- Köhnə - İqtisadiyyat
- 21 Noyabr 2016 17:18
- 6 615
Taleh Ziyadov Azad Ticarət Zonasından - Danışdı (Fotolar)
2016-cı ilin 9 ayı ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də göstərilən bütün xidmətlər üzrə artım müşahidə olunub.
AzNews.az xəbər verir ki, bu barədə jurnalistlərə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov məlumat verib. Onun sözlərinə görə, ən böyük artım iri həcmli nəqliyyat vasitələrində (TIR), o cümlədən qoşqu və digər avrotexnikanın daşınması üzrə qeydə alınıb:
"Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 41% artaraq 3.25 milyon tona çatıb. Yükaşırmanın 86.6%-i tranzit yükaşırmanın payına düşüb.
Son doqquz ayda Bakı Limanı vasitəsilə 16255 ədəd iri həcmli nəqliyyat vasitələri və digər avrotexnikanın aşırılması həyata keçirilib".
Taleh Ziyadov yaradılacaq Azad Ticarət Zonasının işləri barədə də bəhs edib. O bildirib ki, 2018-ci ilin ilk yarısında bu zonanın işə başlaması aktual ola bilər: "Azərbaycanın sərhədləri və daxili quru limanlarından fərqli olaraq, yeni Azad Ticarət Zonası (ATZ) Azərbaycan vasitəsilə beynəlxalq qarışıq daşınma və Avropa-Asiya tədarük zəncirlərində aparıcı rol oynayacaq. Azad Ticarət Zonasında müxtəlif sahələr mövcud olacaq. Əsasən anbarların, əlavə dəyər yaradacaq sahələrin, neft-kimya və əczaçılıq sahələrinin, eyni zamanda kiçik istehsalatla məşğul olan sahələrin yaradılması planlaşdırılır. Bu, daha çox regional miqyasda olmalıdır. Yəni, təkcə Azərbaycan üçün yox, Avrasiya üçün yaradılması nəzərdə tutulur. Bunun üçün buraya böyük şirkətlər cəlb olunmalıdır".
Baş direktor bildirib ki, Azərbaycanda Azad ticarət zonasının yaradılması "Made in Azerbaijan" brendinin inkişafına və tanıdılmasına böyük təkan verəcək:
"Bildiyiniz kimi, Azərbaycan xam maddəni ixrac edir. Biz istəyərdik ki, xam maddələr bu zonada bəlli prosesi keçdikdən sonra patenləşdirilərək "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə çıxsın."
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il 17 mart tarixli Sərəncamı ilə yeni Bakı Limanı (Ələt terminalı) və ətrafında azad ticarət zonasının yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Aydan AXUNDOVA