TAP-la əlaqədar bu ölkələrlə yeni sənədlər imzalanacaq

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin operatoru olan TAP AG şirkəti ilə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece-Bulgaria - IGB) arasında bir sıra yeni sənədlər imzalanacaq.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sənədlər iyunun 29-da Sofiyada keçiriləcək Mərkəzi və Cənub-Şərqi Avropada Qazötürücü Şəbəkənin İnşası (CESEC) üzrə yüksək səviyyəli qrupun beşinci iclası çərçivəsində imzalanacaq.

İclasda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, enerji və iqlim dəyişikliyi üzrə avrokomissar Miguel Arias Cañete, Bolqarıstanın energetika naziri xanım Temenujka Petkova və digər rəsmi şəxslər iştirak edəcək.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan interkonnektoru Azərbaycanın “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazı Bolqarıstana çatdıracaq. Bolqarıstan bu kəməri ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. IGB qaz boru kəmərinin Şimal-Şərqi Yunanıstanın Komotini bölgəsində və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsində çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. 185 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var. 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.

Qeyd edək ki, TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub.