azərbaycan bu baxımdan mühüm mövqe tutur.

İclasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və quruculuq layihələrinin də diqqət mərkəzində olması təsadüfi deyil. Bu ərazilərdə infrastrukturun sürətlə bərpası, “yaşıl enerji zonası” konsepsiyasının tətbiqi və biznes üçün yaradılan güzəştlər Yaponiyanın investisiya baxımından maraq göstərə biləcəyi sahələrdir. Yaponiya şirkətlərinin müasir texnologiya və idarəetmə təcrübəsi bu layihələrin keyfiyyətli və dayanıqlı icrasına əlavə dəyər gətirə bilər.

Bundan əlavə, innovasiya və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın genişləndirilməsi müzakirələrin digər mühüm istiqaməti idi. Yaponiya süni intellekt, avtomatlaşdırma və yüksək texnologiyalar sahəsində dünya liderlərindəndir. Azərbaycanın isə sürətlə inkişaf edən rəqəmsal infrastrukturu, texnoparkları və gənc startap mühiti var. Bu iki potensialın birləşməsi regionda rəqəmsal iqtisadiyyatın güclənməsinə xidmət edə bilər.

Yaponiya ilə münasibətlər sadəcə iqtisadi deyil, həm də mədəni və ictimai ölçülərlə güclənir. Azərbaycanın Osakada keçiriləcək EXPO sərgisində milli pavilyonla iştirak edəcəyi açıqlaması bu əlaqələrin çoxşaxəli inkişafına xidmət edən faktorlardandır. Belə platformalar yalnız biznes əməkdaşlığını deyil, həm də ölkələrin qarşılıqlı imicini möhkəmləndirir.

Ümumilikdə, imzalanan protokollar və memorandumlar iqtisadi əlaqələrin sistemli şəkildə genişləndirildiyini göstərir. Əgər əvvəllər əsas diqqət enerji sahəsinə yönəlirdisə, hazırda əməkdaşlıq kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, rəqəmsal texnologiyalar və innovativ sahələri də əhatə edir. Bu isə iqtisadi tərəfdaşlığın daha dayanıqlı və uzunmüddətli xarakter almasına şərait yaradır. Qlobal reallıqlar fonunda Azərbaycan–Yaponiya münasibətlərinin güclənməsi təkcə ikitərəfli səviyyədə deyil, həm də regional iqtisadi inteqrasiyada yeni imkanlar açır.

Nuray,

Aznews.az