- Köhnə - İqtisadiyyat
- 4 Yanvar 2018 11:56
- 9 157
2018-ci ildə manatı nə gözləyir? - Ekspert şərhi

“Bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq”.
AzNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov 2018-ci ildə manatın dollara nisbətdə məzənnəsinin möhkəmlənməsini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Maliyyə naziri manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib: “Bir müddət öncə isə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar təşkilatı tərəfindən bu ay keçirilən sorğu və hazırlanan hesabatda Azərbaycan milli valyutasının dollara nisbətən kursunun 2018-ci ildə 1.59-dək yüksələcəyi qeyd olunmuşdu. Mərkəzi Bankın mövqeyi dəyişməyib: əgər qlobal şoklar baş verməzsə, o zaman 2018-ci ildə ildə manat dəyərini itirməyəcək. Baş bankda bu şokların nə olduğu açıqlanmasa da, təbii ki, söhbətin neftin qiymətindən getdiyini təsəvvür etmək çətin deyil. Bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq. Amma bütün hallarda manatın yenidən möhkəmlənməsi qeyri-neft ixracatı və iqtisadiyyatın diversifikasiyası baxımdan arzuolunan deyil. Buna görə də mövcud məzənnəni qoruyub saxlamaq iqtisadi baxımdan daha məntiqi olardı”.
Vüqar Bayramov qeyd edib ki, Mərkəzi Bank manatın yenidən kəskin möhkəmlənməsində maraqlı görsənmir:
“Baş bank üçün mövcud məzənnəni qoruyub saxlamağın daha prioritet olduğu hiss edilir. Əslində, hökumətə təqdim etdiyimiz təkliflərdə manatın möhkəmlənməsi deyil, mövcud məzənnənin qorunub saxlanması və bunun müqabilində 2015-ci ildə hazırladığım “üç tərəfli” mexanizm əsasında xarici valyutada kreditləri olan vətəndaşlarımıza bu il kompensasiyaların verilməsi öz əksini tapıb. Bu, bir tərəfdən, Azərbaycan qeyri-neft məhsullarının rəqabətqabiliyyətliliyinin qorunub saxlanmasına gətirib çıxarar, digər tərəfdən isə problemli kreditlərin sağlamlaşdırılması, əhalinin banklara olan borc öhdəliyinin kəskin azaldılması baxımdan ciddi irəlləyişə səbəb olar. Builki məzənnəyə bir daha toxunsaq, manatın yenidən möhkəmlənməsi iqtisadiyyatın şaxələnməsi ilə bağlı prioritetlər baxımdan arzuolunan olmasa da, son qərarı Mərkəzi Bank deyəcək. Baş bank isə hələlik milli valyutanın möhkəmlənməsində maraqlı görsənmir”.
Bahar RÜSTƏMLİ
AzNews.az