Nefti bahalaşdıran əsas amil

Neftin qiyməti geosiyası proseslər fonunda artır.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanına məxsus 2 neft tankerinin Qırmızı dənizdə Ənsarullah (Husilər) silahlı qruplaşmasının hücumuna məruz qalmasından sonra Bab-əl-Məndəb boğazından xam neft transferi müvəqqəti olaraq dayandırılıb. Bu da “qara qızıl”ın qiymətinin artmasına təsir edib.

Analitiklər fikrincə, Yaxın Şərqdə neft ixracındakı ləngimələr qlobal bazarda Liviya, Venesuela və İran kimi ölkələrdə də ixracda azalmalar olacağına dair narahatlıq doğurur.

ABŞ və Avropa İttifaqı arasındakı gərginliyin azalması ilə neftin qiymətindəki geriləmənin azalacağını qeyd edən ekspertlər ABŞ ilə Çin arasındakı “ticari savaş”ın da “qara qızıl”ın qiymətinə təsirsiz ötüşmədiyini bildirib.

Həmçinin ABŞ-ın neft ehtiyatlarının son 3,5 ilin ən aşağı səviyyəsinə enməsi qlobal bazarda qiymətin artırmasına təsir edən əsas faktorlardandır.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 74 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 69 dollardan baha satılır.

AzNews.az