ADB: Orta Dəhlizin potensialının üzə çıxarılması sərhədlərarası fintexin inkişafını sürətləndirəcək

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) potensialının üzə çıxarılması transsərhəd fintexin inkişafını stimullaşdıra, ticarət axınlarını artıra və iqtisadi inteqrasiyanı dərinləşdirə bilər.

Aznews.az xəbər verir ki, dəhlizin rəqəmsallaşdırılması üçün transsərhəd məlumat mübadiləsi və rəqəmsal infrastrukturun idarə edilməsi üzrə razılaşdırılmış sazişlər tələb olunur. Bu sazişlər vaxtlı-vaxtında əlaqələndirmə və sektorlararası yanaşma ilə dəstəklənməlidir.

ADB qeyd edir ki, lisenziyaların qarşılıqlı tanınması mühüm rol oynayacaq və transsərhəd ticarət maliyyələşdirilməsi və açıq bankçılıq sahəsində "mBridge" və "Aperta" layihələri çərçivəsində tətbiq olunan yanaşmalarla əlaqələndirilə bilər. Hər iki layihə Gürcüstanın iştirakı ilə həyata keçirilir.

Bank hesab edir ki, TBNM ölkələri - Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Türkiyə arasında fintex əsaslı regional əməkdaşlıq CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı) çərçivəsində daha geniş kontekstdə maliyyə infrastrukturunun yeni elementi ola bilər.

"Orta Dəhliz konsepsiyası zamanla regiondakı digər ölkələr üçün cəlbedici fintex təklifinə çevrilə bilər. Orta Dəhliz boyunca fintex əsaslı regional əməkdaşlıq potensialı hətta sərhədlərarası fintex əməkdaşlığının real nəticələrinə şübhə ilə yanaşan dövlətlər üçün belə maraqlı ola bilər", - hesabatda qeyd olunur.

Bankın qiymətləndirmələrinə görə, Orta Dəhlizin yol xəritəsi çərçivəsində fintex əsaslı amillərin və tədbirlərin müəyyənləşdirilməsi sərhədlərarası tənzimləyici "sandbox"un yaradılması, cəlb edilmiş regional tənzimləyicilərin dairəsinin genişləndirilməsi və müvafiq regional forumlar vasitəsilə açıq bankçılığın ümumi prinsiplərinin təşviqi üçün başlanğıc nöqtəsi ola bilər.