İranda "riyal" üsyanı: Dollar yüksəlir, rejim çökür

İranda milli valyuta olan riyalin ABŞ dolları və avro qarşısında tarixi minimum səviyyəyə enməsi ölkə üzrə kütləvi etirazlara yol açıb. Bazar günü dolların 1,42 milyon riyala, avronun isə 1,7 milyon riyala yaxınlaşması fonunda esnaf satışları dayandıraraq etiraz aksiyalarına başlayıb.

Tahranla yanaşı İsfahan, Şiraz, Əhvaz və Məşhəd şəhərlərinə yayılan etirazlara polis qüvvələri tərəfindən sərt müdaxilə edilib. Aksiyaların üçüncü günündə universitet tələbələrinin də etirazçılara qoşulması sosial gərginliyi daha da artırıb.

İran Prezidenti Məsud Pezeşkiyan baş verənlərlə bağlı təmkin çağırışı edərək, etirazçıların nümayəndələri ilə dialoq qurulması üçün göstəriş verdiyini bildirib. Prezident vurğulayıb ki, əhalinin iqtisadi çətinlikləri hökumətin əsas prioritetlərindən biridir və mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcək.

İqtisadi vəziyyətin daha da pisləşə biləcəyi ilə bağlı narahatlıqlar fonunda etirazların yaxın günlərdə də davam edəcəyi istisna edilmir.

Mövsüm