“Bakıya gətiriləcək 300 avtobus...” - Elməddin Muradlının rəyi

“Vətəndaş pul verirsə yaxşı, komfortlu nəqliyyatdan istifadə etmək istəyir”.

Bunu AzNews.az saytına açıqlamasında nəqliyyat üzrə ixtisaslaşmış Avtosfer.az saytının Baş redaktoru Elməddin Muradlı prezident İlham Əliyevin Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncamına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Prezidentin imzaladığı bu sərəncamla Bakı üçün 300 avtobus alınmasına 47 milyon manat vəsait ayrılması ictimai nəqliyyat sahəsindəki problemlərin aradan qaldırılması məqsədinə xidmət edir: “Bakı Nəqliyyat Agentliyi yarandığı gündən bu günə əsas məqsədi sərnişinlərin rahat və təhlükəsiz daşınmasına çalışır. Əvvəllər sürücü amilini irəli çəkirdik, yəni “sürücülər peşəkar olmalıdır” deyirdik. Artıq bu sahədə Bakı Nəqliyyat Agentliyi müəyyən işlər görüb, onları təlimlərə cəlb edib. Lakin digər tərəfdən nəqliyyat vasitələri bu günkü standartlara cavab vermirdi. Ona görə də komfortlu avtobusların alınmasına lüzüm yarandı. Bəzi daşıyıcı şirkətlər açıq şəkildə etiraf edirlər ki, maddi cəhətdən yeni nəqliyyat vasitələrinin alınmasına imkanları yoxdur. Köhnə qaydalardan, Nəqliyyat Nazirliyinin dövründən qalan problemlərdən biri budur ki, əvvəl nəqliyyat vasitələrini kim necə istəsə, o cür sürürdü. Hətta köhnə, sınıq avtobusları da xəttə buraxırdılar. Yəni xüsusi nəzarətetmə mexanizmi yox idi. Amma indi Bakı Nəqliyyat Agentliyi maşrut xətlərinə, avtobuslara nəqliyyat mexanizmini gücləndirib, daşıyıcılar qarşısında şərt qoyur”.

Elməddin Muradlı hesab edir ki, Prezidentin sərəncamı ilə alınacaq 300 avtobus Bakı kəndlərinin nəqliyyat problemlərinin həllinə də böyük kömək olacaq: “Bakı kəndlərinə işləyən avtobusların sayı az idi və yaxud da çox bərbad vəziyyətdə idilər. Çünki şəhərin mərkəzindən yığışdırılan köhnə avtobuslar başlayırdı şəhər kənarı yerlərdə, qəsəbələrdə istiftadə olunmağa. Əgər söhbət avtobusun təhlükəli olmağından, istifdəyə yararsız olmağından gedirsə, nə əlaqəsi var onun şəhərin mərkəzində istifadə etdin, ya kənarında ? Yenə təhlükə qalırdı. Mən düşünürəm ki, bununla da həm Bakının özündə, həm də Bakı ətrafı ərazilərdə ictimai nəqliyyat sahəsində problemlər aradan qalxmış olacaq. Çünki vətəndaşlar daşınmaya pul verirlərsə yaxşı, komfortlu nəqliyyatdan istifadə etmək istəyirlər. Bu qarşılıqlı münasibətlər tənzimlənsin deyə prezident belə bir sərəncam imzaladı. Amma daşıyıcı şirkətlər də bu istiqamətdə hansısa addımlar atsalar, yaxşı olar. Dövlətin yükünü azaltmış olarlar”.

Səidə NURMƏMMƏDLİ
Aznews.az