Türkiyədə TANAP layihəsinin açılış mərasimi keçirildi - Fotolar + Video (Yenilənib)

Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi başlayıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak ediblər.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib ki, Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) qardaşlığa sərmayədir: "TANAP fəal enerji siyasətlərinin əksidir. Bu layihə maddi və xüsusilə mənəvi baxımdan dəyərlidir, 100 ilin layihəsidir. Bu həm də qardaşlığa sərmayədir. İki dövlət, bir millət deyimi sərhədləri aşır. TANAP iki ölkənin gələcəyə buraxacağı ən böyük mirasdır. TANAP enerji təhlükəsizliyinə böyük töhfə verəcək".

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bu gün TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: "TANAP Türkiyə-Azərbaycan qardaşlığının növbəti zəfəridir. Əgər bu qardaşlıq olmasaydı, layihə kağız üzərində qala bilərdi. Bu layihə tarixi layihədir. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bölgəmizə sabitlik gətirir, xalqlara fayda verir. Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) enerji məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. TANAP nəhəng Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. İki həftə öncə Cənub Qaz Dəhlizinin açılışı həyata keçirilib. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP. Dörd layihənin 3-u yekunlaşıb. TAP-ın icra faizi 72%-dir. İnanıram ki, TAP da iki ilə yekunlaşacaq. Beləliklə, Avropanın ən böyük infrastruktur layihəsi icra olunmuş olacaq. Bu tarixi nailiyyət imkan verəcək ki, Azərbaycan qazı qısa yolla, təhlükəsiz yolla Avropaya çatdırılsın”.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı qeyd edib ki, TANAP Türkiyəyə və region ölkələrinə mühüm imkanlar bəxş edən, güc və potensialı yüksək bir layihədir: "Bu gözəl hadisənin Türkiyə və Azərbaycana və bütün insanlığa xeyirli olmasını arzulayıram. Türkiyənin coğrafi mövqeyi onu Şərqin zəngin ehtiyatlarını nəql edən ideal bir enerji mərkəzi halına gətirib. Bu məkan bəşəriyyətə xidmət edən bir əməkdaşlıq xəttinə çevrilib".

Serbiya Prezidenti Aleksandr Vuçiç vurğulayıb ki, TANAP mühüm layihədir: "Bu qaz boru kəmərini istifadəyə verməklə, ilk nöbbədə, Cənub-şərqi Avropada çox mühüm bir addım atmış oluruq. Eyni zamanda bu layihə Avropanın bu hissəsinin enerji təhlükəsizliyini təminat altına alır. Bütün bunlar bizim əməkdaşlığımızı dəstəkləyəcək. Serbiya bu cür layihələrə qoşulmağa böyük istək duyan bir ölkədir. TANAP regionun bütün ölkələrinin iqtisadiyyatına çox böyük töhfə verəcək".

Ukrayna Prezidenti Petro Poroşenko bildirib ki, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin işə düşməsi Azərbaycan, Türkiyə, Avropa İttifaqı ölkələri və Ukrayna üçün vacib bir məqamdır: "Cənub Qaz Dəhlizinin vacib bir hissəsi olan bu layihə iki böyük liderin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin səylərini birləşdirməsi hesabına həyata keçirilib və bununla da Avropa İttifaqının enerji təhlükəsizliyi təmin olunub. Bu, Ukraynanın enerji daşıyıcılarının şaxələndirilməsi üçün də önəmlidir. Ukrayna bu layihəyə tam dəstək verir. Ölkəmiz bu layihədən yararlanmaq üçün addımlar atacaq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu gün bölgə və ölkə üçün tarixi bir addım atılır: "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik. Bu layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan, eləcə də şirkətlər arasında mövcud olan möhkəm əlaqələr, etibar sayəsində mümkün olub: “Bu nəhəng layihənin planlaşdırılan tarixdən öncə həyata keçirilməsində əməyi keçənləri təbrik edirəm. Prezident İlham Əliyevə göstərdiyi liderliyə görə təşəkkür edirəm".

***

18:58

AzNews.az Apa-ya istinadən xəbər verir ki, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Bolqarıstanın baş naziri Boyko Borisov, BP şirkətinin baş icraçı direktoru Robert Dadli və müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak edir.

Xatırladaq ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. TANAP layihəsi “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

Qeyd edək ki, TANAP layihəsinin Gürcüstan-Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə birləşməsi, Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” saziş 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilib. TANAPlayihəsi təbii qazın “Şahdəniz” və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.