Deputat: "Kibercinayətkarlıqla mübarizə normaları və sanksiyalar sərtləşdirilməlidir"

Azərbaycanda kibercinayətkarlıqla mübarizə normaları və sanksiyalar sərtləşdirilməlidir.

Aznews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, son illər informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, xüsusilə süni intellektin yaranması ilə şəxsi məlumatların oğurlanması halları da artıb: "Bir çox hallarda həmin məlumatlardan istifadə etməklə insanlar şantaj olunur və bu ciddi mənəvi-psixoloji sarsıntılara yol açır. Mən özüm gənclikdə cəzaların sərtləşdirilməsinə qarşı olmuşam. Ancaq hansısa cinayətlərin sayında ciddi artım müşahidə olunursa, o zaman müvəqqəti olaraq cəzaların sərtləşdirilməsi zərurəti yaranır və bütün dünyada belə edirlər. Ona görə də cəzalara yenidən baxmalıyıq".