- İşin içi
- 21 Oktyabr 21:00
- 1 421
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yeni mərhələ - ŞƏRH

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yük axınının artması Xəzər hövzəsində yeni dəniz nəqliyyatı infrastrukturuna tələbatı ön plana çıxarıb. Bu tələbatın cavabı olaraq “Baku Shipyard” tərsanəsində “Samruk-Kazyna” fondunun törəmə şirkəti “Kazmortransflot” (KMTF) və Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi Ports” (ADP) şirkəti üçün iki konteyner gəmisi istehsal ediləcək. 2027-ci ilə qədər tikiləcək bu gəmilər KMTF və ADP-nin birgə müəssisəsi olan CIMC-yə təhvil veriləcək. Layihə həm Azərbaycanın gəmiqayırma potensialını, həm də Transxəzər marşrutunun strateji dəyərini artırmaq məqsədi daşıyır.
Son illərdə TBNM üzrə yükdaşımaların sürətlə artması region ölkələri üçün bu dəhlizin iqtisadi və geosiyasi əhəmiyyətini daha da möhkəmləndirib. 2024-cü ildə marşrutla daşınan yüklərin həcmi 4,5 milyon tona çataraq tarixi maksimum qeydə alınıb. Qazaxıstan tərəfi isə illik ixrac potensialını 10 milyon tona qədər artırmağı planlaşdırır. Bu dinamika Xəzər dənizi boyunca daşıma gücünün və liman-logistika imkanlarının genişləndirilməsini zəruri edir. Yeni konteyner gəmilərinin inşası bu mənada marşrutun texnoloji və infrastruktur bazasının möhkəmləndirilməsinə yönəlmiş strateji addımdır.
Qlobal konteyner daşımaları bazarında Xəzər dənizinin rolu hazırda məhdud olsa da, Avropa-Asiya ticarət xətləri arasında geoiqtisadi reallıqlar dəyişdikcə bu akvatoriyanın əhəmiyyəti artmaqdadır. Xüsusilə Rusiya marşrutlarının məhdudlaşdırılması fonunda Mərkəzi Asiyadan Avropaya gedən yüklərin bir hissəsi alternativ marşrut kimi Transxəzər dəhlizinə yönəlir. Azərbaycanın bu prosesdə oynadığı rol sadəcə tranzit ölkə statusunu aşır və ölkəni regional nəqliyyat-logistika mərkəzinə çevirir. “Baku Shipyard”ın bu layihədə iştirakı Azərbaycanın sənaye və texnoloji imkanlarının real göstəricisidir, çünki gəmilərin tam şəkildə yerli istehsal şəraitində inşası mühəndislik və texnoloji təcrübənin artırılmasına şərait yaradacaq.
Suya oturumu az olan, 500 TEU-dan çox yükgötürmə qabiliyyətinə malik bu gəmilər TBNM-in effektivliyini artıracaq. Bu, həm də yük dövriyyəsinin mövsümi dəyişkənliyinə və dəniz səviyyəsindəki fərqlərə uyğun çevik daşımaları mümkün edəcək. Praktiki olaraq bu layihə Xəzər dənizində daşımaların optimallaşdırılmasına, tranzit müddətlərinin azaldılmasına və xərc strukturunun səmərələşdirilməsinə gətirib çıxaracaq. Gəmilərin istismara verilməsi ilə Azərbaycan, Qazaxıstan və digər region ölkələri arasında dəniz nəqliyyatı əlaqələrinin intensivliyi əhəmiyyətli dərəcədə artacaq.
TBNM-in inkişafı həm də rəqəmsal inteqrasiya ilə paralel aparılır. Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi barədə Azərbaycan və Qazaxıstan arasında razılaşma bu marşrutun yalnız fiziki deyil, rəqəmsal tranzit dəhlizinə çevrilməsi istiqamətində mühüm mərhələdir. “Kazakhtelecom” və “Azertelecom” şirkətlərinin operatorluğu altında reallaşan bu layihə gələcəkdə məlumat ötürülməsi, logistik idarəetmə və nəqliyyat marşrutlarının sinxronlaşdırılması baxımından mühüm infrastruktur sinerjisi yaradacaq.
Tənzimlənən və planlı şəkildə genişlənən bu əməkdaşlıq modeli regionda dayanıqlı iqtisadi tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın təşəbbüskarlığı və institusional imkanları, Qazaxıstanın resurs bazası və Birləşmiş Ərəb Əmirliklərinin investisiya potensialı birlikdə Xəzər nəqliyyat sisteminin yeni iqtisadi ekosistemini formalaşdırır. Gələcəkdə bu model digər sahələrdə, o cümlədən enerji və logistika xidmətlərində də sinerji effekti yarada bilər.
Nəticə etibarilə, “Baku Shipyard”da inşa olunacaq konteyner gəmiləri təkcə bir sənaye layihəsi deyil, həm də Transxəzər marşrutunun dayanıqlı inkişafı, Azərbaycanın texnoloji imkanlarının və beynəlxalq tərəfdaşlıq modelinin reallığa çevrildiyi konkret nümunədir. Bu proses regionun iqtisadi təhlükəsizliyinə, nəqliyyat müstəqilliyinə və qlobal ticarət inteqrasiyasına mühüm töhfə verəcək.
Nuray,
Aznews.az